ABŞ və İran arasında hərbi gərginliyin yenidən yüksəlməsi bölgədə vasitəçilik missiyası həyata keçirən Pakistanı çətin vəziyyət qarşısında qoyub. İslamabad uzun müddətdir iki tərəf arasında dialoqun qurulmasına və razılaşmanın əldə olunmasına çalışsa da, əldə olunan anlaşma davamlı sülhə gətirib çıxarmayıb. Razılaşmaların icra olunmaması fonunda gərginliyin artması Pakistan Xarici İşlər Nazirliyini tərəflərə yeni çağırış etməyə vadar edib.
- Pakistanın vasitəçilik səyləri ABŞ-İran qarşıdurmasında real nəticə verə biləcəkmi?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Pakistanın vasitəçilik təşəbbüsü müəyyən dərəcədə əhəmiyyət daşısa da, onun təkbaşına ABŞ-İran qarşıdurmasını həll edəcək gücdə olduğunu söyləmək çətindir. Pakistan həm Vaşinqtonla təhlükəsizlik və iqtisadi əlaqələrini qoruyur, həm də İranla uzun quru sərhədinə malikdir. Bu xüsusiyyətlər İslamabada dialoq üçün kanal rolunu oynamaq imkanı verir.
Lakin əsas problem tərəflər arasında etimadın çox zəif olması və fikir ayrılıqlarının nüvə proqramı, regional təsir uğrunda rəqabət, sanksiyalar və təhlükəsizlik məsələləri kimi fundamental mövzuları əhatə etməsidir. Bu səbəbdən Pakistan gərginliyin azaldılmasına töhfə verə bilər, amma yekun siyasi razılaşmanı təmin etmək imkanları məhduddur.
Politoloqun fikrincə, Pakistanın vasitəçilik təşəbbüsləri diplomatik çıxış yolu yarada bilər. Xüsusilə də tərəflər arasında birbaşa əlaqələrin kəsildiyi dövrlərdə mesajların çatdırılması və humanitar məsələlərin həllində rol oynaya bilər. Ancaq istənilən razılaşmanın davamlı olması üçün yalnız vasitəçinin səyi kifayət etmir.
“ABŞ üçün İranın nüvə proqramı və regional silahlı qruplara dəstəyi əsas prioritetdirsə, İran üçün sanksiyaların aradan qaldırılması və təhlükəsizlik təminatları həlledici şərtlərdir. Bu ziddiyyətlər aradan qalxmadıqca, əldə edilən razılaşmaların kövrək qalması ehtimalı yüksəkdir.
ABŞ və İran arasında yeni qarşıdurmanın genişlənməsi həm Yaxın Şərq, həm də Cənubi Asiyada ciddi geosiyasi nəticələr doğura bilər. Yaxın Şərqdə İraq, Suriya, Livan və Fars körfəzi ölkələrində gərginliyin artması, enerji marşrutları və Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəlməsi mümkündür. Bu isə dünya enerji bazarlarına və neft qiymətlərinə birbaşa təsir göstərə bilər”, - deyə Anar İsayev bildirib.
O vurğulayıb ki, Cənubi Asiyada isə Pakistan daha mürəkkəb təhlükəsizlik mühiti ilə üzləşə bilər. İranla sərhəddə sabitliyin pozulması, qaçqın axınının artması və sərhədyanı silahlı qrupların fəallaşması İslamabad üçün əlavə risklər yarada bilər.
Eyni zamanda, Çin də regiondakı iqtisadi layihələrinin, xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizinin təhlükəsizliyi baxımından vəziyyəti diqqətlə izləyəcək. Hindistan isə ABŞ ilə strateji tərəfdaşlığını qorumağa çalışarkən yaranan yeni geosiyasi vəziyyətdən öz maraqları istiqamətində istifadə etməyə cəhd göstərə bilər.
“Pakistanın vasitəçilik missiyası dialoq kanallarının açıq saxlanılmasına və gərginliyin idarə olunmasına müəyyən töhfə verə bilər. Ancaq ABŞ və İran arasında əsas strateji ziddiyyətlər həll edilmədiyi müddətdə, hər hansı razılaşmanın uzunömürlü olması çətin görünür. Regionda sabitliyin bərpası isə yalnız vasitəçilikdən deyil, tərəflərin qarşılıqlı siyasi iradə nümayiş etdirməsindən asılı olacaq”, - deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






