ABŞ Prezidenti Donald Tramp vəfat edən respublikaçı senator Lindsi Qremlə Ukraynadakı müharibə ilə bağlı fərqli mövqedə olduqlarını bildirib. Onun sözlərinə görə, özü münaqişənin mümkün qədər tez başa çatmasının tərəfdarı olub, Qrem isə daha sərt mövqe nümayiş etdirirdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Tramp CNN telekanalına müsahibəsində bildirib.
"Aramızda müəyyən fikir ayrılıqları var idi. Mən Ukraynadakı müharibənin mümkün qədər tez başa çatmasını istəyirdim. Hesab edirəm ki, o, müharibənin davam etməsinin tərəfdarı idi. Açığını desəm, bu məsələdə çox sərt mövqe tuturdu", - deyə Tramp bildirib.
ABŞ lideri deyib ki, iyulun 11-də, senatorun vəfatından az əvvəl onunla telefonla danışıb. Trampın sözlərinə görə, Qrem bu yaxınlarda Ukraynaya etdiyi səfərdən qayıtmışdı və uzun yol səbəbindən özünü yorğun hiss etdiyini deyib.
"O, Ukraynadan yenicə qayıtmışdı. Dedi ki, uzun səfərdən yorulub, amma ümumilikdə vəziyyəti yaxşı idi. Düşünürəm ki, bu danışıq onun ölümündən bir qədər əvvəl baş tutub. O, mənə təxminən saat 18:30-da zəng etmişdi, təcili yardım əməkdaşları isə az sonra hadisə yerinə gəldilər," – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ Senatının respublikaçı üzvü Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib.
Qrem Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. Demokrat senator Riçard Blumentalla birlikdə hazırladığı sənəddə Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-a idxal olunan mallara 500 faizədək gömrük rüsumunun tətbiqi də təklif edilirdi.
Bundan başqa, Lindsi Qrem İsrailin fəal tərəfdarlarından biri kimi tanınıb və ABŞ-nin İrana qarşı hərbi kampaniyasını dəstəkləyən siyasətçilər sırasında yer alıb.
Bizimyol.info






