Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranı böhranı diplomatik yollarla həll etmək üçün qarşılıqlı anlaşma memorandumuna yenidən qayıtmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, Fidan bildirib ki, böhranın nizamlanması üçün diplomatik səylərin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, Ankara bu istiqamətdə Qətərlə sıx koordinasiya şəraitində fəaliyyət göstərir və Doha danışıqların bərpasına kömək etmək üçün bütün mövcud kanallardan istifadə edir.
Türkiyə xarici işlər naziri Qətərə səfəri zamanı bildirib ki, Qətər diplomatik həll yolunun tapılması üçün bütün imkanlarını səfərbər edib. O, yaxın günlərdə tərəflərin müsbət nəticələr əldə edə biləcəyinə ümid etdiyini qeyd edib.
Fidan ABŞ və İran arasında davam edən qarşıdurmanın region iqtisadiyyatına mənfi təsir göstərdiyini və daha genişmiqyaslı sabitsizlik riskini artırdığını vurğulayıb.
O, həmçinin kritik infrastruktur obyektlərinə qarşı həyata keçirilən hücumlara diqqət çəkərək, daha böyük bir münaqişənin qarşısının alınmasının vacibliyini bildirib.
Nazirin sözlərinə görə, qarşılıqlı anlaşma memorandumu Pakistanın vasitəçiliyi, Qətərin mühüm töhfəsi və Türkiyənin dəstəyi ilə hazırlanıb.
Fidan tərəflərin mümkün qədər tez bu razılaşmalara qayıtmalı və danışıqlar prosesini davam etdirməli olduğunu deyib.
Bizimyyol.info






