Heyvandarlıqda geriləmə yalnız məyusluq doğura bilər. Son 4 ildə iribuynuzlu mal-qara sayında 200 min başdan çox azalma var. Qoyun və keçilərin sayında rəqəm 1,5 milyon başa yaxınlaşır. Az qala hər il azalma qeydə alınır. Heyvandarlıqla bağlı fermerlərin və sahibkarların qarşısında qoyulan tələblər isə getdikcə sərtləşir.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal edilən heyvanların xüsusi nəqliyyat vasitələrində daşınmalı olması ilə bağlı açıqlaması müzakirəyə çıxarılıb. Guya Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sərt tələbləri var, bunlara əməl etmək lazımdır. Sosial mediada insanlar yazır ki, yəqin kimlərsə ölkəyə heyvan daşınması üçün xüsusi nəqliyyat vasitələri gətirib, bunu da dövriyyəyə buraxmaq lazımdır.
Ümumiyyətlə, agentliyin açıqlaması ciddi narazılıq doğurub. Sahibkarlar hesab edir ki, yenilik onların xərclərini artırır. Nəticədə ətin qiyməti bahalaşır. AQTA məsələyə bir daha qayıdıb. Bildirilib ki, məqsəd sahibkarlara problem yaratmaq deyil. Agentliyi xüsusi təhlükəli yoluxucu xəstəliklərin ölkə ərazisinə keçməsi ehtimalı narahat edirmiş. Yoxsa prosesləri bu qədər mürəkkəbləşdirmək niyə baş versin ki?!
Onsuz da heyvandarlıqla bağlı vəziyyət yaxşı deyil. Ölkə özünü ətlə tam təmin edə bilmir. Sayda azalma sürətlənib. Fərdi təsərrüfatlar bir-birinin ardınca sıradan çıxır. Yemlərin kəskin bahalaşması, otlaqların azalması da öz işini görür. İnsanların kəndlərdən uzaqlaşması sirr deyil. Heyvandarlıqla məşğul olmaq getdikcə daha böyük çətinliklərlə üzləşmək anlamına gəlir. Bu şəraitdə heyvandarlıqla bağlı yeni hoqqabazlıqlar heç yaxşı gələcək vəd etmir. Əti bahalaşdırmaq üçün daha hansı standartlar tətbiq etmək lazımdır? Fermerlərin, sahibkarların xərclərinin artırırıq. Əhalinin ətə olan tələbatı artıb. Belə geriləmə, heyvandarlıqda iş mexanizmini mürəkkəbləşdirmə ətin bahalaşmasına işləyir. İnsanlar üçün bütün nəfəslikləri bağlamaq olmaz.
Aytən, Bizimyol.info






