Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naib Niftəliyev: “Surroqat anlayışı hələ ki, Azərbaycan cəmiyyətində qəbul edilən bir fakt deyil”
Naib Niftəliyev: “Surroqat anlayışı hələ ki, Azərbaycan cəmiyyətində qəbul edilən bir fakt deyil”

İllərdir surroqat analıqla bağlı mövzular gündəmdə qalmaqda davam edir. Bu istiqamətdə müxtəlif reklamlar sosial mediada yaradılan səhifələr vasitəsilə yayımlanır. Canlı yayımlar açaraq qadınları bu işə cəlb edirlər və bildirirlər ki, bu proses xəstəxana həyata keçirir.

Bildirirlər ki, 18-38 yaş arası qadınları Gürcüstana dəvət edirlər. Uşaq ya qeysəriyyə əməliyyatı, ya da təbii doğuş yolu ilə dünyaya gəlir. Uşaq doğulduqdan sonra öz bioloji ana-atasına təhvil verilir.

Bu prosesin Gürcüstanda qanuni şəkildə həyata keçirildiyini, leqal şəkildə aparıldığını və notariusda müqavilə bağlandığını bildirirlər. Aylıq 400 dollar ödəniş verilir, lakin sonda verilən 17-18 min dollar məbləğindən bu pul çıxılmır, ayrıca ödənilir.

Özlərinə haqq qazandıraraq bildirirlər ki, dünyada 2-3 milyondan çox yetim uşaq var. Yeni doğulmuş, küçəyə atılmış və uşaq evlərində qalan uşaqlar var.

Yəni ailələr niyə məcbur olur ki, uşağın dünyaya gəlməsi üçün 50-60 min, 70 min, hətta 100 min dollara qədər xərc çəksinlər? Gedib küçəyə atılmış uşaqları da götürə bilərlər.

  • Qadınları surroqat ana olmağa sövq edən səbəblər nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Naib Niftəliyev bildirib ki, bu fakt Azərbaycan cəmiyyəti və Şərq ölkələri üçün xarakterik bir hal deyil: “Prinsip etibarilə, bu, kifayət qədər mübahisə doğuran, polemik və müəyyən mənada bəzi insanlarda narazılıq yarada biləcək bir məqamdır. Surroqat ananın xidmətinə müraciət edən xanımlar adətən ana olmaq imkanı olmayan xanımlar olur və onların razılığı ilə valideynlər birlikdə qərar verirlər ki, hansı qadının xidmətindən istifadə etsinlər. Təbii ki, mümkün qədər 18 yaşdan yuxarı və 35 yaşdan aşağı olan qadınlara üstünlük verilir. Bu seçim müəyyən mənada ailənin maddi imkanları və potensial risklərlə də bağlıdır”.

Naib Niftəliyev deyib: “Risk həmişə var. Xüsusilə də surroqat ana gənc, ailə qurmamış və daha əvvəl ana olmamış bir xanımdırsa, burada müəyyən risklər daha böyük olur. Hamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir. O, bu prosesə razılıq versə belə, mənəvi, fizioloji bağlar səbəbindən öz övladına bağlılıq hiss edə bilər. Bu səbəbdən uşağı başqa bir ailəyə təhvil vermək anaların böyük bir hissəsi üçün olduqca çətin olur. Bununla bağlı müxtəlif bədii filmlər, maarifləndirici rollar çəkilir. Amma istənilən halda bu, böyük risk doğuracaq, sosial məsuliyyət daşıyan bir məsələdir və ümumiyyətlə, pul müqabilində bunu edəcək şəxslər də vəziyyəti başa düşürlər. Təbii ki, imkanı olan və maddi çətinliyi olmayan hər hansı bir qadın çox nadir hallarda buna icazə verir, buna əl atır”.

Sosioloqun sözlərinə görə, bu hadisəyə müsbət və ya mənfi yanaşma bildirmək kifayət qədər çətindir: “Başqa bir tərəfdən də, burada sosial, bioetik məqamlar yetərincə çoxdur. Bioloji ananın real ana olması, yaxud uşağı necə tərbiyə etməsi, analıq hisslərinin olub-olmaması, övlada olan münasibəti və tərbiyəsi ilə bağlı böyük olmasa da, müəyyən kiçik faktlar ortaya çıxır. Məsələn, bu qərarı verəndən sonra uzun müddət ailə qurub övlad sahibi olmurlar, əksər hallarda belədir. Sonra da elə olur ki, onların öz ailələrində övlad dünyaya gələ bilir. Bu qeyri-müəyyənlik səbəbindən müəyyən yanlış diaqnozlara, yanlış yanaşmalara səbəb ola bilər. Yəni birmənalı şəkildə bu hadisəyə müsbət və ya mənfi yanaşma bildirmək kifayət qədər çətindir”.

Naib Niftəliyev vurğulayıb:

Düşünürəm ki, istənilən halda bu fakt Azərbaycan cəmiyyəti və Şərq ölkələri üçün çox da təqdir olunan və xarakterik bir hal deyil. Düzdür, Azərbaycan dünyəvi ölkədir, bütün məsələlərə diqqət yetirilir, ancaq surroqat anlayışı hələ ki, Azərbaycan cəmiyyətində çox da rast gəlinən, yaxud qəbul edilən bir fakt deyil.

Naib Niftəliyev əlavə edib: “Kimlərsə bunu Gürcüstanda gedib edirsə belə, yəqin ki, cəmiyyət məlumatlandıqda, həmin şəxsin maddi imkanından və vəziyyətindən asılı olmayaraq, ciddi ictimai qınağa tuş gəlir. Həmin şəxsin normal həyata adaptasiyası, yaxud ailə qurub yenidən övlad sahibi olması və həyatını normal şəkildə davam etdirməsi məsələsi bir qədər müzakirə və mübahisə mövzusuna çevrilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »