Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada mövsümün ən kütləvi öküz qaçışı keçirilib
İspaniyada mövsümün ən kütləvi öküz qaçışı keçirilib

İspaniyanın Pamplona şəhərində iyulun 12-də ənənəvi San-Fermin festivalı çərçivəsində bu mövsümün altıncı öküz qaçışı keçirilib. Qaçışda məşhur "La Palmosilla" təsərrüfatına məxsus öküzlər iştirak edib. Tədbirin bazar gününə təsadüf etməsi səbəbindən şəhərin dar küçələrində bu mövsümün ən çox iştirakçısı qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, İspaniyanın EFE agentliyinin məlumatına görə, qaçış 2 dəqiqə 23 saniyə davam edib və olduqca gərgin keçib. Öküzlər marşrutun ilk metrlərindən sürüdən ayrıldığı üçün sıx izdiham arasında təhlükəli anlar yaşanıb, çoxsaylı iştirakçı yıxılıb.

İspaniyanın La Vanguardia nəşrinin yaydığı rəsmi tibbi məlumata əsasən, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Navarra Universitet Xəstəxanasında bir nəfərin öküzün buynuzu ilə yaralandığı qeydə alınıb.

Daha səkkiz iştirakçı isə daş döşənmiş küçələrə yıxılarkən ağır əzilmələr, sınıqlar və kəllə-beyin travmaları alıb. Estafeta və Merkaderes küçələri ilə şəhər arenasına doğru qaçan öküzlərin çəkisi 555-590 kiloqram arasında olub.

San-Fermin festivalı hər il iyulun 6-dan 14-dək keçirilir və tarixi 1591-ci ilə gedib çıxır. Pamplona şəhəri amerikalı yazıçı Ernest Heminqueyin 1926-cı ildə nəşr olunan məşhur "Fiesta" romanında bu hadisələri təsvir etməsindən sonra dünya şöhrəti qazanıb.

Bu ilki festival da heyvan hüquqlarını müdafiə edən təşkilatların etiraz aksiyaları ilə müşayiət olunub və tədbirin keçirilməsinin məqsədəuyğunluğu ətrafında mübahisələr yenidən alovlanıb. Statistikaya görə, 1924-cü ildən bəri Pamplonadakı öküz qaçışlarında 16 nəfər həlak olub. Son ölüm hadisəsi isə 2009-cu ildə qeydə alınıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »