Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının lideri Endi Börnham baş nazir vəzifəsinə başladıqdan sonra ilk çıxışında ölkə vətəndaşlarına nikbinlik aşılamağı və hökumətə inamın bərpası üçün əsas prioritetlərini açıqlamağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, Börnhamın siyasi komandasının yaydığı açıqlamaya görə, yeni baş nazir ölkənin gələcəyi ilə bağlı ümidverici mesajlar verəcək.
Gözlənilir ki, iyulun 20-də Böyük Britaniya Kralı III Çarlz Bukingem sarayında Börnhamla görüşərək ondan yeni hökuməti formalaşdırmağı xahiş edəcək. Bundan sonra Leyboristlər Partiyasının lideri Londonun Dauninq-strit 10 ünvanındakı baş nazir iqamətgahına gedərək yeni vəzifəsində ilk nitqini söyləyəcək.
Börnham çıxışında hökumətə olan ictimai etimadın bərpası üçün əsas fəaliyyət istiqamətlərini təqdim edəcək. Onun ölkədə daha "sabit və məsuliyyətli siyasətin" həyata keçirilməsinin vacibliyini vurğulayacağı gözlənilir.
Yeni baş nazir Böyük Britaniyanın qarşılaşdığı daxili və beynəlxalq çağırışlardan da danışacaq. O, çıxışını ölkənin yenidən gələcəyə ümidlə baxa biləcəyinə inam ifadə edən nikbin mesajlarla yekunlaşdırmağı planlaşdırır.
Endi Börnham iyulun 17-də Böyük Britaniya Leyboristlər Partiyasının lideri elan olunub. O, partiyadaxili seçki keçirilmədən bu posta gətirilib, çünki digər mümkün namizədlərdən heç biri rəhbərlik uğrunda mübarizəyə qoşulmaq istəməyib.
Xatırladaq ki, iyunun 22-də Kir Starmer Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifələrindən istefa vermək niyyətində olduğunu açıqlamışdı.
Ölkədə siyasi böhran mayın 7-də keçirilən yerli seçkilərdən sonra dərinləşib. Seçkilərin nəticələrinə əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamentinə nəzarəti itirib. İngiltərənin müxtəlif yerli qanunverici orqanlarında isə partiyanın nümayəndələrinin sayı əvvəlki dövrlə müqayisədə 1,4 min nəfər azalıb.
Bizimyol.info






