Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şah İsmayıl: tarixi şəxsiyyət, yoxsa ideoloji mübahisə?
Şah İsmayıl: tarixi şəxsiyyət, yoxsa ideoloji mübahisə?

Tarixdə bu gün – 17 iyul Azərbaycan dövlətçilik tarixinin ən böyük simalarından biri, Səfəvilər dövlətinin banisi, qüdrətli sərkərdə və böyük sufi şairi Şah İsmayıl Xətainin doğum günüdür. Aradan 539 il keçməsinə baxmayaraq, onun adı ətrafında müzakirələr səngimir, əksinə, zaman keçdikcə daha da kəskin xarakter alır. Kimisi onu yalnız şair, kimisi fateh, kimisi isə dini mübarizələrin simvolu kimi təqdim edir. Bəs Şah İsmayıl haqqında bu gün danışılanların nə qədəri tarixi həqiqətə, nə qədəri isə sonradan formalaşdırılmış siyasi və ideoloji narrativlərə söykənir?

Bu suallara tarixçi Pərviz Ağalarovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

-Şah İsmayılın şəxsiyyəti üzərində formalaşdırılan tarixi, milli və dini narrativlər nə dərəcədə elmi faktlara söykənir?

-Sovet dövründə ümumilikdə Səfəvilər dövləti və Şah İsmayıl haqqında elmi əsərlərin sayı çox məhdud olub. O zamanlar tarixşünaslıq baxımından yeganə elmi tədqiqat əsəri kimi professor Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” monoqrafiyasının adını çəkmək olar. Müstəqillik illərində isə Səfəvilər dövləti və onun qurucusu olan Şah I İsmayıl haqqında xeyli tədqiqat işləri aparılıb, müxtəlif mənbələr Azərbaycan dilinə tərcümə edilərək elmi dövriyyəyə gətirilib. Zabil Bayramov, Namiq Musalı, Tofiq Nəcəfov, Mehman Süleymanov və digər alimlərimiz bəhs edilən mövzuda sanballı elmi əsərlər ərsəyə gətirmişlər.

Məlum səbəblərdən sovet dövründə Şah I İsmayıl böyük dövlət xadimindən daha çox şair kimi təqdim olunub. Niyə "məlum səbəblər" deyirik? Rus-sovet tarixşünaslığının qarşısında duran əsas vəzifələrdən biri bizim tarixi şəxsiyyətlərimizi, hökmdarlarımızı aşağılamaq, rus-sovet işğalına bəraət qazandırmaq idi. Əgər bu, tarixi əsərlər hesabına alınmırdısa, ədəbiyyatı "işə" salırdılar. Məsələn, Səməd Vurğunun "Vaqif" dramına baxın: burada şair Ağa Məhəmməd şah despotik, işğalçı fars hökmdarı kimi qələmə verilir, oxucuda Qacara qarşı nifrət aşılanır. Halbuki Qacar türk oğlu türk idi. Onun əsas məqsədi parçalanmış halda olan Azərbaycanı birləşdirmək, rusların Cənubi Qafqazda möhkəmlənməsinə qarşı mübarizə aparmaq olub. "Vaqif" dramının nəticəsi isə bu oldu: Azərbaycan oxucusu uzun illər Ağa Məhəmməd şah Qacarı fars əsilli despotik İran şahı kimi tanıdı. 1796-cı ildə Qarabağ xanının elçisi kimi rus generalı Zubovun yanına gedən və ona hədiyyələr təqdim edən Molla Pənah Vaqif isə həmin əsərdə müsbət obrazdır. Bu və bu kimi əsərlər sovet rejiminin sifarişi əsasında ərsəyə gəlirdi. Eyni yanaşmanı Nadir şah haqqında da demək olar. Əfqanları, işğalçı Osmanlı və rus qoşunlarını ölkədən qovan, hətta Napoleonun kumiri olan Nadir şah bizə amansız, ədalətsiz, qaniçən hökmdar kimi təqdim olunurdu: "Muğanda neçə batman göz çıxardı, qulaq, burun, baş kəsdi" və s.

Bu baxımdan Şah İsmayıl da istisna deyil. Azərbaycan oxucusu Şah I İsmayılı yazıçı Əzizə Cəfərzadənin "1501-ci il" romanı əsasında "tanıdı". Dini təfriqə yaradan, sünni məzhəbli əhalini amansızcasına qıran, despot, şiəliyi zorla yayan, Şirvanşah I Xəlilullahın qəbrini qazdırıb sümüklərini çıxartdıraraq yandıran və s. – budur Şah İsmayıl, budur qızılbaşlıq və qızılbaşlar!

Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar o dövrdə Azərbaycanın da tərkibində olduğu rus-sovet imperiyasının sifarişi idi. Məqsəd şəxsiyyətlərimizi, dövlətlərimizi aşağılamaq, Rusiya işğalına bəraət qazandırmaq, bu imperialist, müstəmləkəçi dövləti xilaskar "böyük qardaş" kimi təqdim etmək idi. Sən demə, biz Rusiya işğalından sonra şərq despotizminin əlində boğulmaqdan, məhv olmaqdan xilas olmuşuq. Yəni bir sürü cəfəngiyyat! Buna görə də tarixi şəxsiyyətlərimizə münasibət kökündən yanlış narrativlər üzərində quruldu.

Təəssüf hissi ilə deməliyik ki, indi də bu proseslər xaricdən körüklənməkdədir. Kommunist ideologiyasının hakim olduğu SSRİ dağıldı, ideoloji boşluq yarandı. Azərbaycan Konstitusiyasının yaratdığı vicdan azadlığı, din seçimi sərbəstliyindən təkcə xarici dini sektalar deyil, müxtəlif məzhəblərin hakim olduğu islam dövlətləri də istifadə etməyə başladılar. Şah I İsmayıl haqqında da son dövrlərdə baş qaldıran və bitmək bilməyən müzakirələrin kökündə məhz bu dayanır. Onu şiəliyi yaymaqda ittiham edir, islam dinini parçalamaqda günahlandırırlar. Halbuki qızılbaş ideoloji cərəyanının daşıyıcısı və böyük sufi olan Şah I İsmayıl bu ittihamların heç birinə layiq deyil. İslam dini VII yüzillikdə parçalanmışdı. Səfəvi dövlətinin yaranmasına qədər tarixdə şiəliyin hakim olduğu Fatimilər və Büveyhilər dövlətləri mövcud olub. Qızılbaşlıq isə ərəb şiəliyi deyil, təsəvvüfə (sufiliyə) söykənən cərəyandır. Şah İsmayıl isə böyük sufi şairi, qızılbaşlığın simgəsidir.

"Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,

Gövhərin yekdanəsindən irəli pərgar idim.

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,

Mən bu beytullah içrə ta əzəldən var idim."

deyən şairi nədə ittiham etmək olar?

Şah İsmayıl Xətai sanki məşhur Böyük Partlayışa (Big Bang) qədərki hadisədən bəhs edir.

Hazırda onu islamı bölməkdə ittiham edənlər, əsasən, vəhhabilik dini cərəyanına mənsub olanlar və təəssüf ki, qonşu və qardaş Türkiyədən olan sünni məzhəbli insanlardır.

Ən maraqlısı isə bilirsiniz nədir? Rafizi deyə ittiham edilən Şah I İsmayıla şiəliyin hakim olduğu İranda da münasibət birmənalı deyil. Məsələn, özünüz də axtarış edib müəyyənləşdirə bilərsiniz ki, İranda Şah I Abbasla bağlı film çəkilib, Şah I İsmayıl ilə bağlı isə yox. Niyə? Ona görə ki, orada hazırda vilayəti-fəqihə söykənən ərəb şiəliyi qızılbaşlığı qəbul etmir. Şah I Abbasın isə, əvvələn, anası fars idi, ikincisi, o, mərkəzi hakimiyyətə qarşı çıxan qızılbaşlara və bununla da qızılbaşlığa böyük zərbə vurmuşdu. Ondan film çəkmək sərf edir, dövləti quran İsmayıldan isə yox. Qəribə deyilmi?

Yeri gəlmişkən, biz özümüz də bu məsələdə gecikirik. Təəssüf hissi ilə qeyd etməliyik ki, – heç kim inciməsin – sərsəfeh seriallara ətək-ətək pul ayrılır, amma tarixi şəxsiyyətlərimizlə bağlı filmlər çəkilmir. Düzdür, son dövrlərdə işıq ucu görünməyə başlayıb. Atabəy Şəmsəddin Eldənizdən, Həsən padşah Bayandurdan filmlər çəkilir. Amma bu iş sürətləndirilməlidir. Serial çəkilirsə, elə Səfəvilərdən başlanılmalıdır. Serialların, kinofilmlərin təsir gücündən danışmağımız, məncə, artıqdır. Buna bəzən “yumşaq istila” da deyilir. Türkiyədə çəkilən tarixi seriallar bunun ən gözəl nümunəsidir.

- Onun irsi haqqında yaranmış mifləri tarixi həqiqətlərdən necə ayırmaq olar?

- Oxumaq və mütaliə etməklə. Ən azından Azərbaycan alimlərinin elmi dövriyyəyə gətirdikləri əsərlər oxunmalıdır. Son dövrlərdə Türkiyədə də Səfəvilərə və Şah I İsmayıla baxışlar dəyişməkdədir. Türkiyəli tarixçi-alim Tufan Gündüzün araşdırmalarını buna misal göstərə bilərik. Eləcə də gənclərimiz ingilisdilli ədəbiyyatlar vasitəsilə Şah I İsmayıl və Səfəvilər dövləti haqqında dolğun informasiya əldə edə bilərlər. Niyə gənclərimiz deyirəm? Çünki onlar ingilis dilini və digər Avropa dillərini sovet dövründə yetişən nəsillərdən daha yaxşı bilirlər və informasiya-kommunikasiya vasitələrindən daha yaxşı istifadə edə bilirlər. Sadəcə oxumaq, öyrənmək lazımdır.

- Şah İsmayılın şiəliyi dövlət ideologiyasına çevirməsi Səfəvi dövlətinin güclənməsinə strateji üstünlük qazandırdı, yoxsa sonrakı əsrlərdə regionda dərin məzhəb qarşıdurmalarının əsasını qoydu? Bu qərarı bugünkü baxış bucağından necə qiymətləndirmək lazımdır?

- Şah İsmayıla qədər də Səfəvi şeyxləri əhali arasında, eyni zamanda onlarla paralel mövcud olan hökmdarlar arasında böyük nüfuz sahibi olmuşlar. Osmanlı sultanları Ərdəbil təkkəsinə hər il hədiyyələr göndərirdilər. Əmir Teymur Suriya və Anadoludan götürdüyü əsirləri Ərdəbil şeyxi Xacə Əliyə bağışlamışdı. Türk-islam dünyasının böyük fatehi bununla da kifayətlənməmiş, Ərdəbil ətrafında olan bir sıra ərazilərin, əyalətlərin Ərdəbil dərviş təriqətinə verilməsi ilə bağlı fərman da vermişdi.

XV yüzilliyin son rübündə Həsən padşah Bayandurun ölümündən sonra Azərbaycanda Bayandurlu (Ağqoyunlu) şahzadələri arasında vəziyyət pisləşməyə başladı. Ağqoyunlu şahzadələri arasındakı dayanmaq bilməyən çəkişmələr ölkənin müdafiə qüdrətini zəiflədir, əhalinin güzəranını ağırlaşdırırdı. Səfəvilər məhz belə bir dövrdə, belə bir məqamda hakimiyyətə gəldilər. İsmayıl tezliklə Amu-Dəryadan Fərat çayınadək uzanan ərazilərdə qüdrətli dövlət qurdu. Sabitlik yaradıldı, əhalinin güzəranı yaxşılaşdı, ölkənin müdafiə qüdrəti artdı. Yaranan sabitlik iqtisadi çiçəklənməyə səbəb oldu.

Yeri gəlmişkən, Şah I İsmayıl öz hakimiyyətini Şirvanşahlar dövlətinə və Şəki hakimlərinə tanıtdırmış, onların daxili müstəqilliyinə toxunmamışdı. Hətta sünni məzhəbli Şirvanşah Dərbəndilər sülaləsi ilə qohumluq əlaqəsi də yaratmış, öz qızını Şirvanşahın oğluna ərə vermişdi. Təsadüfi deyil ki, Şah İsmayıl Şəki tərəflərdə ov edərkən qəfil xəstələnmiş, həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmamışdı. 14 yaşında dövlət quran Şah I İsmayıl 37 yaşında bu dünyaya vida etmişdi.

Onu, məsələn, Şeybani xanın kəsilmiş başından piyalə düzəltməkdə ittiham edirlər. Müasir baxışdan bu, həqiqətən çox qəddar addım kimi dəyərləndirilə bilər. Halbuki bu adət vaxtilə dünyanın bir sıra cəngavər xalqlarında, o cümlədən türklər arasında da geniş yayılmışdı. Türk inancına görə cəngavər döyüşçünün başından düzəldilən piyalədən su və ya mey içmək onun ruhunu özününküləşdirməyə bərabər tutulurdu. Vaxtilə peçeneq xanı da Kiyev knyazı Svyatoslavı öldürmüş, başından piyalə düzəltdirmişdi. Müasir dövrlə səsləşməyən bir sıra faktlar da var ki, onlara hazırkı dövrdə doğru-düzgün qiymət vermək üçün tarixin dərinliklərinə enməli və öyrənməliyik.

Eləcə də Şah I İsmayılın fəaliyyətinə doğru-düzgün qiymət vermək üçün onun yaşadığı dövrün reallıqlarını, siyasi və dini prosesləri dərindən öyrənmək lazımdır. Şeirlərini və məktublarını türkcə yazan, türkcə fərmanlar imzalayan böyük sufi şairimizi, qüdrətli dövlət quran hökmdarımızın aşağılanmasına göz yummaq olmaz!

Qeyd etdiyimiz kimi, bu məqsədli şəkildə edilir və ölkəmiz daxilində olduqca təhlükəli tendensiya yaradır.

- Tarixşünaslıq bu məsələyə hansı mövqedən yanaşır?

- Azərbaycan tarixşünaslığında Səfəvilər dövləti, onun dövlət quruluşu, iqtisadi və beynəlxalq əlaqələri geniş araşdırılıb. Səfəvi şahları, o cümlədən Şah I İsmayıl haqqında da araşdırmalar aparılıb, obyektiv qiymət verilib. Amma bu tədqiqatlarla da kifayətlənmək olmaz. Tariximizdə böyük rol oynamış şəxsiyyətlərin fəaliyyəti hərtərəfli və geniş şəkildə araşdırılmalı, böyük oxucu kütləsi maarifləndirilməlidir. O zaman bu cür əsassız ittihamlar ayaq tutub yeriyə bilməz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »