Azərbaycanda apteklər dərman satışından 913 milyon manat gəlir əldə ediblər
2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 912.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 24.9% artıb.
Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub. (Banker.az)
- Apteklərdə dərman və tibbi ləvazimatların satışının artmasının səbəbləri nədir?
Yaranan suala cavab tapmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Mütəxəssislərlə aparılan müzakirələrə əsasən bildirmək olar ki, tibbi ləvazimatlara çəkilən xərclərin artımı bir neçə amillə bağlıdır. İlk növbədə, beynəlxalq iqtisadi vəziyyətin təsiri, istehsalçı ölkələrdə qiymətlərin yüksəlməsi, eləcə də logistika zəncirində yaranan çətinliklər bu sahədə qiymətlərə təsir göstərir.
Eyni zamanda, tibbi ləvazimatlar qiyməti dövlət tərəfindən tənzimlənməyən məhsullar kateqoriyasına aid olduğundan bazarda qiymət dəyişiklikləri daha çevik şəkildə əks olunur”.
Qurum həmçinin vurğulayıb: “Başqa bir mühüm amil isə mövsümi xəstəliklərlə bağlıdır. Qrip və digər kəskin tənəffüs yolu infeksiyalarının artdığı dövrlərdə tibbi maskalar, dezinfeksiyaedici vasitələr, termometrlər və s. kimi ləvazimatlara tələbat yüksəlir. Bu isə qısamüddətli dövrdə qiymət artımına və ümumi xərclərin çoxalmasına səbəb ola bilir”.
Günel Həsənova, Bizimyol.info






