Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azər Allahverənov: Avropanın enerji təhlükəsizliyi Azərbaycan–Gürcüstan tandemindən keçir
Azər Allahverənov: Avropanın enerji təhlükəsizliyi Azərbaycan–Gürcüstan tandemindən keçir

Azərbaycan və Gürcüstan arasında təbii qaz və elektrik enerjisinin tədarükü ilə bağlı 20 illik sazişlərin qüvvəyə minməsi iki ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə çıxarır. Bu razılaşmalar Cənubi Qafqazın enerji dəhlizi kimi rolunu gücləndirməklə yanaşı, Avropanın alternativ enerji mənbələrinə çıxış imkanlarını da genişləndirə bilər. Uzunmüddətli əməkdaşlıq regionda iqtisadi inteqrasiyanı dərinləşdirərək geosiyasi balansın formalaşmasına təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilir.

  • 20 illik enerji sazişləri fonunda Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı Cənubi Qafqazda yeni geosiyasi güc balansı formalaşdıracaq, yoxsa bu proses regionda rəqabəti daha da kəskinləşdirəcək?

Milli Məclisin deputatı, Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında təbii qaz və elektrik enerjisinin tədarükü ilə bağlı imzalanan 20 illik sazişlər, ilk növbədə, iki ölkə arasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.

Deputatın sözlərinə görə, bu sənədlər sadəcə enerji alqı-satqısını nəzərdə tutmur. Burada söhbət həm regional enerji təhlükəsizliyindən, həm də daha geniş mənada regional təhlükəsizlikdən, nəqliyyat və logistika imkanlarının genişləndirilməsindən gedir. Gürcüstan üzərindən ixrac olunan enerjinin təyinat ölkələrinə çatdırılması həmin dövlətlərin enerji təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edən strateji kursun əsasını təşkil edir.

"Bu baxımdan, Cənubi Qafqazda Azərbaycan–Gürcüstan tandemi üzərindən istər enerji sahəsində, istərsə də enerji ilə sıx bağlı olan digər istiqamətlərdə imkanların daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu proses regionda yeni güc balansının formalaşmasına töhfə verir.

Əgər Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərini, Cənubi Qafqaz qaz boru kəmərini, Cənub Qaz Dəhlizini, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolunu nəzərə alsaq, görərik ki, bunların hamısı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafına xidmət edən fundamental layihələrdir. Bu layihələrin hər biri müxtəlif ölkələrin maraqlarını təmin edir və həmin dövlətlərin onların həyata keçirilməsində yaxından iştirak etməsinə şərait yaradır", – deyə deputat bildirib.

O vurğulayıb ki, yeni 20 illik razılaşmalar bu əməkdaşlığın davamlılığını təmin etməklə yanaşı, Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının bir neçə onillik üçün hesablanmış uzunmüddətli vizyona malik olduğunu nümayiş etdirir. Bu isə regiona marağın daha da artmasına səbəb olur. Burada söhbət təkcə layihələrdən faydalanmaqdan deyil, eyni zamanda onların həyata keçirilməsində investor və tərəfdaş qismində iştirakdan gedir.

"Biz bunu çoxsaylı digər nümunələrdə də görürük. Belə uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını özündə ehtiva edən tərəfdaşlıq müxtəlif xarici investorlar üçün də cəlbedici olur. Bu baxımdan, Avropa İttifaqı ilə enerji təchizatı sahəsində əməkdaşlığın məhz Azərbaycan–Gürcüstan tandemi üzərindən həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Daha geniş kontekstdə isə Şərqlə Qərbi birləşdirən fiber-optik kabel layihələri, yaşıl enerjinin ötürülməsi kimi təşəbbüslər bütövlükdə regionun strateji əhəmiyyətini daha da artırır. Nəticə etibarilə, bunlar həm Azərbaycan və Gürcüstan üzərindən reallaşdırılan mühüm layihələrdir, həm də gələcəkdə Zəngəzur dəhlizi və digər alternativ marşrutlarla tamamlanacaq imkanlardır.

Lakin istənilən halda Azərbaycanla Gürcüstan arasında mövcud əməkdaşlıq, formalaşmış infrastruktur, bu infrastrukturun genişləndirilməsi və ən əsası, bu istiqamətdə siyasi iradənin mövcudluğu regionun əhəmiyyətini daha da artırır", – deyə o əlavə edib.

Rəqabət məsələsinə gəldikdə isə deputat bildirib ki, regionun geosiyasi əhəmiyyəti getdikcə artır və bu, müxtəlif güc mərkəzlərinin maraqlarına toxunur. Azərbaycanın həyata keçirdiyi siyasət isə kifayət qədər praqmatikdir. Bu siyasət hər hansı dövlətə qarşı yönəlməyib, əksinə, bütövlükdə regionun maraqlarının təmin olunmasına xidmət edir.

Onun sözlərinə görə, bölgədə yaranan enerji təchizatı imkanlarından istifadə etmək və bu əməkdaşlığa qoşulmaq istəyən dövlətlər varsa, həmin rəqabəti əməkdaşlıq müstəvisinə keçirmək mümkündür. Bu da Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyətlərindən biri olan inklüzivlik prinsipini əks etdirir. Dövlətlərin bu prosesə qoşulması onların enerji ehtiyaclarının ödənilməsi ilə yanaşı, enerji suverenliyinin təmin olunmasına da xidmət edir.

"Məhz bu baxımdan Azərbaycan–Gürcüstan strateji əməkdaşlıq arxitekturası regional maraqların təmin olunmasına xidmət edir. Əməkdaşlıqda maraqlı olan dövlətlər bu fürsəti düzgün qiymətləndirməli, Cənubi Qafqazı rəqabət meydanına çevirmək əvəzinə, burada formalaşan imkanlardan faydalanmalıdırlar.

Burada təkcə enerji layihələri deyil, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Enerji və nəqliyyat regionun nüfuzunu artıran iki əsas sütundur. Azərbaycan və Gürcüstan arasında imzalanan enerji sazişləri strateji tərəfdaşlığı yeni mərhələyə yüksəldir və regionun enerji tranzit mərkəzi statusunu daha da gücləndirir", – deyə deputat bildirib.

Deputatın fikrincə, bu sazişlər Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənubi Qafqazın rolunun getdikcə artdığını göstərir. Yeni alternativlər, o cümlədən Zəngəzur dəhlizi üzərindən kommunikasiya xətlərinin açılması, yaşıl enerjinin və gələcəkdə təbii qazın nəqli ilə bağlı layihələr bir daha sübut edir ki, Cənubi Qafqaz bütövlükdə Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bölgədir.

"Bu bölgə ilə əməkdaşlıq Avropa İttifaqına üzv ölkələrin milli maraqlarına cavab verir. Digər layihələr, xüsusilə nəqliyyat və logistika təşəbbüsləri daha geniş coğrafiyanı əhatə etsə də, enerji təhlükəsizliyi sahəsində Azərbaycan–Gürcüstan tandemi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq platforması olaraq qalır", – deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »