Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sözün cazibə qüvvəsi”: Bahəddin Həzi ilə görüş keçirilib
“Sözün cazibə qüvvəsi”: Bahəddin Həzi ilə görüş keçirilib

Yazıçı-publisist, Bizimyol.info xəbər portalının təsisçisi Bahəddin Həzinin, özünün təbirincə desək, dost məclisi keçirilib.

Bizimyol.info xəbər verir ki, Litera Kitab Evində baş tutan “Sözün cazibə qüvvəsi” adlı tədbirdə şair, yazıçı-publisist Seyran Səxavət, tanınmış şair Qulu Ağsəs, professor Qulu Məhərrəmli, sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev, jurnalistlər, yazıçılar, oxucular iştirak ediblər.

Tədbir iştirakçıları Bahəddin Həzinin yaradıcılığı və publisistik fəaliyyəti ilə bağlı ürək sözlərini bölüşüblər.

Tədbiri tanınmış şair Qulu Ağsəs açıq elan edib. Əvvəlcə qonaqları salamlayıb, daha sonra sözün və kitabın cəmiyyətdəki rolundan danışıb. O tədbirin ərsəyə gəlməsində Bahəddin Həziyə, Litera Kitab Evinə və iştirakçılara təşəkkürünü bildirib.

Etibar Əliyev çıxışında tədbirin adının uğurlu seçildiyini vurğulayaraq deyib: “Tədbirin adı gözəldir - “Sözün cazibə qüvvəsi”. Cazibə əslində fiziki termindir. Amma biz - oxucular, publisistlər və dramaturqlar sözün cazibə qüvvəsinin nə olduğunu yaxşı bilirik. Esse ən çətin janrlardan biridir. Mən bir dəfə yazmışdım ki, Bahəddin Həzi Azərbaycan ədəbiyyatının ən yaxşı esse ustalarından biridir. Azərbaycanın Borxesidir. Onun hər bir cümləsində bir partlayış var”.

Kitabın ön sözünün müəllifi, yazıçı Seyran Səxavət isə çıxışında sözün və kitabın insan həyatındakı əhəmiyyətindən bəhs edərək deyib: “Kitabın evi olsa, hamının evi olacaq. Kitabın evi olmasa, heç kimin evi olmayacaq”.

Professor Qulu Məhərrəmli çıxışında bildirib: “Bahəddin Həzi bizim ən gözəl publisistlərimizdən biridir. Sözü məqamında deməyin ustasıdır. Biri var, bir hadisə olur, onun üstündən xeyli vaxt keçir - bir həftə, bir ay, bir il. Sonra kimsə deyir ki, o vaxt belə bir hadisə olmuşdu, bu belə idi, elə idi. Belə yanaşmaların artıq heç kimə faydası olmur. Amma sözü məqamında deyən yazıçı, publisist cəmiyyətə, düşüncəyə xidmət edir. Onun qələmi, sözü milli düşüncəyə xidmət edir.

Publisistikanın işi ağırdır. Ona görə ki, publisistika mozaika daşları kimidir. Ayrı-ayrı məqalələrdən, yazılardan ibarətdir. Amma həmin parçaları birləşdirəndə bütöv bir tablo yaranır. Bahəddin Həzinin kitabındakı yazılar da belədir. Burada müxtəlif duyğular, fərqli problemlərə yanaşmalar var və onların hamısı görünür.

O kitabı oxuyanda mən Bahəddin Həzini bir daha kəşf etdim. Onun şəxsiyyətinə, cəsarətinə, sakitliyinin içindəki olan belə bir fırtına var, ona bələdəm. Amma bütün bunları bir kitabda bir arada görəndə çox gözəl bir mənzərə yaranır”.

Qulu Məhərrəmli deyib: “Ümumiyyətlə, yazıçılar özlərini publisistikada daha yaxşı ifadə edirlər. Məsələn, Lev Tolstoyun publisistik yazılarını oxuyanda onu daha mükəmməl görmək olur. Yazıçı bədii əsərdə, romanda müəyyən mənada gizlənə bilir, amma publisistikada gizlənmək mümkün deyil. Bahəddin Həzi də yazdığı mövzularda öz mövqeyini birbaşa ifadə edir. Publisistin işi bu mənada ağırdır. O, obrazların, süjetlərin və hadisələrin arxasında gizlənə bilmir.

Mən hesab edirəm ki, Bahəddin Həzi publisistikanın cazibə qüvvəsini artıran qələm sahiblərindəndir”.

Tədbirin sonunda Bahəddin Həzi çıxış edərək tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Daha sonra müəllif “Göyün cazibə qüvvəsi” kitabını oxucular üçün imzalayıb.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »