Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İran arasında gərginlik Hörmüz boğazında daşımaları azaldıb
ABŞ və İran arasında gərginlik Hörmüz boğazında daşımaları azaldıb

ABŞ və İran arasında hərbi gərginliyin yenidən artması Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətini əhəmiyyətli dərəcədə azaldıb.

Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bu vəziyyət qlobal enerji tədarükünün sabitliyi və müvəqqəti atəşkəsin davamlılığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Məlumata əsasən, Vaşinqton və Tehran arasında qarşılıqlı ittihamların səslənməsi və strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarətlə bağlı mübahisələrin yenidən alovlanması nəticəsində tanker axını xeyli zəifləyib. Analitiklər bildirirlər ki, bu, dünya neft bazarının bərpasını risk altına salır.

Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, iyun ayında qlobal neft təklifi gündəlik 4,1 milyon barel artsa da, bu göstərici münaqişədən əvvəlki səviyyədən hələ də 9,4 milyon barel azdır. Ekspertlər neft emalı zavodlarının fəaliyyətinin ləng bərpa olunduğunu qeyd edərək, benzin və dizel yanacağı çatışmazlığı riskinə diqqət çəkiblər.

Münaqişədən əvvəl dünya neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə daşınırdı. Gərginliyin artmasından sonra isə Tehran bu strateji marşrut üzərində nəzarətini gücləndirib.

ABŞ son günlər İranı üç neft tankerinə hücum etməkdə ittiham edib və cavab olaraq İranın cənub sahillərindəki və şərq əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib. İran isə Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi infrastrukturuna cavab zərbələri endirdiyini bildirərək, Hörmüz boğazının yalnız öz şərtləri əsasında açıq qalacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp Qətər və Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücumlardan sonra “atəşkəsin başa çatdığını” açıqlasa da, Vaşinqtondakı mənbələr böhranın diplomatik yolla həlli istiqamətində səylərin davam etdiyini bildiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »