Dünyada müşahidə olunan mürəkkəb vəziyyət elə təəssürat yaradır ki, insanlar indi daha az yaşamağa başlayıb. Halbuki orta ömür uzunluğu yalnız artır. Məsələn, BMT-nin Əhali Fondunun hesabatına görə, 1950-ci ildə orta göstərici 46,4 idi. 1965-ci ildə insanlar orta hesabla 54 il yaşaya bilirdilər. 1990-cı ildə göstərici 64-ə çatdı. İndi isə dünyada orta ömür uzunluğu 73,8-dir.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda insanlar çox yaşamır. Hər halda, orta ömür uzunluğuna görə dünya ölkələri arasında heç ilk “100-lük”də yoxuq. Azərbaycan son hesabatda 130-cı pillədə qərarlaşıb. Bizim ölkədə orta göstərici 74,89-dur. Kişilər 72,02, qadınlar 77,6 il yaşayır.
Gördüyünüz kimi, bizdəki göstərici dünyada orta ömür uzunluğundan yüksəkdir. Belə nəticə daha çox Qərb və Uzaq Şərq dövlətlərinin hesabına yaranır. Maraqlıdır, Avropanın üç cırtdan ölkəsi liderlər qrupundadır. Monako (86,73) 1-ci, San-Marino (86,03) 2-ci, Andorra (84,46) 7-cidir. Uzaq Şərqdən Honkonq (85,9), Yaponiya (85,15) və Cənubi Koreya (84,64) uyğun olaraq 3-5-ci yerləri tutur. BMT-nin Əhali Fondu kiçi adalardan ibarət, eyni zamanda Fransaya məxsus olan Sen-Barteleminin və Fransız Polineziyasının nəticələrini fərqləndirir. Sen-Bartelemi (84,63) 6-cı, Fransız Polineziyası (84,44) 8-cidir. İlk “10-luğ”u İsveçrə və Avstraliya qapadır.
Dünyada əhalisinin azı 80 il yaşadığı 59 dövlət və ya inzibati ərazi var. Qonşulardan Türkiyə 76-cı, İran 80-ci, Ermənistan 113-cü, Gürcüstan 128-ci, Rusiya 139-cu yerdədir. Biz hətta Banqladeşdən, Nikaraquadan da geri qalırıq.
Orta ömür uzunluğuna əsas təsir göstərən amillər arasında iqtisadi rifah, həyat tərzi, qidalanma, təhsil, ətraf mühit, tibbi xidmət xüsusi fərqlənir. Məhz bu istiqamətlərdə çox axsayırıq. Əhalinin qayğısına qalan proqramlar yox dərəcəsindədir. Bunun məntiqi nəticəsidir ki, ən az yaşayanların sırasında yer alırıq. Xəstəliklərin erkən aşkarlanması, keyfiyyətli müalicə orta ömür uzunluğuna çox təsir göstərir. Bizim ölkədə isə pulun yoxdursa, xəstəliyin ölənə qədər üzə çıxmaya bilər. İnsanlar yüksək gəlir səviyyəsi ilə bir çox problemlərin öhdəsindən gəlir. Liderlər sırasında olan dövlətlərdəki yüksək göstəricisinin səbəbi həm də bu amillə bağlıdır.
Aytən, Bizimyol.info






