Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukrayna Engelsdə Rusiyanın "Tu-95" strateji bombardmançısını məhv edib
Zelenski: Ukrayna Engelsdə Rusiyanın "Tu-95" strateji bombardmançısını məhv edib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Engels şəhərində yerləşən hərbi aerodromda "Tu-95" strateji bombardmançı təyyarəsini məhv edib.

Bizimyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilib. O bildirib ki, məhv edilən təyyarə Rusiyanın Ukrayna ərazisinə raket zərbələri endirmək üçün istifadə etdiyi əsas strateji bombardmançılardan biri idi.

"Əsgərlərimizə dəqiqliyə görə təşəkkür edirəm. Rusiyaya qarşı uzaqmənzilli əməliyyatlar yenidən uğurla nəticələndi. UTX Engels şəhərində ölkəmizə raket hücumlarında istifadə olunan "Tu-95" təyyarəsini məhv edib", – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, təyyarənin yerləşdiyi aerodrom Ukrayna sərhədindən təxminən 800 kilometr uzaqlıqda yerləşirdi.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, ilkin məlumata əsasən, "Tu-95" təyyarəsi kritik zədələr alıb və onun quyruq hissəsi tamamilə qopub.

Qurumun açıqlamasında vurğulanıb ki, Rusiyanın strateji aviasiyası artıq ölkənin dərinliklərində yerləşən hərbi aerodromlarda belə özünü təhlükəsiz hiss edə bilməz.

Qurumun məlumatına görə, hər sıradan çıxarılan strateji bombardmançı Ukrayna şəhərlərinə atılmayacaq onlarla raket və xilas edilən insan həyatı deməkdir.

Zelenski bildirib ki, Ukrayna Müdafiə Qüvvələri eyni zamanda Rusiyanın neft sənayesi obyektlərinə və işğal altında olan Ukrayna ərazilərində yerləşən bəzi hərbi hədəflərə də zərbələr endirib.

Onun sözlərinə görə, məqsəd Rusiyanın müharibəni davam etdirməsinin qiymətini artırmaqdır.

"Tu-95" strateji bombardmançıları Rusiyanın Ukraynaya qarşı qanadlı raket hücumlarında əsas istifadə etdiyi təyyarələrdən hesab olunur. Bu təyyarələr müharibə dövründə dəfələrlə Ukrayna şəhərlərinə, o cümlədən yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün istifadə edilib.

Rusiya son bir ildə Engels aviabazasında "Tu-95MS" və "Tu-160" bombardmançılarını qorumaq məqsədilə xüsusi müdafiə anqarlarının tikintisini davam etdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »