2020-ci il Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yeni siyasi reallıq formalaşsa da, Azərbaycan və Ermənistan arasında hələ də yekun sülh sazişi imzalanmayıb. Son dövrlərdə tərəflər arasında danışıqların intensivləşməsi, sərhəd delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı müzakirələrin davam etməsi sülh prosesinin yenidən gündəmə gəlməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları və regionda geosiyasi maraqlar prosesin tam yekunlaşmasını çətinləşdirən əsas amillər kimi göstərilir.
Mövcud siyasi və diplomatik prosesləri nəzərə alsaq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması artıq yaxın perspektiv üçün real görünürmü, yoxsa regionda davam edən geosiyasi rəqabət bu prosesi yenidən uzada bilər?
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fələstinin Baş nazirini qəbul etməsi ölkələrimiz arasında yeni mərhələnin başlanması ilə yanaşı, Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində selektiv yanaşmanın yox, prinsiplərin müdafiəçisi olmasının göstəricisi kimi dəyərləndirilməlidir.
"Heç kim üçün sirr deyil ki, müasir dünyanın reallıqlarından biri odur ki, bir çox ölkələr, beynəlxalq təşkilatlar, əsasən də böyük dövlətlər hadisələrə qiymət verərkən ikili standartlardan, milli, irqi və dini fərqliliklərdən çıxış edir, qərəzli yanaşma sərgiləyirlər.
Nəticədə münaqişələr, qarşıdurmalar baş verir, dövlətlər dağılır, yüz milyonlarla insanın hüquqları pozulur.
Uzun illər ərzində Fələstin probleminin həll olunmamasının səbəbi də məhz beynəlxalq hüquq normalarının işləməməsidir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Fələstin dövlətinin yaranması ilə bağlı çoxsaylı qətnamələri mövcuddur. Nə qədər ki, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaranmayıb, bütövlükdə Yaxın Şərq regionunda sülhdən danışmaq mümkünsüzdür.
Azərbaycan dövlətinin bu mövqeyi beynəlxalq hüquqa söykənir. Bir daha təkrar edirəm, təkcə Fələstin məsələsində deyil, bütün hallarda – Rusiya-Ukrayna, Gürcüstan, Moldova, Tayvan və digər münaqişələrdə Azərbaycan prinsipləri qoruyur. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sistemli, balanslaşdırılmış siyasətin, ədalətli davranışının hətta bir-birinə düşmən olan qüvvələr tərəfindən qəbul olunduğunun göstəricisidir", – deyə o bildirib.
Nəsib Məhəməliyev vurğulayıb ki, Azərbaycanın İsrail dövləti ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycan Fələstin Muxtariyyətinə siyasi, sosial və humanitar dəstək verir.
"İsrail-Fələstin münasibətlərinə təkcə iki xalqın problemi kimi yanaşmaq doğru olmaz. Bu problem son dərəcə mürəkkəb, ziddiyyətli ideoloji köklərə malikdir. Təbii olaraq, hər iki tərəf beynəlxalq müstəvilərdə dostlarının və tərəfdaşlarının sayını artırmağa çalışır. Belə vəziyyətlərdə balansın gözlənilməsi kifayət qədər çətinlik yaradır. Azərbaycan diplomatiyasının gücü də ondadır ki, müharibə edən tərəflərlə məsafəli davranmağı, milli və dövlət maraqlarımızı müdafiə etməyi bacarır", – deyə deputat bildirib.
Deputat vurğulayıb ki, yaddan çıxarmaq olmaz ki, Qarabağ problemi ilə bağlı Azərbaycana davamlı dəstək verən, ərazi bütövlüyümüzün tanınmasına dair qətnamələr qəbul edən ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı olub.
"Fələstin məsələsi təkcə fələstinlilər üçün deyil, bütövlükdə İslam dünyası üçün həssas mövzudur. Bu baxımdan, ölkəmizin Fələstinin yanında olmasının əhəmiyyəti danılmazdır və Azərbaycana İslam dünyasında nüfuz, hörmət qazandırır. Təsadüfi deyil ki, Azərbaycan təriqətindən, məzhəbindən, dövlət quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq, bütün İslam ölkələri tərəfindən hörmətlə qəbul olunur. Azərbaycanın nüfuzu gündən-günə artır.
Hər bir problemin həllinə nəticəsinə görə qiymət verilir. Nəticə isə ondan ibarətdir ki, 1993-cü ildən bəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin davam etdirdiyi balanslaşdırılmış siyasət özünü tam şəkildə doğruldub", – deyə o fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






