Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slavyan xalqları üçün... Türk örnəyi
Slavyan xalqları üçün... Türk örnəyi

Prezident İlham Əliyev Ukraynalı jurnalist Dmitri Qordonun bir il əvvəlki sualına yenə də eyni cavabı verib. Bu, IV Şuşa Qlobal Media Forumunda baş verib.

Prezident ötən il Ukraynaya, ukraynalılara işğalla barışnamaq məsləhətini vermişdi. Bu dəfə də eyni fikirdədir: "Nə Ukrayna xalqı, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi".

Bununla da Azərbaycan Prezidenti Rusiyanın Ukrayna ərazisində işğalçı müharibə apardığını bir daha söyləmiş oldu.

Prezident "vəziyyətə və davam edən hərbi əməliyyatların perspektivlərinə dair" öz qiymətləndirməsinə əsaslanaraq belə deyib: "Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir. ...Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır".

Prezident İlham Əliyev deyib ki, aprel ayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə "təmas xətti boyunca hərbi əməliyyatların dərhal dayandırılması" haqda müzakirə aparıblar.

Prezident deyib: "Bu təklifin hələ də nə dərəcədə aktual olduğunu bilmirəm, bunu demək mənim üçün çətindir, amma hər halda, o, (yəni Prezident Zelenski-B.H.) bunu açıq şəkildə geri götürməyib".

Prezidentin sözlərindən məlum olur ki, Azərbaycan Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dərhal dayandırılması haqqında müzakirənin içərisində, hətta ola bilsin, mərkəzindədir. Bu təklif Rusiyaya da çatdırılıb. Zelenski, deyildiyi kimi, bu təklifi geri götürməyib (təklifi irəli sürən tərəf odur). Ukrayna bu təklifi geri götürməyibsə, Azərbaycan Prezidenti də təklifin nə qədər aktual olduğunu bilmədiyini deyirsə, aydındır ki, Rusiya tərəfi hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Əslində burada gizli bir şey də yoxdur: Rusiya Prezidenti Putin son çıxışlarında hərbi əməliyyatların uğurla getdiyini və davam etdirilməli olduğunu deyib. Azərbaycan Prezidenti isə bu mövqeyin doğru olmadığını, hərbi əməliyyatların perspektivlərinə inanmadığını Ukraynalı jurnalistin sualına cavabında bir daha vurğulayıb. Ona görə də Prezident İlham Əliyev faktik olaraq hər iki tərəfə müharibəni dərhal dayandırmaq çağırışını edib.

Prezident İlham Əliyev eyni zamanda müharibəni dayandırmaq üçün Ukraynaya ilkin şərtlərin irəli sürülməsinə, ərazi güzəştləri və sair kimi çağırışlara və tələblərə də öz münasibətini gizlətməyib. Bu kontekstdə Prezident belə deyib:

"Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir".

Bu, o deməkdir ki, Rusiyanın Ukrayna ərazilərini işğal və ilhaq etməsi qəbuledilməzdir. Ancaq sülh əldə olunması üçün güzəştlər müzakirə masasına gələrsə, buna Ukrayna hökuməti deyil, xalqı razılıq verməlidir. "Sərhədlər zorla dəyişdirilə bilməz", "Ukrayna xalqı qərar verməlidir" sözləri o deməkdir ki, hər hansı atəşkəs razıkaşması,, hətta sülh sazişi belə olarsa, bu, işğalı qanuniləşdirməyə yönəlməməlidir. Ərazi xalqa məxsusdur, qərarı da xalq verməlidir.

Prezident İlham Əliyev başqa bir suala cavabında Azərbaycanı və Türkiyəni ad çəkmədən Rusiyaya və Ukraynaya nümunə göstərib: "Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar".

Bu, birinci növbədə Rusiyaya mesajdır: ruslar və Ukraynalılar slavyan kökənli xalqlardır - əslində Türkiyə və Azərbaycan kimi bir millətin iki dövlətudir. Buna görə də bu gün ruslar Ukraynada öz milli arealını vurub dağıdır.

Prezident İlham Əliyev hər iki ölkəyə müharibənin əslində qardaş qırğını olduğunu anlatmağa çalışır. Onlara Azərbaycan-Türkiyə qardaşlıq modelini təklif edir. Bu halda Rusiyanın Ukrayna ərazisini nə işğal, nə ilhaq etməyə ehtiyacı qalmaz. Bu fikri inkişaf etdirsək, slavyan xalqının dövlətlərinə - Rusiya, Ukrayna və Belorusa (ən azı - bəlkə də başlanğıcda Şərq slavyanlarına) Türk Dövlətləri Təşkilatı örnək ola bilər. Ehtimal edirəm ki, buna işarə olunur. İndilik bu real görünməsə də, işğalçı tərəfə müharibənin mənasızlığını anlatmaq üçün bir cəhddir.

Əgər Prezidentin cavabında bu nəzərdə tutulursa, deməli, Azərbaycan Rusiyaya, bütövlükdə slavyan xalqlarına yeni bir paradiqma təklif edib. Bu, müharibədə qalib gəlmək deyil, müharibəyə qalib gəlmək düşüncəsidir. Düşünürəm, hazırkı vəziyyətdə Rusiya-Ukrayna savaşına münasibətdə bundan daha adil və aqil bir yanaşma, daha miqyaslı bir fikir yoxdur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »