Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsan beyni qeyri-müəyyənliyi sevmir” - Psixoloq danışdı
“İnsan beyni qeyri-müəyyənliyi sevmir” - Psixoloq danışdı

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimləri bu reaksiyaların elmi əsaslarını araşdırıblar. Tədqiqatçılar 2023-cü ildə Yaponiya və Cənubi Koreyaya təsir göstərən "Khanun” tayfunu zamanı hava proqnozları ilə insanların emosional reaksiyaları arasındakı əlaqəni təhlil ediblər.

Araşdırma çərçivəsində 613 meteoroloji müşahidə stansiyasından əldə olunan məlumatlar sosial şəbəkələrdə paylaşılan 43 mindən çox mesajla müqayisə edilib. Nəticələr göstərib ki, proqnozlar reallığı əks etdirmədikdə insanlar fərqli emosional reaksiyalar nümayiş etdirirlər.

Tədqiqata əsasən, yağıntının faktiki vəziyyətdən daha çox proqnozlaşdırıldığı qərb bölgələrində insanlar saatlarla mümkün fəlakət qorxusu ilə yaşayıblar. Bu ərazilərdə narahatlıq və psixoloji yorğunluq hissi üstünlük təşkil edib. Yağış yağmasa belə, gözlənti nəticəsində yaranan stress insanların emosional tükənməsinə səbəb olub.

Əksinə, yağıntının olduğundan az proqnozlaşdırıldığı şərq bölgələrində insanlar gözlənilmədən baş verən əlverişsiz hava şəraiti ilə üzləşərək çaşqınlıq, acizlik və utanc hissi keçiriblər. Alimlər bildirirlər ki, proqnozdakı səhvin xarakteri insanların reaksiyasına birbaşa təsir göstərir. (qaynarinfo)

  • Hava proqnozlarının doğru çıxmaması insanların psixologiyasına necə təsir edir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, hava proqnozu səhv olduqda qəzəb, narahatlıq meydana çıxa bilər: “Hava proqnozları insanların gündəlik həyatında qərarvermə prosesinə birbaşa təsir göstərir. İnsanlar səyahət, istirahət, iş görüşləri və digər fəaliyyətlərini hava ilə bağlı gözləntilər əsasında planlaşdırırlar. Buna görə də proqnozlarla real hava şəraiti arasında ciddi uyğunsuzluq yarandıqda bu, təkcə praktik narahatlıq deyil, həm də emosional reaksiyalar doğurur.

Psixoloji baxımdan insan beyni qeyri-müəyyənliyi sevmir və gələcəyi əvvəlcədən proqnozlaşdırmağa çalışır. Hava proqnozları da bu ehtiyacı qismən qarşılayaraq insanlarda nəzarət hissi yaradır. Lakin proqnoz səhv olduqda həmin nəzarət hissi zəifləyir, məyusluq, qəzəb, narahatlıq və ya stress kimi emosiyalar meydana çıxa bilər”.

Zeynəb Əyyubovanın sözlərinə görə, təhlükəli hava şəraitinin kifayət qədər proqnozlaşdırılmaması insanlarda çaşqınlıq və acizliklə nəticələnə bilər : “Xüsusilə güclü yağış, fırtına və ya digər təhlükəli hava hadisələri barədə xəbərdarlıqlar insanların təhlükə gözləntisini artırır. Əgər sonradan bu gözləntilər özünü doğrultmursa, insanlar yaşadıqları gərginliyin mənasız olduğunu düşünərək emosional yorğunluq hiss edə bilərlər. Bundan başqa təhlükəli hava şəraitinin kifayət qədər dəqiq proqnozlaşdırılmaması insanlarda hazırlıqsız yaxalanma hissi yaradır ki, bu da çaşqınlıq, acizlik və etimad itkisi ilə nəticələnə bilər”.

Psixoloqun fikrincə, əsas məqam insanların yalnız hadisəyə deyil, hadisə ilə bağlı gözləntilərinə reaksiya verməsidir: “Gözləntilərlə reallıq arasındakı fərq nə qədər böyük olarsa, emosional reaksiyalar da bir o qədər güclü olur. Bu səbəbdən hava proqnozlarının mümkün riskləri və ehtimalları balanslı şəkildə təqdim etməsi, həmçinin insanların proqnozlara mütləq nəticə kimi deyil, ehtimal xarakterli məlumat kimi yanaşması psixoloji gərginliyin azalmasına kömək edə bilər”.

Zeynəb Əyyubova əlavə edib: “Hava proqnozlarının dəqiqliyi təkcə meteoroloji məsələ deyil, həm də insanların emosional rifahına və psixoloji təhlükəsizlik hissinə təsir göstərən vacib amildir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »