Ukraynada “İstəklilər koalisiyası” ölkələrinin hərbi kontingentlərinin yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir və belə qüvvələr Rusiya ordusu üçün qanuni hərbi hədəf hesab olunacaq.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Parisdə “İstəklilər koalisiyası”nın son iclasında Ukraynaya mümkün çoxmillətli hərbi qüvvənin göndərilməsi planlarının müzakirə olunmasına münasibət bildirərkən deyib.
“Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Ukraynada digər ölkələrin silahlı qüvvələrinin istənilən bəhanə ilə yerləşdirilməsi tamamilə qəbuledilməzdir. Biz bunu xarici hərbi müdaxiləyə hazırlıq kimi qiymətləndiririk. Bu cür “çoxmillətli qüvvələri” qanuni hərbi hədəf hesab edəcəyik”, – Zaxarova qeyd edib.






