Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elnur Azadov: “Həmin qazanxanalara satılan qaz fərdi vətəndaşlara satılan qazdan fərqli tariflə hesablanır”
Elnur Azadov: “Həmin qazanxanalara satılan qaz fərdi vətəndaşlara satılan qazdan fərqli tariflə hesablanır”

“2016-cı ilə qədər bütün komplekslərimizdə mərkəzləşdirilmiş istilik sistemləri layihələndirilirdi. Lakin Tarif Şurası tərəfindən kollektiv qazanxanalar üçün diferensiallaşdırılmış qaz tariflərinin tətbiqindən sonra bu sistemlərin istismarı sakinlər üçün iqtisadi baxımdan sərfəli olmadı və sektor kütləvi şəkildə kombi sistemlərinə keçdi”.

Bizimyol.info xəbər verir ki, bunu “Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış sahibkar Mahayət Nəbiyev bildirib.

İş adamı deyib: “Mən müxtəlif səviyyələrdə dəfələrlə vurğulamışam ki, əgər fərdi istehlakçılara diferensiallaşdırılmış tarif tətbiq edilirsə, eyni güzəştli şərtlər 100 və ya 200 mənzilə xidmət göstərən mərkəzi qazanxanalara da şamil edilməlidir.

Mərkəzləşdirilmiş istilik sistemi enerji səmərəliliyi və ekologiya baxımından dəfələrlə daha effektivdir. Avropanın inkişaf etmiş ölkələrində çoxmərtəbəli binalarda fərdi qaz qazanlarından çoxdan imtina edilib”.

Mahayət Nəbiyev vurğulayıb ki, artıq tikilmiş və geniş şəkildə kombi sistemlərinin quraşdırıldığı yaşayış binaları yenidən mərkəzləşdirilmiş istilik sisteminə qaytarmaq texniki baxımdan olduqca çətindir, demək olar ki, mümkün deyil. Çünki insanlar artıq mənzillərində böyük vəsait hesabına təmir işləri aparıblar.

Mən daha da irəli gedərək yeni hündür mərtəbəli binalara qaz verilməsindən tamamilə imtina edilməsini təklif edərdim. Bu məsələdə mövqeyimiz tənzimləyici qurumlar tərəfindən də anlayışla qarşılanır.

Çoxmərtəbəli yaşayış binalarının qazlaşdırılması hər zaman yüksək risk amilidir. Bir sakin bütün təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edə bilər, lakin qonşusunun səhlənkarlığı dəfələrlə baş verdiyi kimi faciələrə və partlayışlara səbəb ola bilər”. (Marja.az)

  • Yeni binalarda qazdan imtina edilməsi əmlak bazarına necə təsir edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan əmlak eksperti Elnur Azadov bildirib ki, indidən sonra layihələndirilən binalarda bir sıra dəyişikliklərin olması nəzərdə tutulub: “Son 1 il ərzində bəzi qanunda olan dəyişikliklər olubdur və təkliflər verilibdir. Məsələn, bunlardan biri 5 mərtəbədən hündür olan binalara qazın təchizatının olmaması ilə bağlıdır. Gələcəkdə layihələndirilən binalar əgər 5 mərtəbədən hündür olarsa, onlara qaz təchizatı verilməyəcək. Alternativ enerji ola bilər və həmin binaların istilik sistemi təchizatı ilə bağlı mərkəzləşdirilmiş sistem yaxud həmin binaya yaxın xidmət göstərən qazanxanalara qoşulması nəzərdə tutulub.

Azərbaycan Respublikasının enerji resurslarının qorunması ilə bağlı başqa bir qanun da var. Həmin qanuna istinadən binaların gələcəkdə daha erqonomik, istilik saxlamaq qabiliyyəti yüksək olan materiallardan və texnologiyalardan istifadə edilməklə inşa olunması, eyni zamanda alternativ enerji mənbələrindən istifadə olunması və binaların pasportlaşması da nəzərdə tutulub. Beləliklə, bu kimi normativ tələblərə uyğun olaraq indidən sonra layihələndirilən binalarda bir sıra dəyişikliklərin olması nəzərdə tutulub”.

Elnur Azadov deyib: “2025 - ci ilin əvvəllərində parlamentdə kvartalların mini qazanxanalarla təchiz olunması ilə bağlı layihə təklif olunmuşdur. Buna qısa zaman ərzində baxıldı və Bakı şəhərində mini qazanxanaların istifadə olunması ilə bağlı qərar verildi və bunun üçün də büdcədən vəsait ayrıldı. Faktiki olaraq hazırda vətəndaşları daimi isti su təchizatı ilə təchiz etmək üçün Sumqayıt, Bakı və səhv etmirəmsə Gəncədə də şəhərlərin bir çox ərazilərində həmin mini qazanxanalar artıq quraşdıdılıb. Həmçinin bundan sonra da inşa ediləcək həmin ərazilərdə yeni yaşayış binaların bu kimi mərkəzi istilik sisteminə qoşulması məsələsi açıqdır. Layihələndirilən binalarda, yəqin ki, məsələyə müraciət əsasında baxılacaq. Bu gün açıq qalan məsələ ondan ibarətdir ki, bundan sonra layihələndirilən binaların bu cür qazanxanalara, əgər onların yaxınlığında mini qazanxanalar varsa, qoşulması mümkün olacaq, yoxsa yox. Ona görə ki, həmin mini qazanxanaların müvafiq və ehtiyat gücü olmalıdır. Amma qanunda konkret olaraq yazılmayıb ki, indidən sonra layihələndirilən binalar həmin mini qazanxanalara qoşulmalıdırlar. Yaxud da həmin yaşayış komplekslərin özlərinin qazanxanası olmalıdır. Yəni bu məsələ ilə bağlı qanunda heç bir aydın bir formada qeyd yoxdur”.

Elnur Azadov vurğulayıb: “Ekspertin fikri ilə qismən razıyam. Təchiz olunmuş hansı binalardakı kombi sistemi var, onların onsuz da bu gündən sonra mərkəzləşdirilmiş qazanxana sisteminə keçirilməsi tələb olunmayacaq. Onlar necə qaz təchizatı ilə təmin olunublarsa, o cür də qalacaq. Söhbət layihələndirilən binalardan gedir ki, onların taleyi necə olacaq və gələcəkdə necə idarə olunacaqlar.

Əgər bunlar mini qazanxanalara qoşulacaqlarsa, həmin mini qazanxanalarda faktiki olaraq müasir standartlara uyğun, daha müasir avadanlıqlardan istifadə olunacaqmı, onların ehtiyat gücü nə qədər olacaq, səmərəliliyi hansı səviyyədə təşkil olunacaq, hansı göstəricilər daha yüksək olacaq, ekoloji baxımdan hansı avadanlıqlar quraşdırılacaq - bu istiqamətdə bu gün şəxsən mən və digər ekspertlər dəqiq cavab verə bilmərik. Ona görə ki, hələ bu sahədə praktika yoxdur”.

Əmlak ekspertinin sözlərinə görə, fərdi istilik sistemindən istifadə olduqca əlverişlidir: “Fərdi isitlik siteminin üstünlükləri nədir?

Çoxmənzilli binada hər bir vətəndaş istədiyi kimi, istənilən vaxtda, fərdi istilik sistemini qoşur və heç kəsdən asılı olmur. Əgər mərkəzləşmiş sistemdə hər hansı bir qəza baş verərsə, sözsüz bütün vətəndaşlar bundan əziyyət çəkirlər. Biz bu il gördüyümüz kimi aprel ayının 2 -ci yarısından, may ayının ortasına kimi havalar olduqca soyuq keçdi. Amma istilik sistemi təchizatı bütün yaşayış komplekslərdə dayanmışdır. Bunun üstünlük tərəfi, yaxşı tərəfi odur ki, praktik baxımından vətəndaşlar üçün bu sistemdən istifadə olduqca əlverişlidir.

Təhlükəsizlik baxımında bir söz demək olmaz. Sözsüz ki, tək-tək qaz sızmaları, qazla bağlı problemlər və qazdan düzgün istifadə edilməməsi səbəbindən praktikada bədbəxt hadisələr baş verib. Bu, sovet vaxtında da olub. Düzgün istifadə, düzgün təchizat olarsa, təhlükəli problemlərdən qorunmaq olar”.

Elnur Azadov əlavə edib: “Ən ciddi məqam ondan ibarətdir ki, dövlətin mərkəzləşdirilmiş istilik sisteminə qoşula bilməyən yaşayış kompleksləri fərdi qazanxanalar quraşdırırlar. Bu faktiki təcrübədir. Həmin qazanxanalara satılan qaz fərdi vətəndaşlara satılan qazdan fərqli qiymətlə satılır. Buna görə də ölkədə kifayət qədər yaşayış kompleksləri var ki, çalışırlar ki qazanxanalardan imtina etsinlər.

Ona görə ki, onlara aldıqları qaz kommersiya tarifi ilə satılır. Bu istiqamətdə ölkədə ciddi islahatların dəyişilməyə aparılmasına ehtiyac var. Yəni yaşayış komplekslərinə satılan qaz əhali tarifi ilə satılmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »