Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?!
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?!

IV Şuşa Qlobal Media Forumunun önəmli cəhətlərindən biri də Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, ümumiyyətlə, beynəlxalq siyasətdə əsas tendensiyalar, çağırışlar barədə açıq müzakirənin keçirilməsidir. Çox önəmli mesajlar, çox maraqlı ideyalar var. Bunlardan hələ çox danışılacaq, bunlar hələ media müstəvisində, ekspert dairələrində çox dartışılacaq.

Müzakirələr də olacaq, lap mübahisələr. Polemikalar siyasətin təbiətində var, buna heç kəsin sözü yoxdur. Ancaq hər hansı bir fikri kontekdtindən çıxarıb yaymaq, normal tənqidi və təklifi süngü ilə qarşılamaq doğru və effektiv deyil.

Yeri gəlmişkən, hər doğru olan şey produktiv deyil, hər produktiv olan isə doğru deyil. Əgər eyni vaxtda Kolumbiyada qəhvənin, həm narkotiklərin istehsal göstəriciləri artıbsa, bu, o deməkdir ki, hər ikisinə iqtisadiyyatın inkişafı saymaq olar?!

Bu baxımdan, Rusiya mediasında yenidən aktuallaşan Azərbaycan temasına differensial yanaşma lazım gəlir.

Rusiya mediasında Şuşa Forumuna, Azərbaycan Prezidentinin çıxışlarına xüsusi diqqətlə yanaşılması normal sayıla bilər. Sadəcə, bir şərtlə: bu müzakirələr obyektiv aparılsın, hərtərəfli təhlil, lap tənqid də olunsun. Ancaq bu, xüsusi məqsədlə, eyni mərkəzdən idarə olunan aşkar qarayaxma kampaniyası şəklində olanda nə efektivlik qalır, nə gerçəklər. Həm də ara sakitləşmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfərə gedən ərəfədə.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov Şuşa Mediaforumunda Prezident İlham Əliyevə sual vermişdi. Sual belədir: "Rusiya ilə Azərbaycan arasında münasibətləri və hazırda öz inkişafının ən vacib mərhələlərindən birini yaşayan yeni Cənubi Qafqazda Rusiyanı necə görürsünüz?"

Azərbaycan dövlətinin başçısı da bu suala geniş, maraqlı və diqqətəlayiq cavab verib:

"Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir".

Prezidentin bu sözlərindən, eləcə də, qarşı tərəfin istinad olunan mövqeyindən- Rusiya tərəfindən ən yüksək və sair səviyyələrdə bəyanatlarından görünür ki, iki ölkə arasında münasibətlər normallaşıb.

Bəs bu normallaşmış münasibətləri Rusiya tərəfdən kimlər, nə məqsədlə pozmaq istəsin ki?!

Rusiya rəsmilərinin bəyanatları ilə Rusiya mediasında yenidən qızışdırılan qaralama kampaniyası bir-biri ilə dərin kontrastdadır.

Rusiyanın Cənubi Qafqazdakı roluna dair suala Prezident İlham Əliyevin cavabı bu ölkədəki hansısa dairələrə xoş gəlməyib?! Ola bilər. Hətta, məncə, elədir ki var. Amma görünüşdən rasional düşüncəli adamlar təəssüratı yaradan siyasətçi,nekspert bu sakir, normal, analitik cavabdakı fikirlərə qarşı belə ifrat emisional reaksiyalar bildirirsə, Rusiyanın hazırda düşdüyü ağır situasiyanın səbəbləri aydın olur. Məhz bu cür siyasi, yarısiyasi və guya analitik dairələr normal fikri, təklifi qəbul edə bilmirlərsə, Rusiyanı yeni avantüraların içinə çəkmək, yeni macəralara atmaq istəyirlər. Hazırda Ukraynada hərbi-siyasi bataqlığa salınmış ölkəni daha dərin batırmaq cəhdlərini müşahidə etmək olur.

Rusiyada yaşayan, vətəndaşlıq almış - Konstitusion hüquqlarla bu dövlətin bir hissəsi, bu ölkədə cəmiyyətin bir parçası olan Azərbaycanlılar hədəfə alınır; onlar "mütəşəkkil cinayətkar dəstə" adlandırılır. Soydaşlarımıza qarşı əsassız və insafsızcasına ittihamlar səsləndirilir, təhqir yağdırılır, təhdidlər havada uçuşur.

Diqqət edin: Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci maddəsi – milli, irqi, dini və ya sosial mənsubiyyətə görə nifrət və düşmənçiliyin qızışdırılması, insan ləyaqətinin alçaldılması əleyhinə cinayət təqibini nəzərdə tutur. Milli ayrı-seçkilik, ksenofobiya kimi meyllər, əməllər bu maddənin dispozisiyasında ağır kriminal tərkib olaraq təsbit edilib və sanksiyalarında yetərincə ağır cəzalar var. Eləcə də, RF CM-in 280-ci maddəsində "ekstremist fəaliyyətə açıq çağırışlar" barədə cəza tədbirləri nəzərdə tutulub. Rusiyadakı açıq-aşkar faşizm meyllərinə gəlincə, yenə də CM-in 354.1-ci maddəsində nasizmin reabilitasiyası cəhdləri əleyhinə adekvat cəza sanksiyaları yer alıb. Həmminin RF "Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında" federal qanun da qəbul edib.

Bu gün Azərbaycana və Rusiyada yaşayan Azərbaycanlılara qarşı vahid mərkəzdən təşkil olunmuş qarayaxma, böhtan, təhqir, təqib kampaniyası yuxarıda sadaladığım cinayət tərkiblərini daşıyır və bu, təkzibolunmaz faktlardır. O halda kimdir "mütəşəkkil cinayətkar dəstə": həmin bu Rusiya mediasında, sosial media platformalarının Rusya seqmentində Azərbaycana, Azərbaycanlılara qarşı şofinist, ksenofobik, faşist davranışlar sərgiləyənlər, yoxsa öz zəhməti ilə yaşayan, Rusiyanın inkişafına töhfə verən qeyri-rus əhali icmaları?!

Rusiya hazırda müharibə aparan dövlətdir, müharibə isə hər zaman onu aparan dövləti zəiflədir, onun daxili və xarici təsirlərə qarşı immunitetini azaldır. Ona görə də əslində bu gün Rusiya mediasında və sosial mediada Azərbaycana və Rusiyadakı Azərbaycan diasporuna qarşı mütəşəkkil hücum təşkil edirsə, bilərəkdən, ya bilməyərəkdın Rusiyanı məğlubiyyətə aparırlar; ölkənin öz içində "ikinci cəbhə" - daxili gərginlik və qarşıdurma yaradırlar.

Rusiyanın xüsusi xidmət orqanları bütün bunları ya görə bilmir, ya da görmək istəmir.

Azərbaycan Prezidentinin çıxışları həmin o "hücumçuları" axı niyə qane etmir?!

Prezident İlham Əliyev bir çıxışında deyir, "hərbi əməliyyatları dərhal dayandırmaq" lazımdır. Burada pis nə var ki?! Rusiya cəmiyyətində, hətta siyasi elitasında belə bu fikri söyləyənlər, hər halda belə düşünənlər az deyil.

Rusiyanın baş propoqandisti Vladimir Solovyov belə Ukraynanın müqaviməti fonunda artıq pessimist çıxışlar edir: "Dövlətçiliyimiz təhlükədədir" deyir.

Hər kəs görür ki, Rusiya-Ukrayna müharibəsi çox şiddətli fazaya daxil olur, hərbi əməliyyatlar teatrı getdikcə görünməmiş dramatizm qazanır. Nəticədə şəhərlər dağıdılır, vacib infrastruktura zərbə endirilir, ekzistensial risklər hər iki cəmiyyəti təhdid edir.

Belə bir məqamda Azərbaycan Prezidenti hərbi əməliyyatları dayandırmaq çağırışı edirsə, bunun üçün qarşı tərəf yalnız minnətdar olmalı deyilmi?!

Sual ritorikdir.

Bundan başqa Azərbaycan birinci şəxs səviyyəsində Rusiyanın Cənubi Qafqazdakı rolunu təhlil edir və təklif edir. Təhlil budur ki, Azərbaycan öz suverenliyini tam təmin edib, Ermənistan Avropaya inteqrasiya yolunu seçib. Cənubi Qafqazda heç də hər şey həmişəki kimi deyil. Azərbaycan da artıq 5-6 il əvvəlki Azərbaycan deyil.

Məhz Azərbaycanın hərbi-siyasi qələbələri nəticəsində bölgənin siması da, daxili dinamikası da, geopolitikası da dəyişib.

Bu, dediyim kimi, obyektiv təhlildir.

Təklif isə odur ki, Rusiya Cənubi Qafqaza əvvəlki yanaşmanı dıyişsə, daha çox uğur qazanar. Çünki, Prezidentin də dediyi kimi, "Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib".

Başqa sözlə, Rusiyaya təklif olunur ki, revanşizmi qızışdırmaq cəhdlərindən, hərbi və ya hibrid güc mərkəzli stratejilərdən imtina edib, bölgəyə dinc tərəfdaşlıqla gəlməyi düşünsünlər. Harasa top-tüfənglə getmək zamanı deyil: qoşun yeritmək yox, sərmayə qoymaq, silahlı qarşıdurma yaratmaq yox, iqtisadi layihələr qurmaq - budur yeni dövrün meqatrendi. Azərbaycan normal münasibətlərdə olduğu Rusiya dövlətini xəbərdar edir ki, yeni meqatrendlərdən kənarda qalmasın. Əks halda çox geriyə qalar.

Bir sözlə, Azərbaycan vəziyyəti təhlil edir və çıxış yolu təklif edir.

Ancaq təhlilə və təklifə Rusiya mediasında təhqir və təhdidlə cavab verilir.

Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! Həm də heç bir halda?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »