Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yumurtanın üzərindəki 0, 1, 2, 3 rəqəmləri nə deməkdir? AQTA-dan cavab
Yumurtanın üzərindəki 0, 1, 2, 3 rəqəmləri nə deməkdir? AQTA-dan cavab

Marketdən aldığımız yumurtaların üzərində yazılan kiçik rəqəmlərin izahı var.

Yumurtanın üzərində gördüyünüz 3 rəqəmi qəfəs sistemini ifadə edir. Bu toyuqlar bütün ömürlərini qəfəsdə keçirirlər. Yerə basa bilmirlər, torpağı eşələyə bilmirlər, bütün həyatlarını əziyyət içində yaşayırlar.

2 rəqəmi qəfəssiz quşçuluq sistemini göstərir. Bu sistemdə toyuqlar yerə basa bilir, hinin içində sərbəst hərəkət edir və yumurtlamaları üçün ayrılmış yuvaları olur.

Əgər yumurtanın üzərində 1 rəqəmini görürsünüzsə, bu, gəzən toyuq sistemidir. Bu sistemdə toyuqlar müəyyən vaxtlarda açıq havaya çıxa bilir, torpağa basmaq, gəzmək kimi təbii davranışlarını yerinə yetirmək imkanı əldə edirlər.

Sonda 0 rəqəmi isə üzvi (orqanik) istehsal sistemini ifadə edir. Bu sistemdə açıq havaya çıxışla yanaşı, orqanik yemdən istifadə kimi əlavə qaydalar da tətbiq olunur.

Yumurtaların üzərində gördüyünüz həmin kiçik rəqəmlər əslində toyuqların necə bir həyat yaşadığını bizə göstərir.

  • Yumurtaların üzərindəki 0, 1, 2 və 3 kodları bütün istehsalçılar üçün məcburidir?

    Bu kodların tətbiqinə nəzarət necə həyata keçirilir?

Yaranan suallarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə əsasən yumurtaların bu cür kodlarla markalanması tələbi nəzərdə tutulmayıb: “Ölkədə istehsal olunan və dövriyyəyə buraxılan yumurtaların markalanması qüvvədə olan qida təhlükəsizliyi və etiketləmə tələblərinə uyğun həyata keçirilməlidir. Məhsulun üzərində qanunvericiliklə müəyyən edilmiş məcburi məlumatlar tam və düzgün şəkildə göstərilməlidir. Ölkəmizdə istehsal olunan yumurtaların üzərindəki rəqəm və ya hərflər məhsulun kütləsindən asılı olaraq aid edildiyi kateqoriyanı müəyyənləşdirməyə imkan verir”.

Qərb ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində yumurtaların üzərindəki 0, 1, 2 və 3 kodları toyuqların saxlanma şəraitini ifadə edir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən isə yumurtaların bu cür kodlarla markalanması tələbi nəzərdə tutulmayıb”.

Həmçinin vurğulanıb: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yumurta istehsalı müəssisələrində və ticarət obyektlərində həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində məhsulların markalanması və etiketlənməsinin qüvvədə olan normativ tələblərə uyğunluğu yoxlanılır. Uyğunsuzluqlar aşkar edildiyi hallarda qanunvericiliyə müvafiq tədbirlər görülür”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »