Diyetoloqlar Adriana Kastro və Loren Harris-Pinkus ən zərərli çörək növü olan ağ çörəyin zərərləri barədə danışıblar.
Mütəxəssislərin sözlərinə görə, ən zərərli çörək ağ çörəkdir. Bizimyol.info xəbər verir ki, bu məhsul yüksək sortlu, incə üyüdülmüş undan hazırlanır.
Adriana Kastro bildirib ki, belə unun tərkibində kəpək və buğda rüşeymi olmadığından, lif və tam taxılda olan bir çox faydalı qida maddələrinin miqdarı xeyli azalır.
“Adətən rafinə olunmuş undan hazırlanan adi ağ çörəyin istifadəsini tövsiyə etmirəm. Çünki onun tərkibində qan şəkərinin səviyyəsini yüksəldə bilən çoxlu karbohidrat var”, - Loren Harris-Pinkus vurğulayıb.
Diyetoloqlar xüsusilə tərkibinə şəkər və ya qarğıdalı siropu əlavə edilən ağ çörəyi daha zərərli hesab edirlər. Onların sözlərinə görə, belə məhsullarda lif demək olar ki, yoxdur, lakin kalorisi yüksəkdir. Bu isə çəki artımına və nəticədə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
- Sağlam çörəyi necə seçmək olar?
- Gündə nə qədər çörək yemək normal hesab olunur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, ən yaxşı çörək növü çovdar çörəyidir - birinci yerdə durur: “Gün ərzində bir insanın gündəlik qəbul edəcəyi qidaların demək olar ki, 45-65 faizə qədərini karbohidratlar təşkil edir. Təbii ki, karbohidratlar dedikdə ilk ağıla gələn un məlumatları, xəmir xörəkləri, xüsusi ilə bunların ən başında da çörək gəlir. Lakin bu, o demək deyil ki, insan gün ərzində qəbul etdiyi təxminən 2000 kalorinin 45-65 faizini, yəni 900-1200 kalorinin hamısını çörək hesabına qarşılamalıdır. Mütləq onun hansı karbohidrat olması çox önəmlidir. Keyfiyyətli karbohidratdan almalıdır.
Əgər çörəyi düşünürüksə, gündəlik qidamızda xüsusi ilə də səhər və günorta yeməklərində, yəni günün birinci yarısında çörəkdən, un məmulatlarından istifadə etmək orqanizmə enerji verəcək, yaxşı həzm olacaq və demək olar ki, tamamilə kaloriyə çevriləcək. Yaxşı olar ki, tam taxıllı çörəklər, xüsusi ilə də emal olunmamış buğdadan hazırlanmış çörəklərdən istifadə edək - ən birinci yerdə çovdar çörəyi durur”.
Məhsəti Hüseynova vurğulayıb ki, insan sağlamlığına diqqət edirsə, etiket məlumatlarını mütləq oxumalıdır: “Gündəlik həzmin yaxşı olması üçün ev üsulu çörəklərdən istifadə etmək yaxşı olar. Yəni turş mayadan hazırlanan çörəklər daha üstünlük təşkil etməlidir. Bir çox çörək çeşidlərinin olduğu bir dövrdə yaşasaq da, bəzən insanlar onların hər birinin eyni olduğunu düşünür. Ona görə də, insan sağlamlığına diqqət edirsə, etiket məlumatlarını mütləq oxumalıdır. Əgər birinci yerdə tam buğda unu, tam taxıllı buğda unu, çovdar unu, qalan hissədə isə xüsusi ilə təbii maya göstərilirsə -su və duz, bu sadə tərkibli çörək hesab olunur.
Əgər rəf ömrü uzundursa, kimyəvi qatqı maddələrindən istifadə olunubsa, sənaye müəssisələrində istehsal olunub, eyni zamanda kimyəvi mayalardan istifadə olunubsa, bu çörəkləri gündəlik qida kimi istifadə etmək o qədər də tövsiyə olunmur. Xüsusi ilə də xroniki xəstəliyi olan insanlar, şəkərli diabetdən əziyyət çəkən xəstələr, artıq əziyyət çəkən insanlar belə çörəklərdən mümkün qədər az istifadə etsinlər”.
Məhsəti Hüseynova əlavə edib: “İnsanlar çörəyin daha rahat həzm olunması və kalorisini nisbətən azaltmaq üçün nisbətən nəmliyini azaldıb bir az qurudulmuş və qızardılmış şəkildə də qəbul edə bilərlər.
Qızardılmış çörək, istər tosterdə, istərsə də odun üzərində hər iki tərəfi yüngül şəkildə qızardılıb qurudulduqda, tərkibindəki nəmlik azalır. Bu isə onun daha asan həzm olunmasına və orqanizm üçün daha faydalı olmasına gətirib çıxarır”.
Günel Həsənova, Bizimyol.info






