Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidentinin Almaniya səfəri: Avropada strateji diplomatiya
Azərbaycan Prezidentinin Almaniya səfəri: Avropada strateji diplomatiya

Azərbaycan Almaniya ilə çox mühüm sənəd imzaladı. Bu sənəd "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" adlanır.

Bu Bəyannamə Azərbaycan-Almaniya xəttində hər iki tərəfdən qazanılmış ən böyük diplomatik uğur hesab oluna bilər. Çünki Almaniya təkcə Avropa İttifaqında deyil, bütövlükdə Avropada ən böyük iqtisadiyyatdır - 2025-ci ildə bu rəqəm 4,9-5 trilyon ABŞ dolları həcmindədir. Sonrakı yerləri Böyük Britaniya və Fransa tutur. Almaniya Avropa İttifaqında da Fransa ilə birlikdə lokomotiv rolunu oynayır. Almaniya iqtisadi baxımdan dünyada ABŞ və Çindən sonra üçüncü yerdə gəlir. Bu, Azərbaycan üçün çox böyük tərəfdaşlıq potensialı deməkdir.

Azərbaycanın xarici ticarətinin az qala 40-dən çoxunu Avropa İttifaqı ilə ticarət təşkil edir. Almaniyanın isə Aİ UDM-indəki payı 25 faizdir. Ancaq Azərbaycanın Aİ ilə ticarətində Almaniyanın payı cəmi 7 faizdir. Bu ölkənin Azərbaycanın xarici ticarətindəki payı isə cəmi 3 faizə yaxın olub. Bunlar 2025-ci ilin göstəriciləridir. 2026-cı ildə isə bu rəqəm artacaq. Çünki cari ildən Azərbaycan Almaniyaya qaz ixrac etməyə başlayıb.

Alman mediasının və və analitik mərkəzlərinin də materiallarında diqqət yetirilən əsas məqamlardan biri də budur - Azərbaycan Almaniyanın, bütövlükdə Avropanın enerji bazarında öz mövqelərini daha da möhkəmləndirir. Alman mediası yazır ki, illik 1,5 milyard kubmetr qaz tədarükü haqqında razılaşma var. Ümumiyyətlə, söhbət 10 illik kontraktdan gedir. Qərbi Asiyada - ABŞ və İsraillə İran arasında, İranla körfəz ölkələri arasında silahlı qarşıdurmalar və Rusiya-Ukrayna müharibəsinin daha şiddətli fazaya daxil olması artıq acı reallıqlardır. Hörmüz boğazında yaranmış vəziyyət də məlumdur. Bu kontekstdə Azərbaycanın Avropa enerji bazarında rolu artır. Azərbaycan Prezidenti Almaniya səfərində həm siyasi münasibətlərdə, həm enerji diplomatiyasında uğurlu gedişlər elədi. Bunu kimsə dana bilməyəcək.

Bəli, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardır. Ancaq indiki potensiala baxdıqda, bu, çox kiçik rəqəmdir. Artıq, dediyim kimi, bu ildən həmin göstərici sürətlə yüksələcək.

Səfərin siyasi tərəfinə diqqət etsək, Almaniya ilə imzalanan ikitərəfli Tərəfdaşlığ üçün Strateji Gündəlik haqqında birgə bəyannamədə ən diqqətçəkən məqamlardan biri odur ki, Almaniya Azərbaycanın Aİ ilə münasibətlərinə strateji dəstək verir. Bu, çox önəmli dəstək mesajıdır. Niyə?! Çünki Almaniya Aİ büdcəsinin 25 faizini təmin edir. Eyni zamanda Aİ rəhbər strukturunda ən çox say nisbəti ilə təmsil olunur. Avropa Parlamentində 96 deputat yeri Almaniyaya məxsusdur. Bu, AP-də bir ölkənin ala biləcəyi ən çox mandatdır.

Doğrudur, Azərbaycan AP ilə münasibətləri dayandırıb. Bu da həmin qurumun son beş ildə Azərbaycanın əleyhinə 13 qətnamə qəbul etməsi ilə bağlıdır. Xatırladım ki, bu faktı IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev özü söyləmişdi. O, Avropa Komissiyası, Avropa İttifaqı Şurası kimi strukturlarla münasibətlərin bərpa və inkişaf etdiyini, ancaq AP ilə, eləcə də, Avropa Şurası Parlament Assambleyası ilə əlaqələrin böhran keçirdiyini vurğulamışdı. Avropa İttifaqı, Avropa təsisatları ilə münasibətlərdə Azərbaycan differensial - praqmatik yanaşma nümayiş etdirir. Bununla da Ali Baş Diplomat adlandırdığım dövlət başçısı və onun diplomatiya komandası Avropada yenə də yüksək klass göstərmiş oldu.

Buna misal olaraq, sözügedən Birgə Bəyannamədə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarına dəstək ifadə olunur. Bəzi böyük dövlətlərin, o cümlədən, Cənubi Qafqazın qonşuluğundakı aktorların bu razılaşmalara susqunluq göstərdiyi, ya da dilucu münasibət bildirdiyi halda Almaniya bölgədə sülhə yüksək səviyyəli sənədlə dəstəyini göstərir.

Bu səfəri və imzalanan sənədləri uzun-uzadı incələmək və təhlil etmək olar, bu, həm də lazımdır. Yekun olaraq, onu deyə bilərik: Prezident İlham Əliyevin Almaniya səfərində aparılmış danışıqlar və imzalanmış sənədlər təkcə Azərbaycanın tarixində çox mühüm hadisələr kimi qalacaq. Bu, Azərbaycanın Avropa ilə, o cümlədən, Almaniya Federativ Respublikası ilə münasibətlərdə çox ciddi dönüş nöqtəsidir. Bu, strateji diplomatiyanın çox maraqlı və tərəflərə çox faydalı nəticəsi kimi yadda qalacaq. Əvvəlki dövrlərdə kimlərsə Avropanın pəncərəsini Azərbaycanın üzünə qapamaq qəflətinə düşmüşdü. İndi isə Avropa özü öz qapılarını Azərbaycan üçün taybatay açır. Bu, artıq danılmaz gerçəklikdir. Prezidentin yüksək səviyyəli qarşılanma mərasimində səslənən dövlət himnlərinin və təntənəli marşın hasar arxasından gələn qışqırıqları susdurması da ayrıca rəmzi xarakter daşıyırdı. Prezidentin köməkçisi Hikmət Hacıyevin davranışı da bu səslərin susdurulması baxımından çox maraqlı və kəsərli idi...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »