Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Nəsirli: “Məişət texnikasının çatdırılması və quraşdırılmasının gecikməsi ən çox narazılıq yaradan məsələlərdəndir”
Akif Nəsirli: “Məişət texnikasının çatdırılması və quraşdırılmasının gecikməsi ən çox narazılıq yaradan məsələlərdəndir”

“Facebook” sosial mediasında Səfər Cavadov adlı şəxs “Kontakt Home” mağazasından şikayət edib. Müştərinin sözlərinə görə, bir ətək pul verib, məişət texnikası alıb, quraşdırılması gecikir.

“4 gün əvvəl paltaryuyan maşın aldım, bu gün gəlib dedilər ki, usta 3-4 günə gəlib qoşacaq”.

Başqa bir müştəri isə deyib ki, malı satanda 9 dəqiqə ərzində satırlar, amma gətirmək, quraşdırmaq 9 gün çəkir.

Müştəri “Baku Elektronics”dən şikayət edib. O bildirib ki, iyulun 2-də kombi alıb, iyulun 8-də kombini gətiriblər. Həmin gün müştəri “Baku Elektronics” in verdiyi nömrə ilə quraşdırma xidmətinə zəng edib, sifarişi qeydə alıblar. Köhnə kombini sökməyə 30 manat, təzəni quraşdırmağa 180 manat istəyiblər, bu, bir yana, deyirlər ki, ustalar üç iş günü ərzində gələcək.

  • Bu xidmət belə olmalıdır? Niyə müştəriləri günlərlə gözlədirlər?

    Servis xidməti niyə malın özü ilə birlikdə gəlmir? Mal niyə gec göndərilir? İstehlakçıların hüquqları necə qorunur?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, satıcı məhsulun çatdırılması və quraşdırılması ilə bağlı verdiyi vədə əməl etməlidir: “Məişət texnikasının çatdırılması və quraşdırılması ilə bağlı gecikmələr istehlakçılar arasında ən çox narazılıq yaradan məsələlərdəndir. Əgər satış zamanı məhsulun hansı müddətdə çatdırılacağı və nə vaxt quraşdırılacağı barədə vəd verilibsə, satıcı həmin öhdəliyə əməl etməlidir. Müştərinin günlərlə gözlədilməsi xidmət keyfiyyəti baxımından qəbulolunan hesab edilmir”.

Akif Nəsirlinin sözlərinə görə, məişət texnikalarının quraşdırılmasını mümkün qədər operativ təşkil etməlidirlər: “Bir çox hallarda mağazalar məhsulun satışı, çatdırılması və servis xidmətini fərqli bölmələr və ya tərəfdaş şirkətlər vasitəsilə təşkil edirlər. Bu səbəbdən məhsul əvvəl çatdırılır, quraşdırma isə sonrakı günlərə planlaşdırılır. Lakin bu daxili təşkilati məsələdir və bunun yaratdığı narahatlığın yükü istehlakçının üzərinə düşmür. Şirkətlər xüsusilə paltaryuyan maşın, kombi, soyuducu kimi gündəlik istifadə olunan texnikaların quraşdırılmasını mümkün qədər operativ təşkil etməlidirlər”.

Akif Nəsirli deyib: “Məhsulun gec göndərilməsi və ya quraşdırmanın ləngiməsi ilə bağlı istehlakçı əvvəlcədən dəqiq məlumatlandırılmalıdır. Satış zamanı çatdırılma və quraşdırma müddəti barədə real məlumat verilməli, əlavə ödənişlər də əvvəlcədən açıqlanmalıdır. Sonradan fərqli şərtlərin irəli sürülməsi istehlakçının haqlı narazılığına səbəb ola bilər”.

Akif Nəsirli vurğulayıb: “Azərbaycan qanunvericiliyinə görə istehlakçının malı və xidməti müqavilədə və ya satış zamanı razılaşdırılmış şərtlərə uyğun almaq hüququ var. Satıcı və ya xidmət göstərən şirkət öhdəliklərini yerinə yetirmədikdə istehlakçı yazılı şəkildə müraciət edə, problemin aradan qaldırılmasını tələb edə, nəticə əldə olunmadıqda isə aidiyyəti dövlət qurumlarına şikayət vermək hüququndan istifadə edə bilər”.

Akif Nəsirli əlavə edib: “Belə halların qarşısının alınması üçün şirkətlər logistika və servis xidmətlərini daha koordinasiyalı təşkil etməli, müştərilərə gözləmə müddəti barədə şəffaf məlumat verməli və quraşdırma xidmətini mümkün qədər məhsulun çatdırıldığı gün və ya ən qısa müddətdə həyata keçirməlidirlər. Bu, həm istehlakçı məmnuniyyətini artırar, həm də şirkətlərə olan etimadı qoruyar”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »