Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Surroqat ana olmaq: Qadın hansı psixoloji sınaqlarla üzləşə bilər? – Psixoloq açıqladı
Surroqat ana olmaq: Qadın hansı psixoloji sınaqlarla üzləşə bilər? – Psixoloq açıqladı

İllərdir surroqat analıqla bağlı mövzular gündəmdə qalmaqda davam edir. Bu istiqamətdə müxtəlif reklamlar sosial mediada yaradılan səhifələr vasitəsilə yayımlanır. Canlı yayımlar açaraq qadınları bu işə cəlb edirlər və bildirirlər ki, bu proses xəstəxana tərəfindən həyata keçirilir.

Bildirirlər ki, 13-38 yaş arası qadınları Gürcüstana dəvət edirlər. Bir evdə maksimum 4 hamilə qadın qalır. Ailə üzvləri onları ziyarət edə bilər, amma onlarla qalmağa icazə verilmir. Uşaq ya qeysəriyyə əməliyyatı, ya da təbii doğuş yolu ilə dünyaya gəlir. Uşaq doğulduqdan sonra öz bioloji ana-atasına təhvil verilir.

Bu prosesin Gürcüstanda qanuni şəkildə həyata keçirildiyini, leqal şəkildə aparıldığını və notariusda müqavilə bağlandığını bildirirlər. Aylıq 400 dollar maaş verilir, lakin sonda verilən 17-18 min dollar məbləğindən bu pul çıxılmır, ayrıca ödənilir.

Daha sonra bildirilər ki, uşaq 2-3 ay sənədləşmə işləri ilə əlaqədar xəstəxanada qalır və uşağın bioloji valideynləri xəstəxanaya gəlib onları aparır. Surroqat ana 10 iş günü ərzində pulunu, eyni zamanda ödənişiniz biletini alaraq ölkəsinə geri qayıdır.

  • Surroqat ana olmaq qadının psixoloji vəziyyətinə necə təsir edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, mövzuya yalnız iqtisadi və ya hüquqi prizmadan yanaşmaq kifayət etmir: “Surroqat analıq yalnız tibbi və hüquqi deyil, eyni zamanda mürəkkəb psixoloji prosesdir. Bu mövzuya yalnız iqtisadi və ya hüquqi prizmadan yanaşmaq kifayət etmir. Prosesin mərkəzində insanın emosional dünyası, ana-övlad bağının formalaşması, ailə münasibətləri və psixoloji rifah dayanır.

Hamiləlik qadının orqanizmində təkcə fiziki deyil, həm də ciddi emosional və hormonal dəyişikliklər yaradır. Doqquz ay ərzində döl ilə ana arasında tədricən emosional bağ formalaşır. Psixologiyada bu proses prenatal bağlanma adlanır və qadının özünü ana kimi hiss etməsi təbii mərhələlərindən biridir. Uşağın hərəkətlərini hiss etmək, onun inkişafını izləmək və doğuşa hazırlaşmaq bu bağlılığı daha da gücləndirir.

Surroqat analıq zamanı isə qadın əvvəlcədən bilir ki, doğulduqdan sonra uşaq onun yanında qalmayacaq. Bu məlumat psixoloji hazırlığa kömək etsə də, emosional bağlılığın tam yaranmasının qarşısını həmişə ala bilmir. Bəzi qadınlar doğuşdan sonra ayrılıq hissi, boşluq, kədər və emosional gərginlik yaşayırlar. Bəziləri isə prosesi əvvəlcədən qəbul etdikləri üçün bunu daha rahat keçirə bilirlər. Bu fərq hər bir insanın şəxsiyyət xüsusiyyətlərindən, emosional dayanıqlığından və aldığı psixoloji dəstəkdən asılıdır”.

Elnur Rüstəmov deyib: “Doğuşdan sonrakı dövr hormonal dəyişikliklərin ən intensiv olduğu mərhələlərdən biridir. Bu dövrdə surroqat ana da digər qadınlar kimi doğuşdan sonrakı emosional həssaslıq, narahatlıq və bəzi hallarda postpartum depressiya riski ilə üzləşə bilər. Bu səbəbdən belə qadınların yalnız tibbi deyil, peşəkar psixoloji müşayiətə də ehtiyacı olur”.

Elnur Rüstəmovun sözlərinə görə, yanlış təsəvvürlər qadında əlavə psixoloji yük yarada bilər: “Mövzunun başqa mühüm tərəfi qadının öz ailəsidir. Həyat yoldaşı, övladları və yaxınları prosesə fərqli münasibət göstərə bilərlər. Cəmiyyət tərəfindən səsləndirilən tənqidi fikirlər, damğalama və yanlış təsəvvürlər əlavə psixoloji yük yarada bilər. Sosial dəstəyin zəif olması emosional gərginliyi daha da artıra bilər. Surroqat analıq prosesində nəzərə alınmalı olan əsas məsələlərdən biri də psixoloji qiymətləndirmədir. Qadının bu qərarı könüllü şəkildə, heç bir psixoloji təzyiq olmadan qəbul edib-etmədiyi, emosional sabitliyi, stresslə mübarizə bacarığı, gözləntiləri və mümkün ayrılıq prosesinə hazırlığı əvvəlcədən peşəkar şəkildə dəyərləndirilməlidir. Bu qiymətləndirmə yalnız prosesdən əvvəl deyil, hamiləlik müddətində və doğuşdan sonra da davam etməlidir”.

Elnur Rüstəmov vurğulayıb: “Nəzərə almaq lazımdır ki, surroqat analıq haqqında cəmiyyətdə çox fərqli baxışlar var. Bəziləri bunu başqa bir ailəyə valideyn olmaq sevincini yaşatmaq kimi qiymətləndirir, digərləri isə etik və emosional baxımdan ciddi suallar qaldırırlar. Məhz buna görə bu mövzu emosional yanaşmalarla deyil, elmi biliklər, insan hüquqları, psixoloji rifah və etik prinsiplər əsasında müzakirə olunmalıdır”.

Elnur Rüstəmov əlavə edib: “Surroqat analıq yalnız tibbi prosedur deyil, insanın emosional dünyasına toxunan mürəkkəb psixoloji prosesdir. Belə qərar verən qadınların psixi sağlamlığının qorunması, peşəkar psixoloji müşayiətin təmin edilməsi və onların cəmiyyət tərəfindən damğalanmaması bu prosesin ən vacib şərtlərindən biridir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »