Rəqəmsal ödəniş platforması "m10" istifadə qaydalarında dəyişiklik edib.
Yeniliklər İstifadə Qaydalarının "11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi" bölməsində öz əksini tapıb.
Bizimyol.info xəbər verir ki, ““m10" istifadəçilərə müxtəlif maliyyə əməliyyatlarını mobil tətbiq vasitəsilə həyata keçirməyə imkan verir. Platforma üzərindən gündəlik ödənişləri həyata keçirmək, bank kartlarını idarə etmək, pul köçürmək, kommunal və digər xidmətlərin ödənişini etmək mümkündür.
"m10"da qeyri-aktiv hesablar üzrə aylıq 5 manat xidmət haqqı tutulacaq.
Yenilənmiş qaydalara əsasən, sənədin 11.4-cü bəndində aşağıdakılar qeyd olunub:
"Ödəniş hesabında hər hansı məbləğdə vəsait olan İstifadəçinin m10 Platformasında açılmış ödəniş hesabı üzrə son ödəniş əməliyyatı tarixindən etibarən ardıcıl 12 (on iki) ay müddətində heç bir ödəniş əməliyyatı həyata keçirilmədiyi təqdirdə, "PashaPay" həmin hesabı qeyri-aktiv hesab kimi təsnif edir və İstifadəçiyə bu barədə "m10" Platforması və ya digər əlaqə vasitəsilə bildiriş göndərir. Qeyri-aktiv hesabın əməliyyat sistemində saxlanılması və xidmət göstərilməsi ilə əlaqədar "PashaPay" tərəfindən aylıq 5 (beş) manat məbləğində xidmət haqqı tətbiq edilir. Xidmət haqqı İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tutulur. Balansda mövcud vəsaitin xidmət haqqı məbləğindən az olduğu təqdirdə, xidmət haqqı hesabda olan faktiki vəsait məbləği həddində tutulur. Hesabda vəsait olmadığı təqdirdə xidmət haqqı tətbiq edilmir".
Bundan əlavə, istifadə qaydalarının 11.5-ci bəndində qeyd olunur ki, istifadəçi anlayır və qəbul edir ki, "m10" Platforması üzərindən xidmətlərin göstərilməsi ilə əlaqədar "PashaPay"in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. "PashaPay" bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.(valyuta.az)
- Qeyri-aktiv hesablara aylıq 5 manat xidmət haqqının tətbiqinə nə zərurət yaranıb?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, şirkət bu kimi qərarlar verə bilər: “m10 platformasında hesabı olan şəxslərin şəxsi məlumatları mövcuddur. Həmən məlumatları qorunması həmçinin qeyri- aktiv istifadiçilərin yenidən aktiv istifadəçiyə dönməsi baxımdan şirkət bu kimi qərarlar verə bilər. İstifadə etmədiyi halda tətbiq olunacaq 5 manat xidmət haqqı isə xərclərin kompensasiyalaşdırılması kimi də düşünülə bilər”.
Günay Hüseynova deyib: “Vətəndaş əgər bu platformadan istifadə etməyəcəksə hesabını bağlaya, istifadə etməyə bilər. Qərar yalnız hesabında vəsait olunan şəxslərə tətbiq olunacaq. Əgər şəxsin hesabında vəsait yoxdursa, narahatlığa əsas yoxdur”.
Günel Həsənova, Bizimyol.info






