Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici mətbəx təqdim edən restoranlar turist azlığından bağlanır: Hotellərin vəziyyəti də pisdir
Xarici mətbəx təqdim edən restoranlar turist azlığından bağlanır: Hotellərin vəziyyəti də pisdir

Ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı dayanmadan azalır. Keçən ay məlum olmuşdu ki, son hesabatda 11 faiz azalma var. İyulun göstəricilərinin daha aşağı olacağı gözlənilir. Dövlət Turizm Agentliyinin narahatlığı da buna görədir. Göstəricilər böyük məyusluq doğurur.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Turizm Sənaye Liderlərinin görüşündə vəziyyətin yaxşı olmadığını etiraf edib. O, səbəblər barədə danışıb. Rəşad Əliyevin fikrincə, Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turist axınına mənfi təsir göstərib. Sədr müavini Hindistanla Pakistan arasındakı gərginliyi də fərqləndirib.

Əslində, ölkəyə məhz turizm məqsədilə gələn əcnəbilərin daha böyük hissəsi Hindistan vətəndaşı olurdu. Amma yuxarıda sadalanan səbəblər bu ölkədən axının qarşısını alıb. Bunun nəticəsidir ki, xarici mətbəx təqdim edən restoranlar, xüsusilə hind mətbəxinə müraciət edənlər bir-bir bağlanır. Qəbələdə bir neçə restoranın bağlanması barədə xəbər vermişdik. Şahdağ yolundakı iaşə obyektləri yayı son şans kimi istifadə edir. Bu gedişlə payızda fəaliyyəti davam etdirmək mümkün olmayacaq. Paytaxtda da vəziyyət fərqli deyil. Yalnız hind mətbəxi təqdim edən “Spicy Master” artıq fəaliyyətini dayandırıb. Obyekt sahibi yeni icarədar axtarır. Hətta paytaxtın mərkəzində də restoranları ayaqda saxlamaq olmur.

Hotellərin durumu ilə bağlı da həyəcan təbili çalınır. “SKAL İnternational Azərbaycan” təşkilatının rəhbəri Ceyhun Aşurov Bakıdakı mehmanxana və mehmanxana tipli obyektlərin ağır günlər yaşadığını deyir. Onun sözlərinə görə, turist müraciətləri 30 faiz azalıb. Ceyhun Aşurov xüsusilə icarədə olan hotellərin böyük çətinliklə üz-üzə qaldığını bildirir.

Hotel rəhbərləri Dövlət Turizm Agentliyi ilə daim müzakirələr aparır. Amma vəziyyətin tezliklə yaxşılaşacağı inandırıcı görünmür. İran müharibəsi yenidən alovlanıb. Körfəz ölkələrinin vətəndaşları bu zaman kəsiyində ölkəni tərk etməməyə üstünlük verirlər. Mövsüm yarı olub. Turistlərin daha çox üz tutduğu yerlərdəki iaşə obyektləri yayda xüsusilə özünə gəlir, yaxşı qazanc götürürdülər. Fevraldan sonra vəziyyət o qədər pisləşib ki, fəaliyyəti yalnız çətin şərtlərlə davam etdirmək olur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »