Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan sancmasının gizli təhlükələri
İlan sancmasının gizli təhlükələri

Bu gün Ümumdünya İlanlar Günüdür. İlanlar təbiətin ən maraqlı və sirli canlılarından biridir. Bir çox insanlar hətta bu heyvanın adını eşidəndə belə qorxu hissi keçirir, əti ürpənir. Lakin ilanlar ekosistemdə mühüm rol oynayır və təbiətdə tarazlığın qorunmasına kömək edir.

Bu canlılar haqqında doğru məlumatların olması və onlara düzgün yanaşmaq vacibdir.

  • Azərbaycanda rast gəlinən zəhərli ilan növləri hansılardır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Klinik Tibbi Mərkəzin həkim-Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova bildirib ki, Azərbaycanda yayılan ilanlar əsasən gürzələrdir. Adi gürzənin latınca adı Vipera berusdur.

Aynur Məmmədova

İlanlar çox nadir hallarda insana hücum edirlər. İlanlar da bütün canlılar kimi özlərini qoruyurlar. Ən çox xarabalıqlarda, kolluqlarda, taxta, daşlıq, gün olan yerdə olurlar.

Nəmişlik, su olan yerdə gürzə olmur. Su olan yerdə koramal və su ilanları olur. İnsan təsadüfən həmin ərazidən keçərkən ayağının altına baxmadıqda, əlbəttə ki, ilanı bir neçə metr məsafədən hiss etməyə bilər. İlan təhlükə hiss etdikdə, xüsusilə də quyruğunu tapdalayanda və ya ona toxunduqda, özünü müdafiə etmək üçün insanı sancır”.

Həkim - toksikoloq ilan zəhərlənməsi ilə bağlı xəstələrin başına gələn hadisələr haqqında deyib: “İlan zəhərinin hemotoksik təsir var, yəni qan laxtalama sistemini pozur. İlan dişlədiyi anda kəskin ağrılar əmələ gəlir, ətrafda şişkinlik və dişləm yerində nekrozlaşma ola bilər. İlan sancması xüsusilə gənc və körpə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün daha qorxuludur.

Bizim praktikamızda belə hallarla dəfələrlə qarşılaşmışıq.

Hətta bu yaxınlarda şəhər yerində böyüyən 11 yaşlı bir xəstəmiz kənddə olarkən ilk dəfə ilan görmüşdü. O, sonradan danışırdı ki, “yerdə nəsə sürünürdü, kərtənkələyə oxşatdım”.

Yəni uşaq başa düşməyib ki, qarşısındakı kərtənkələdir, yoxsa ilandır. İlanın quyruğundan tutmaq istəyərkən ilan çevrilərək uşağın əlindən sancmışdı. Xəstə ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Şükür ki, vəziyyətdən çıxdı və sağaldı.

Başqa bir misal deyə bilərəm. Rayonların birində bir uşaq tut yemək üçün ağaca çıxıb. Sən demə, həmin tut ağacında ilan var imiş. Uşaq tut yemək istəyərkən ilan 19 yaşlı gəncin alnından vurmuşdu. O da müalicə nəticəsində vəziyyətdən çıxdı, heç bir ağırlaşma olmadı.

İki il əvvəl isə 7 aylıq hamilə qadını ayağından ilan sancmışdı. Onun vəziyyəti kritik və ağır idi. Həkimlərin səyi nəticəsində - həm ginekoloqlar, həm də bizim komanda birgə çalışaraq xəstəni vəziyyətdən çıxardıq. Daha sonra onu sağ-salamat yola saldıq. Elə bizim xəstəxanamızda övladı da sağlam şəkildə dünyaya gəldi”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »