Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tahir Rzayev: Sülh və sabitlik iqtisadi inkişafın əsas şərtidir
Tahir Rzayev: Sülh və sabitlik iqtisadi inkişafın əsas şərtidir

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təhlükəsizliyi yalnız ölkə daxilində sabitliyin qorunması ilə deyil, həm də sərhədləri əhatə edən regionlarda davamlı sülhün təmin olunması ilə birbaşa bağlıdır. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq hüquqa əsaslanan ədalətli sülh həm regional sabitliyin, həm də iqtisadi inkişafın, investisiya mühitinin və cəmiyyətin psixoloji rifahının əsas şərtidir.

  • Azərbaycanın müharibədən sülhə keçid təcrübəsi və Prezident İlham Əliyevin hərbi əməliyyatların vaxtında dayandırılması ilə bağlı vurğuladığı yanaşma, Yaxın Şərqdə davam edən münaqişələrin həlli və yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından hansı praktik model və ya diplomatik presedent yarada bilər?

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik, şübhəsiz, iqtisadi inkişafın, əlverişli investisiya mühitinin formalaşmasının və insanların rifahının yüksəlməsinin əsas şərtləridir. Əgər ölkədə qarşıdurmalar, ziddiyyətlər və özbaşınalıq hökm sürürsə, həmin ölkədə nə dayanıqlı inkişafdan, nə də insanların normal həyat şəraitindən danışmaq mümkündür.

"Azərbaycan bu ağır mərhələni artıq geridə qoyub. 1990-cı illərin əvvəllərində ölkədə silahlı qruplaşmaların fəaliyyəti, özbaşınalıqlar və siyasi xaos Azərbaycan xalqının taleyində qara səhifələr açdı. Bu proseslər torpaqlarımızın düşmən tərəfindən işğalına şərait yaratdı, iqtisadiyyata ağır zərbələr vurdu və ölkənin beynəlxalq aləmdə təcrid olunmasına səbəb oldu.

Lakin bu çətin günlər artıq arxada qalıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqla ordunun birliyini təmin edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Ölkədə suverenliyin tam bərpası istiqamətində bütün zəruri addımlar atıldı. Bu gün Azərbaycan tam suveren dövlətdir və ölkə rəhbəri Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində fəal siyasət həyata keçirən liderlərdən biridir".

Deputat bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr, eləcə də Rusiya-Ukrayna müharibəsi Azərbaycana da müəyyən təsirlər göstərir. Çünki qonşu regionlarda baş verən müharibə və gərginliklər istər-istəməz ətraf ölkələrin iqtisadi və siyasi həyatına da təsir edir. Azərbaycan daxilində ictimai-siyasi sabitlik hökm sürür, əhali təhlükəsiz şəraitdə yaşayır. Bununla belə, regiondakı böhranlar iqtisadi əlaqələrə və ticarət dövriyyəsinə müəyyən mənfi təsirlər göstərir.

"İran, Rusiya və Ermənistan Azərbaycanın qonşu dövlətləridir. Bu ölkələrdə sabitliyin pozulması, müharibə və qarşıdurmaların davam etməsi təbii olaraq Azərbaycana da təsirsiz ötüşmür. Eyni zamanda, Azərbaycanın digər dövlətlərlə geniş iqtisadi və siyasi əlaqələri mövcuddur. Yaxın Şərqdə davam edən gərginliklər regional təhlükəsizlik arxitekturasının formalaşmasına və beynəlxalq əməkdaşlıq mühitinə də mənfi təsir göstərir".

Deputat vurğulayıb ki, məhz buna görə Azərbaycanın sülhün təmin olunması, təhlükəsizliyin qorunması və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ortaya qoyduğu təcrübə diqqətlə öyrənilməli və nümunə kimi qiymətləndirilməlidir. Hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalı, mövcud problemlərin qarşısı vaxtında alınmalıdır. Əks halda, bu müharibələrin daha geniş coğrafiyanı əhatə etməsi ehtimalı artır.

"Bunu İran, ABŞ və İsrail arasında yaşanan gərginlik fonunda da aydın şəkildə müşahidə edirik. Bu gün ərəb dövlətləri də daxil olmaqla bir çox ölkələr ciddi iqtisadi çətinliklərlə üz-üzədir. Müharibə və qeyri-müəyyənlik insanların narahatlığını artırır, iqtisadi sabitliyi zəiflədir.

Ona görə də hərbi əməliyyatların vaxtında dayandırılması, sülhə aparan yolların dəqiq müəyyənləşdirilməsi və münaqişələrin diplomatik vasitələrlə həlli istiqamətində ciddi təhlillər aparılmalıdır. Beynəlxalq ictimaiyyət də bu proseslərə seyrçi mövqedən yanaşmamalı, sülhün bərqərar olunması üçün daha fəal rol oynamalıdır".

Deputat əlavə edib ki, yalnız bu halda həm region dövlətləri, həm də iqtisadi əməkdaşlıq tərəfdaşları qarşıya qoyduqları məqsədlərə nail ola bilərlər. Əks təqdirdə yüksək iqtisadi inkişafdan, beynəlxalq əlaqələrin möhkəmlənməsindən və əməkdaşlığın genişlənməsindən danışmaq olduqca çətin olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »