Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baku Electronics” kombi quraşdırılmasının "gecikdirilməsi" ilə bağlı iddialara cavab verdi
“Baku Electronics” kombi quraşdırılmasının "gecikdirilməsi" ilə bağlı iddialara cavab verdi

Müştəri sosial mediada “Baku Electronics”dən şikayət edib. Müştəri bildirib ki, iyulun 2-də kombi alıb, iyulun 8-də kombini gətiriblər. Həmin gün müştəri “Baku Electronics”in verdiyi nömrə ilə quraşdırma xidmətinə zəng edib, sifarişi qeydə alıblar. Köhnə kombini sökməyə 30 manat, təzəni quraşdırmağa 180 manat istəyiblər, bu, bir yana, deyirlər ki, ustalar üç iş günü ərzində gələcək.

  • Müştərinin kombi quraşdırılması üçün 3 iş günü gözləməli olduğu iddiası doğrudurmu?
  • Köhnə kombinin sökülməsinə görə 30 manat, yeni kombinin quraşdırılmasına görə isə 180 manat xidmət haqqı hansı tariflər əsasında müəyyən edilib?

Yaranan suallarla bağlı “Baku Electronics” MMC-yə sorğu ünvanladıq. “Baku Elektonics” Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, sifariş sayının artması standart vaxtdan bir qədər uzun ola bilər: “Baku Electronics” mağazalarından alınan məhsulların çatdırılması Bakı şəhəri daxilində, məhsulun alındığı günü izləyən növbəti gündən hesablanmaqla, adətən 3 gün ərzində həyata keçirilir. Eyni zamanda şirkətimizdə xüsusi kampaniyaların keçirildiyi dövrlərdə sifariş sayının artması və ya Bakı şəhərindən kənar qəsəbə və kəndlərə çatdırılma zamanı bu müddət standart vaxtdan bir qədər uzun ola bilər.

Həmçinin bildirilib: “Məhsulların quraşdırılması “Baku Electronics”in Servis Mərkəzi tərəfindən həyata keçirilir. Quraşdırma xidmətinin göstərilməsi üçün məhsulun quraşdırılacağı ünvanda standart quraşdırma şərtləri təmin olunmalıdır. Ünvan üzrə əlavə işlərin tələb olunması halında xidmət haqqı servis tərəfindən müəyyən edilir. Müştərinin ünvanında əvvəlcədən köhnə kombi olduğu halda, onun sökülməsi və quraşdırma üçün yerin hazırlanması müştəri tərəfindən təşkil olunur və ya servis ustaları tərəfindən ödənişli əsaslarla yerinə yetirilə bilər.

Kombinin quraşdırılma xidmətinin 180 manat təşkil etməsi görüləcək işin xüsusiyyətləri, quraşdırmanın peşəkar ustalar tərəfindən icra olunması və xidmətə zəmanət verilməsi ilə bağlıdır. Quraşdırma üzrə sifarişlərdə ustaların 3 iş günü ərzində ünvana yaxınlaşması standart servis xidməti çərçivəsində həyata keçirilir və bu müddət bütün quraşdırma sifarişlərinə şamil olunur. Bununla yanaşı, servisimiz tərəfindən ekspress quraşdırma xidməti də təqdim edilir. Müştəri quraşdırmanın daha qısa müddətdə, məsələn, 1 gün ərzində həyata keçirilməsini istəyərsə, əlavə ödəniş əsasında bu xidmətdən yararlana bilər. Ekspress xidmətin şərtləri və qiyməti barədə servis xidməti tərəfindən ətraflı məlumat təqdim olunur”.

O da bildirilib ki, müştərilər çatdırılma və quraşdırma prosesləri ilə bağlı əvvəlcədən məlumatlandırılır: “Daxil olan müraciət və narazılıqlar isə diqqətlə araşdırılır, hər bir müraciət üzrə mövcud qaydalar çərçivəsində dəstək göstərilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »