Ölkə əhalisinin artmaması Avropada adi hal alıb. Köhnə qitənin bəzi dövlətlərində artım olsa da, cüzi dərəcəsi qeydə alınır. Azərbaycan da bu ölkələrin sırasına qoşulub. Əhali artımı bir az da yavaşlayıb.
Bizimyol.info bir müddət əvvəl ilin ilk yarısında doğum göstəricilərinin xeyli aşağı olması barədə yazmışdı. Orada qeyd olunmuşdu ki, 6 ay ərzində artım uzağı 11,5 min nəfər ola bilər. Çünki aylıq doğum göstəricisi 7 min nəfərə çatmır. Ölənlərin sayı isə 5 min nəfəri keçir. Son statistika da göstəricinin təxminən belə ola biləcəyini ortaya qoyub. Hətta ilin ilk yarısının statistikasında daha aşağı rəqəmlər görə bilərik. Görünür, ölənlərin sayı daha çox olur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk beş ayı ərzində ölkə əhalisinin sayı 9 min 287 nəfər artıb. Rəsmi hesabatda 0,1 faiz artım qeydi olsa da, əslində, göstərici bura çatmayıb. Əhalinin iyunun 1-nə olan ümumi sayı 10 milyon 271 min 638 nəfərdir.
Məlumata görə, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 50,2 faizini qadınlar, 49,8 faizini isə kişilər təşkil edir.
Göstərici təxmin olunandan da aşağıdır. Aylıq artım 1800 nəfərdən bir qədər çox olur. Əvvəlki illərlə müqayisə edəndə sürətin necə azaldığını müşahidə etmək mümkündür. 2000-ci ildən bəri illik artım göstəricilərini nəzərinizə çatdırırıq:
2000-ci il 70293
2001-ci il 65072
2002-ci il 64193
2003-cü il 64466
2004-cü il 82041
2005-ci il 89939
2006-cı il 96698
2007-ci il 98308
2008-ci il 99376
2009-cu il 99625
2010-cu il 112063
2011-ci il 122310
2012-cu il 119452
2013-cü il 118288
2014-cü il 114855
2015-ci il 111513
2016-cı il 102816
2017-ci il 86932
2018-ci il 81732
2019-cu il 85263
2020-ci il 50924
2021-ci il 35406
2022-ci il 62036
2023-cü il 52470
2024-cü il 43401
2025-ci il 36041
Göründüyü kimi, ölkəyə neft pullarının çox gəldiyi illərdə əhali artımı indeksi yüksəlib. Devalvasiyadan sonra isə azalma tendensiyası başlayıb. Son illərdə xüsusilə geriləmişik. Bu ildən heç danışmağa dəyməz. 2011-2012-ci illərdə əksər hallarda aylıq artım 10 min nəfəri keçirdi. İndi heç beş aya o göstəriciyə yetişmək olmur. Ölkə əhalisinin sayı 10,3 milyon nəfərə heç cür çatmır. Belə görünür, hələ gələn ilin sonuna qədər də alınmayacaq.
Aytən, Bizimyol.info






