Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda siyasi parçalanma: Radikallar ABŞ-la danışıqlara görə Pezeşkianı hədəf aldı
İranda siyasi parçalanma: Radikallar ABŞ-la danışıqlara görə Pezeşkianı hədəf aldı

İranın siyasi rəhbərliyində mövcud olan daxili fikir ayrılıqları Tehran və Vaşinqton arasında hərbi qarşıdurmanın yenidən alovlanması fonunda açıq qarşıdurma mərhələsinə keçib.

Bizimyol.info xəbər verir ki, bu barədə 14-cü kanal məlumat yayıb.

Bildirilir ki, mərhum ali dini lider Əli Xameneinin xatirəsinə həsr olunmuş anım mərasimləri zamanı ölkə prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi mühafizəkar dairələrin tərəfdarlarının aqressiv reaksiyası ilə üzləşiblər. ABŞ prezidenti Donald Tramp administrasiyası ilə hər hansı diplomatik təmasın əleyhdarı olan radikallar dövlət rəhbərliyinə qarşı etiraz aksiyası keçiriblər.

Tehranda baş verən insidentlər İran siyasi elitası daxilində dərin parçalanmanın mövcud olduğunu nümayiş etdirib. Dəfn mərasimi zamanı qəzəbli kütlə prezident Pezeşkiana hücum etməyə cəhd göstərib və onun siyasətinə qarşı şüarlar səsləndirib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə prezidentin mühafizəçilərinin onu qarşıdurma zonasından çətinliklə uzaqlaşdırdığı əks olunub.

Eyni vaxtda xarici işlər naziri Abbas Əraqçi də etirazçıların hədəfinə çevrilib. Bayraqlar daşıyan nümayişçilərin onun ardınca getdiyi, daş atdığı və təhdidlər səsləndirdiyi bildirilir.

Daxili siyasi gərginliyin artması ABŞ və İran arasında hərbi qarşıdurmanın növbəti mərhələsi ilə eyni vaxta təsadüf edib. Məlumata görə, ABŞ-ın İran sahillərində yerləşən bir sıra hədəflərə zərbələr endirməsindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib.

Buna cavab olaraq prezident Məsud Pezeşkian Vaşinqtonu atəşkəs şərtlərini pozmaqda və təzyiq siyasəti yürütməkdə ittiham edib.

İran hökumətindəki mənbələr Tehrandakı hazırkı vəziyyəti "tam xaos" kimi qiymətləndirirlər. Bildirilir ki, ölkə rəhbərliyində müxtəlif siyasi qruplar gələcək kursun müəyyənləşdirilməsi uğrunda kəskin mübarizə aparır. Müzakirələr diplomatik dialoqun davam etdirilməsi ilə genişmiqyaslı hərbi qarşıdurmaya keçid arasında cərəyan edir.

Prezident administrasiyası baş verənlərin yaratdığı gərginliyi azaltmağa çalışır. Dövlət başçısının oğlu və müşaviri Yusif Pezeşkian radikal qrupların hərəkətlərini sərt şəkildə pisləyib. O bildirib ki, ölkənin ali rəhbərliyinə qarşı bu cür aqressiv addımlar xarici rəqiblərin maraqlarına xidmət edir və İran üçün kritik dövrdə milli birliyə ciddi zərbə vurur.

Müşahidəçilərin fikrincə, hakimiyyətin daxili ziddiyyətləri aradan qaldıra bilməməsi və xarici siyasətin gələcək istiqaməti ilə bağlı aydın qərarın olmaması, Əli Xameneinin ölümündən və ABŞ-ın hərbi əməliyyatları yenidən intensivləşdirməsindən sonra onsuz da ciddi sınaqlarla üzləşən ölkədə siyasi sabitliyi daha da zəiflədə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »