Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Namus üstündə öldürübsə, onu bağışlayaram"
Dostunu amansızlıqla qətlə yetirib, daha iki nəfəri bıçaqlamaqda təqsirləndirilənin məhkəməsində şahid ifadələri dinlənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, ciunayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyanın icraatındadır.

İttihama görə, Amal Zülfüqarov hadisədən bir müddət əvvəl Xaçmada istirahətdə olarkən, dostu Qismətin onunla soyuq davrandığını hiss edib. Daha sonra Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Hadisə Qobustanda kafedə baş verib. O, Qisməti bıçaqlamaqla yanaşı, onları ayırmaq istəyən kafe işçilərinə də bıçaqla xəsarət yetirib. Qismət hadisə nəticəsində dünyasını dəyişib, daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Prosesdə şahid qismində ifadə verən Elvin Osmanov hadisə baş verən kafedə işlədiyin deyib. O qeyd edib ki, hadisə baş verən zaman mətbəxdə olub və səs-küy başlayandan sonra zala gəlib. Şahidin sözlərinə görə, həmib vaxt artıq bıçaqlanma baş veribmiş. “Yaralılardan Tələtin yanında idim, onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Mən Tələt çölə çıxanda onun arxasıca çıxdım” – deyən E.Osmanov nə baş verdiyini görmədiyini deyib.

Qətlə yetirilən Qismətin anası şahidə sual verərək, Amalın oğlunu vurmasının səbəbini deyib-demədiyini soruşub: "Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm".

Şahid həmin vaxt heç nə eşitmədiyini söyləyib.

Təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov ifadəsində oğlu ilə mərhum arasında yaxın dostluq münasibəti olduğunu deyib. O bildirib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub, amam səbəbini heç kimə deməyib”.

Mərhumun anası Mahir Zülfüqarova da eyni sualı verib: "Oğlun deyirdimi ki, Qismət sənin qızınla danışıb, buna görə oğlumu öldürüb?".

Bu sualdan qəzəblənən Amal Zülfüqarovu saxlanıldığı şüşə qəfəsə yumruqla vurub. Hakim Amala xəbərdarlıq edərək, növbəti dəfə belə hərəkətə görə zaldan çıxarılacağını söyləyib.

Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib: "Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər".

Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Alamniyada olan bacısının hicaba keçməsini istəyib: "Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın".

Amalın qardaşı Asif Zülfüqarov da ifadəsində bildirib ki, qardaşı ilə mərhum arasında gözəl münasibət olduğunu deyib: "Amal anama deyirdi ki, sənin üç oğlun var, biri də Qismətdir”.

O, hadisənin əsas şahidlərinin doğru danışmadığını da deyib: “Hadisədən qabaq da kafedə danışıq olub, hamısı bilirdi, amma danışmırlar. Nabranda olanda müasir geyimli bir qız haqqında Qismətin dediyi sözə görə mübahisə ediblər. Qardaşımın telefondakı danışıqlarında da var ki, orada olan uşaqlar Amala deyir ki, çox dərinə getmə. Bu söhbətdən sonra Amal istəyirdi ki, bacım hicab bağlasın. Çünki istəmirdi ki, kimsə bacım haqqında nəsə danışsın, hətta fərqli fikir formalaşsın".

Amal Zülfüqarov da məhkəmədən söz alaraq, qardaşının dediyini təsdiqləyib: O vurğulayıb ki, mərhum dostu başqaları haqda doğru danışmadığı üçün mübahisələri olub: “Camaatın anası, bacısı haqda sözlər deyirdi. Dəfələrlə xəbərdarlıq etmişəm ki, bir gün səni kimsə vuracaq. Biz də sənin güdazına gedəcəyik. Mən onun doğru yola gəlməsini istəyirdim. Qismətin anasını, atasını, qardaşını başa düşürəm. Amma anasının dedikləri sözlər mənə xoş gəlmədi".

Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.

Amal Zülfüqarov özünü qismən təqsirli bilib .

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »