Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: Əsrin sonunda Azərbaycanda 8,2 milyon nəfər yaşayacaq
BMT: Əsrin sonunda Azərbaycanda 8,2 milyon nəfər yaşayacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) hələ bir neçə il əvvəl Azərbaycanda əhali artımı sürətinin çox aşağı düşəcəyini proqnozlaşdırmışdı. Həqiqətən də, artım dayanmaq üzrədir. Hər ay təxminən 7 min körpə doğulur, ölənlərin sayı isə 5 min nəfərə yaxınlaşır. İlin ilk yarısında ümumi artım cəmi 11,5 min nəfər olub. Halbuki bir neçə il əvvəl göstərici indikindən 7-8 dəfə yüksək idi.

Bizimyol.info xəbər verir ki, BMT-nin Azərbaycanla bağlı proqnozu çox bədbindir. Beynəlxalq təşkilat bizdə əhali sayının heç vaxt 11 milyon nəfərə çatmayacağını düşünür. İlin əvvəlində sayın 10 milyon 262,4 min nəfərə çatdığı açıqlanıb. Bir il ərzində artım 38 min nəfərdən az olub. BMT qarşıdakı illərdə müəyyən artım olacağını istisna etmir. Proqnoza görə, uzağı 2050-ci ildə 10 milyon 867 min nəfərə çata bilərik. 2030-cu ildən sonra sürətin həddindən artıq azalacağı ehtimal edilir. Həmin dövrdən sonrakı 20 il ərzində doğulanların ölənlərin sayından cəmi 156 min nəfər çox olacağı hesab edilir. İnanılmaz aşağı göstəricidən söhbət gedir. Təsəvvür edin, son 20 ildə Azərbaycanda əhali sayı 1 milyon 709 min nəfər artıb.

BMT niyə belə proqnoz verir? Beynəlxalq təşkilat doğum səviyyəsinin çox aşağı düşməsini nəzərə alır. Göstəricinin artırılması üçün hər hansı proqramlar fəaliyyət göstərmədiyindən, mənfi tendensiya davam edir. Eyni zamanda əhali qocalır. Orta yaş həddi yüksəlir. Bir müddət sonra ölənlərin sayı doğulanların göstəricisini geridə qoyacaq.

BMT miqrasiya proseslərini də diqqətdən qaçırmır. Xaricə daimi miqrasiya tendensiyası əhali artımını ləngidir və gələcəkdə azalmasına xidmət edir.

Azərbaycan indi əhali sayına görə dünya ölkələri sıralamasında 93-cü yerdə qərarlaşıb. BMT inanır ki, əsrin sonuna qədər azı 15 ölkə bizi keçəcək. Hətta indi 3,8 milyon nəfərin yaşadığı Eritreyadan da geri qalacağıq. Əhali sayı 5-7 milyon nəfər aralığında olan Qırğızıstan, Paraqvay, Türkmənistan, Liviyada daha çox insan yaşayacaq. Artıma meyilli olmayan Avropada yerləşsə belə, İsveçrə də siyahıda bizdən irəlidə olacaq.

Ümumiyyətlə, əhali sayının bu qədər kəskin azalması gözlənilən ölkə çox deyil. Məsələ düşündüyümüzdən də ciddi problemdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »