Sosial mediada yayılan videoda qarşıdakı avtomobildən əvvəl sellofan paket, daha sonra isə iki dəfə dondurma sellofanının yola atıldığı görünür. Videoda əks olunan görüntülərə görə, vətəndaş avtomobili saxladaraq həmin şəxsə niyə zibili yola atdığını soruşub. Qarşı tərəf isə “get işinlə məşğul ol” cavabını verib.
- Zibili yol kənarına atan şəxslərə hansı cəza tətbiq olunur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan vəkil Yeganə Əliyeva bildirib ki, avtomobildən küçəyə zibil və ya hər hansı əşya atılması ayrıca inzibati xəta hesab olunur: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 13.10.2024-cü il tarixli qanunla edilən dəyişikliyindən sonra bu məsələ İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: Fiziki şəxslər üçün - 200 manat; Vəzifəli şəxslər üçün - 1 000 manat; Hüquqi şəxslər üçün isə - 4 000 manat cərimə nəzərdə tutulub”.
Yeganə Əliyeva əlavə edib: “Diqqət yetirilməli mühüm məqam odur ki, əvvəllər avtomobildən bayıra əşya atılması 327.1-ci maddə (yol hərəkəti qaydalarının pozulması) ilə tənzimlənirdi. Lakin sözügedən dəyişikliklər ilə bu müddəa həmin maddədən çıxarılaraq 352.2-ci maddəyə keçirilib və cərimə məbləği əhəmiyyətli dərəcədə artırılıb”.
Günel Həsənova, Bizimyol.info






