Yaxın Şərqdə hərbi gərginlik daha təhlükəli mərhələyə qədəm qoyub. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qisas” əməliyyatı çərçivəsində Küveyt, Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Bu iddialar regionda qüvvələr balansının dəyişə biləcəyi və Vaşinqtonun mümkün cavabının yeni eskalasiya dalğasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
SEPAH-ın ABŞ bazalarına endirdiyini iddia etdiyi zərbələr regiondakı qüvvələr nisbətini və ABŞ-ın Yaxın Şərqdəki hərbi strategiyasını dəyişə bilərmi, yoxsa bu, tərəflərin psixoloji üstünlük uğrunda apardığı məhdud güc nümayişi olaraq qalacaq?
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hələ də ictimaiyyətə tam açıqlanmayan Müctəba Xamenei tərəfindən belə bir bəyanat verildiyi bildirilmişdi ki, Birləşmiş Ştatlardan atasının - Əli Xameneinin - qisası alınacaq.
Bu bəyanatdan sonra İranın müxtəlif media qurumları - hökumətə yaxın, hökumətyönlü, eləcə də SEPAH-ın maliyyə dəstəyi ilə fəaliyyət göstərən informasiya resursları -vasitəsilə müxtəlif məlumatlar yayılmağa başladı. Həmin məlumatlarda hədəf alınacaq ölkələrin və dövlət başçılarının adları açıqlanırdı.
Siyahıda müxtəlif ölkələr yer alırdı və onların böyük əksəriyyəti ərəb dövlətləri idi. İddialara görə, həmin ölkələrdə yerləşən ABŞ hərbi bazaları hədəf kimi göstərilirdi.
Politoloqun fikrincə, bu addım əslində gözlənilən idi. Çünki İran bundan əvvəl də İordaniya, Küveyt, Bəhreyn və digər ölkələri müxtəlif formalarda hədəf alırdı və bu proses davamlı xarakter daşıyırdı.
“Lakin burada Azərbaycan mediasının kifayət qədər diqqət yetirmədiyi mühüm bir məqam var. Bu da İran və Oman Sultanlığı arasında münasibətlərin korlanması məsələsidir.
Oman hər zaman İranın həm Birləşmiş Ştatlarla, həm Qərblə, həm də digər ölkələrlə dialoqunun tərəfdarı olub. Bu ölkə həmin proseslərdə daim təşəbbüskar və vasitəçi rolunda çıxış edib.
Ötən gün Hörmüz boğazı istiqamətində, daha dəqiq desək, Oman sahillərində yerləşən Müsəndəm vilayətində İranın pilotsuz uçuş aparatları ilə bağlı hadisə baş verdi. İran tərəfindən Oman ərazisinin hədəfə alındığı bildirildi.
Daha sonra müxtəlif açıqlamalar səsləndirildi ki, bu, yanlış anlaşılmadır, İran bunun arxasında dayanmır və sair. Amma bütün bunlara baxmayaraq, Oman Sultanlığı İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı və ona ilk dəfə demək olar ki, ən sərt formada etiraz notası təqdim etdi”, - deyə Rufiz Hafizoğlu bildirib.
- Tehran nə üçün Oman Sultanlığını hədəf aldı?
Politoloqun fikrincə, bu suala cavab kifayət qədər aydındır. İran üzərinə təzyiqlər artdıqca daha radikal addımlar atmağa başlayır.
Onun sözlərinə görə, İran bu addımlarla dünyaya mesaj verməyə çalışır ki, Birləşmiş Ştatlar və İsraillə qarşıdurma məsələsi siyasi oyun və ya blef deyil:
“İran demək istəyir ki, ətrafındakı ölkələri də hədəf almaq imkanına malikdir. Buraya Qətər, Küveyt, İordaniya daxildir. Səudiyyə Ərəbistanı məsələsində müəyyən tərəddüdlər mövcuddur, amma daha əvvəl də Səudiyyə ərazisi aktiv şəkildə hücumlara məruz qalmışdı. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri də hədəf dairəsində olan ölkələrdəndir.
Oman məsələsinə gəldikdə isə, bu, çox ciddi siqnaldır. Çünki Oman uzun müddət İranla Qərb arasında dialoqun qurulmasında mühüm rol oynayan ölkələrdən biri olub”.
Rufiz Hafizoğlu hesab edir ki, bu addım, hər şeydən əvvəl, danışıqlar prosesinin daha da dalana dirəndiyini göstərir.
“İran bundan sonra da daha radikal addımlar ata bilər və düşünürəm ki, İranın hədəf dairəsi genişlənəcək. Bu, olduqca təhlükəli tendensiyadır.
Burada məqsəd İranın addımlarına haqq qazandırmaq deyil. Mən demirəm ki, İran bu addımları atmaqda haqlıdır və ya bunu hansısa səbəblə əsaslandırmaq olar. Sadəcə olaraq, İranın uzun müddətdir mövcud olan strategiyası indi daha açıq şəkildə ortaya çıxır.
İran hazırda daha çox sıxışdırıldığı üçün əvvəllər yalnız mesaj formasında verdiyi bəzi reaksiyaları indi praktik addımlarla göstərməyə çalışır.
Bundan sonra böyük ehtimalla Səudiyyə Ərəbistanı da daha ciddi şəkildə hədəf dairəsinə daxil ola bilər. Eyni zamanda NATO sammitindən sonra, xüsusilə bəzi NATO ölkələrində İrana münasibətin sərtləşməsi fonunda Türkiyə də gələcəkdə daha sərt formada İranın hədəf obyektinə çevrilə bilər”, – deyə politoloq bildirib.
Politoloqun fikrincə, baş verənlər yalnız psixoloji üstünlük məsələsi deyil, daha geniş regional proseslərin tərkib hissəsidir.
Onun sözlərinə görə, bu proseslərdə ən çox itirən tərəf ərəb ölkələridir.
Çünki ərəb ölkələrinin Birləşmiş Ştatlarla təhlükəsizlik müqavilələri mövcuddur. Hətta İsrailin Qətərlə bağlı hadisələrindən sonra, HƏMAS məsələsi fonunda ABŞ Qətərlə müqavilə imzalayaraq bildirdi ki, Qətərə qarşı hər hansı müdaxilə Birləşmiş Ştatlara qarşı müdaxilə kimi qiymətləndiriləcək.
Lakin bütün bunlara baxmayaraq, həmin təminatların real nəticəsinin nə qədər effektiv olduğu sual altındadır:
“Dolayısı ilə burada itirən tərəf, heç şübhəsiz, ərəb ölkələridir.
Qazanan tərəfə gəldikdə isə, ərəb ölkələrinin zəifləməsi fonunda regional baxımdan güclənən tərəflərdən biri İsraildir. İsrailin hərbi və siyasi üstünlüyü artır.
Bu baxımdan İranın qonşu ərəb ölkələrini hədəf alması dolayı yolla İsrailin maraqlarına xidmət edən nəticələr yaradır. Bu proses yalnız bir tərəfin addımları ilə izah edilə bilməz. Bölgədə baş verənlər çox mürəkkəb geosiyasi amillərin nəticəsidir”.
Rufiz Hafizoğlu vurğulayıb ki, İran rejiminin siyasəti dəyişmədiyi və ölkə mövcud siyasi kursunu davam etdirdiyi müddətdə regionda davamlı sabitliyin təmin olunması çətin olacaq.
“Bütün günahları yalnız İranda görmürəm, bu ayrıca müzakirə mövzusudur. Amma ümumi mənzərə ondan ibarətdir ki, qarşıdakı dövrdə vəziyyət daha sərt istiqamətdə inkişaf edə bilər”, – deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info






