Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə təhsil şirkətlərinin vədlərinə aldanmayın: Diplomunuz rədd edilə bilər
Xaricdə təhsil şirkətlərinin vədlərinə aldanmayın: Diplomunuz rədd edilə bilər

“Xaricdə distant (məsafədən) təhsil diplomlarının tanınması istiqamətində müzakirələr həm qlobal rəqəmsallaşma trendləri, həm də milli qanunvericiliyin keyfiyyət mexanizmləri kontekstində mühüm müzakirə mövzusudur. Vətəndaşların qüvvədə olan normativ hüquqi aktları və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi tanınma meyarlarını nəzərə almadan onlayn proqramlara yönəlməsi ciddi fəsadlara yol açır.

Bu fəsadların başında ilk növbədə böyük maliyyə və zaman itkisi dayanır”.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov danışıb.

Onun sözlərinə görə, tələbələr illərlə vaxt və böyük məbləğdə vəsait xərcləsələr də, yekunda alınan diplom ölkə daxilində hüquqi qüvvəyə malik olmur.

Tanınmayan diplom vətəndaşların məşğulluq imkanlarını məhdudlaşdıraraq dövlət qulluğuna qəbul olunmağı, hərbi xidmətdən möhlət hüququ almağı və xüsusilə tibb, hüquq, mühəndislik kimi lisenziya tələb edən sahələrdə peşə fəaliyyəti ilə məşğul olmağı qeyri-mümkün edir.

Bundan əlavə, beynəlxalq akkreditasiyası olmayan, sadəcə ödəniş qarşılığında saxta sənəd verən və "diplom fabrikləri" kimi xarakterizə olunan qurumların qurbanına çevrilmə riski kəskin artır.

Ekspertin fikrincə, bu risklərin kütləviləşməsində xaricdə təhsil şirkətlərinin marketinq manipulyasiyaları və yalan reklamları mühüm rol oynayır. "İmtahansız və ölkədən çıxmadan beynəlxalq diplom" vədləri ilə rəsmi qanunvericiliyin tələbləri arasında yaranan uçurum ciddi informasiya asimmetriyasına səbəb olur. Vətəndaşlar bu manipulyasiyalara inanaraq onlayn təhsilin hüquqi statusu barədə yanlış məlumatlandırılır, yekunda isə diplomun tanınmasından imtina cavabı aldıqda dövlət təsisatlarına qarşı əsassız narazılıq nümayiş etdirirlər.

“TKTA bu şirkətlərin fəaliyyətinə və verdiyi vədlərə görə hüquqi məsuliyyət daşımadığı üçün bu sahədə daha ciddi nəzarət mexanizmlərinin tətbiqi qaçılmazdır. Konsaltinq şirkətlərinin fəaliyyətinə lisenziya və ya məcburi akkreditasiya sisteminin tətbiq edilməsi, həmçinin müvafiq qurumlar tərəfindən "Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunların tələblərinə uyğun olaraq qeyri-dəqiq və haqsız reklam yayan subyektlərə qarşı ciddi maliyyə sanksiyalarının və hüquqi cəza mexanizmlərinin sərtləşdirilməsi zəruridir. Mövcud hüquqi çərçivəyə nəzər saldıqda görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən, diplomların tanınması üçün təhsilin tam distant yox, formal əyani və ya qiyabi formada, ənənəvi təlim metodlarından istifadə olunmaqla həyata keçirilməsi tələb olunur”, - deyə İlqar Orucov bildirib.

Qaydalara görə, əyani təhsilalma forması üzrə normativ təhsil müddətinin hər semestri üçün tələbənin təhsil aldığı ölkənin ərazisində konkret müddət ərzində fiziki olaraq qalması mütləq şərtdir.

Eyni zamanda, yekun təhsil sənədini verən xarici ali təhsil müəssisəsi həmin ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunmalı, tələbə təhsil aldığı dil üzrə minimal kommunikasiya vərdişlərinə malik olmalı və proqramın məzmunu milli standartlara uyğun gəlməlidir.

Təhsiltutumlu və qabaqcıl təhsil sistemlərinə malik ölkələrin təcrübəsi göstərir ki, distant təhsil qəbul edilsə də, onun tanınması prosesi qətiyyən "avtomatik" deyil və ciddi keyfiyyət süzgəclərinə əsaslanır. Məsələn, Böyük Britaniyada rəsmi ekspertizanı həyata keçirən UK ENIC (NARIC) qurumu yalnız distant rejimdə fəaliyyət göstərən deyil, eyni zamanda ənənəvi təhsil proqramı da təklif edən universitetlərin distant diplomlarını tanıyır və imtahanların şəffaflığı (tələbənin daxili proktorinq sistemi vasitəsilə eyniləşdirilməsi) əsas şərt kimi qoyulur. Amerika Birləşmiş Ştatlarında Distant Təhsil Akkreditasiya Komissiyası (DEAC) və ya regional akkreditasiya agentlikləri tərəfindən təsdiqlənməyən proqramların diplomları işəgötürənlər və dövlət qurumları tərəfindən qəbul edilmir. Almaniyada isə ZAB (Mərkəzi Xarici Təhsil Ofisi) tam onlayn proqramlara şübhə ilə yanaşır, xüsusilə praktiki dərslərin (laboratoriya, kliniki təcrübə) virtual mənimsənilməsi qeyri-mümkün hesab edildiyindən, tibb və mühəndislik kimi sahələrdə distant diplomlar tamamilə rədd edilir və fərdi qiymətləndirmədə hibrid komponentin çəkisinə üstünlük verilir”, - İlqar Orucov vurğulayıb.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda distant təhsilalma forması təsbit edilsə də, onun normativ-hüquqi bazası, dövlət standartları və qiymətləndirmə mexanizmləri hələ tam formalaşmaqda davam edir. Onlayn təhsildə imtahanların dürüstlüyünü kənardan yoxlamaq çətin olduğu üçün TKTA diplomların tanınması məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaları rəhbər tutaraq hazırda fiziki mövcudluq tələbini qoruyur.

Lakin qlobal rəqəmsallaşma şəraitində gələcəkdə ciddi differensiallaşdırılmış keçid mexanizminin qurulması qaçılmazdır: “Bu çərçivədə, gələcəkdə yalnız dünyanın TOP-100 və ya TOP-200 (məsələn, QS, Times Higher Education) universitetlərinin distant proqramlarına tanınma hüququnun verilməsi, nəzəri hissəsi onlayn, praktiki hissəsi və imtahanları isə fiziki iştirakla keçirilən hibrid modellərin qanunvericiliyə daxil edilməsi və distant diplomla müraciət edən vətəndaşların biliklərini təsdiq etmək üçün ixtisas və dil üzrə dövlət səviyyəsində mərkəzləşdirilmiş milli yoxlama (verifikasiya) imtahanlarının təşkili rəqəmsal yeniliklərlə keyfiyyət təminatı arasında optimal balansı yarada bilər. Bu məqamda nəzərə almaq lazımdır ki, "Təhsil haqqında" mövcud Qanun ümumi çərçivə xarakteri daşıyır. Müvafiq sahədə real hüquqi tənzimləməni və rəqəmsal keçid mexanizmlərini tam mənada həyata keçirəcək xüsusi "Ali təhsil haqqında" Qanun isə hazırda müzakirə mərhələsindədir. Bu sahəvi qanunun Milli Məclis tərəfindən qəbul edilməsi təkcə xarici diplomların deyil, həm də yerli ali təhsil müəssisələrinin distant təhsil formatına keçidinə dövlətin rəsmi münasibətini tam şəkildə aydınlaşdıracaqdır. Çünki dövlətin xaricdən alınan distant təhsil modellərini qəbul etməsi üçün ilk növbədə həmin formanı öz daxili təhsil mühitində tamhüquqlu akademik model kimi tənzimləmə təcrübəsi olmalıdır”.

Ekspert deyir ki, öz universitetlərində məsafədən təhsili qanunla rəsmiləşdirməyən və daxili keyfiyyət standartlarını qurmayan bir sistemin xarici onlayn proqramları obyektiv qiymətləndirməsi hüquqi cəhətdən ziddiyyət təşkil edir. Buna görə də qanunvericilik səviyyəsində mütləq aydınlaşma olmalı və müvafiq texnoloji infrastruktura, rəqəmsal resurs bazasına, güclü idarəetmə sisteminə malik yerli universitetlərimizə distant təhsil formatında tədris keçmək hüququ mütləq şəkildə tanınmalıdır.

Belə bir addım daxili bazarda onlayn təhsilin dövlət standartlarının, tələbə identifikasiyası prinsiplərinin və imtahanların şəffaflığını qoruyan proktorinq meyarlarının formalaşmasına təkan verəcək.

Onun sözlərinə görə, daxili ali təhsil sistemində bu mexanizmlər reallaşandan sonra TKTA-nın xarici distant diplomları qiymətləndirmə meyarları da həmin yerli standartlara uyğunlaşdırıla bilər. Nəticədə həm yerli universitetlərin beynəlxalq rəqabət qabiliyyəti artacaq, həm də rəqəmsal dövrün tələblərinə cavab verən, vətəndaşların hüquqlarını qoruyan effektiv bir təhsil modeli formalaşacaqdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »