Müştəri “Baku Elektronics” dən şikayət edib. O bildirib ki, iyulun 2-də kombi alıb, iyulun 8-də kombini gətiriblər. Həmin gün müştəri “Baku Elektronics” in verdiyi nömrə ilə quraşdırma xidmətinə zəng edib, sifarişi qeydə alıblar.
Köhnə kombini sökməyə 30 manat, təzəni quraşdırmağa 180 manat istəyiblər, bu, bir yana, deyirlər ki, ustalar üç iş günü ərzində gələcək.
Eyni zamanda Səfər Cavadov adlı şəxs “Facebook” sosial mediasında “Kontakt Home” mağazasından şikayət edib. Müştərinin sözlərinə görə, bir ətək pul verib, məişət texnikası alıb, quraşdırılması gecikir.
“4 gün əvvəl paltaryuyan maşın aldım, bu gün gəlib dedilər ki, usta 3-4 günə gəlib qoşacaq”.
O deyib ki, malı satanda 9 dəqiqə ərzində satırlar, amma gətirmək, quraşdırmaq 9 gün çəkir.
- Belə hallarda müştəri öz hüquqlarını qorumaq üçün hansı addımı atmalıdır?
Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Məhiyeva Göyçək bildirib ki, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var: “Belə hallarda istehlakçının hüquqları satıcı ilə bağlanmış müqavilənin şərtlərindən və təqdim edilən xidmətin vəd edilən müddətindən asılıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun “İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları” başlıqlı 9-cu maddəsi bu məsələləri tənzim edir.
“İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair" müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.”(Maddə 9.1)
“İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.”” (Maddə 9.2)
Göyçək Məhiyeva deyib: “Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməyibsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.” (Maddə 9.5)
“İstehlakçının bu maddənin 2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş tələbləri işin (xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər. Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.”” (Maddə 9.7)
Göyçək Məhiyevanın vurğulayıb ki, ziyanın dəyəri məhkəmə tərəfindən müəyyən edilir: “Bundan əlavə eyniadlı qanunun 12-ci maddəsinə (Mənəvi ziyanın ödənilməsi) əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir”.
Göyçək Məhiyeva əlavə edib: “Qeyd olunanlara əsasən, müqavilə üzrə hüquqları pozulmuş şəxsin hüquqlarının bərpası məqsədilə istehlakçı hüquqlarının müdafiəsi sahəsində nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, habelə aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmək hüququ var”.
Günel Həsənova, Bizimyol.info






