Yunanıstanın Saloniki şəhərindən Almaniyanın Memmingen şəhərinə uçan "Ryanair" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsində insident baş verib.
Bizimyol.info xəbər verir ki, BBC-nin məlumatına görə, havaya qalxdıqdan qısa müddət sonra salonda yanıq qoxusu hiss edilib, oksigen maskaları avtomatik açılıb və sərnişin pəncərələrindən biri sınıb.
Hadisə şahidlərinin sözlərinə görə, təxminən 60 yaşlı bir sərnişin güclü hava axınının təsiri ilə sınıq pəncərədən belinə qədər bayıra çəkilib. Onun təhlükəsizlik kəmərini açmaması və ətrafdakı sərnişinlərin müdaxiləsi sayəsində kişi yenidən salona qaytarılıb.
"Ryanair" hadisəni təsdiqləyərək bildirib ki, təyyarə pəncərənin zədələnməsi səbəbindən havaya qalxdıqdan dərhal sonra Saloniki hava limanına geri qayıdıb və təhlükəsiz eniş edib. Bütün sərnişinlər normal qaydada təyyarəni tərk ediblər. Bir nəfərə yerində tibbi yardım göstərilib, digər sərnişinlər isə bir neçə saat sonra ehtiyat təyyarə ilə mənzil başına yola salınıblar.
KİV-də yayılan ilkin məlumatlarda pəncərənin mühərrikdən qopan hissələrin zərbəsi nəticəsində qırıla biləcəyi iddia olunsa da, "Ryanair" bu versiyanı hələlik təsdiqləməyib.
Hadisənin səbəblərinin araşdırılmasına aviasiya qurumları cəlb olunub. İrlandiyanın Mülki Aviasiya İdarəsi insidentdən xəbərdar olduğunu və istintaqda Yunanıstan və Malta qurumlarına dəstək verməyə hazır olduğunu açıqlayıb.
Mütəxəssislərin fikrincə, ekipajın və sərnişinlərin operativ davranışı daha ağır nəticələrin qarşısını alıb.






