Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: TRIPP layihəsi İranın maraqlarına da uyğundur
Paşinyan: TRIPP layihəsi İranın maraqlarına da uyğundur

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla İran arasında ticarət-iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcək və Fars körfəzi – Qara dəniz dəmir yolu marşrutunun formalaşmasına töhfə verəcək.

Bizimyol.info xəbər verir ki, “Armenpress” agentliyinin məlumatına görə, iyulun 9-da hökumətin iclasından sonra keçirilən brifinqdə çıxış edən Paşinyan İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin bir gün əvvəl TRIPP layihəsi ilə bağlı səsləndirdiyi narahatlıqlara münasibət bildirib. Baş nazir qeyd edib ki, layihənin reallaşdırılması İran İslam Respublikasının da maraqlarına cavab verir.

“TRIPP layihəsinin həyata keçirilməsi ilə Fars körfəzindən Qara dənizə qədər dəmir yolu əlaqəsi açılacaq. Bu, Ermənistanla İran arasında ticarət-iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Eyni zamanda İranın da iqtisadi və ticarət imkanları artacaq. Layihənin icrası birbaşa İranın maraqlarına da uyğundur”, – deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan bu məsələ ilə bağlı İranla açıq və şəffaf müzakirələr aparmağa hazırdır. “Biz tam şəffafıq və istənilən suala cavab verməyə hazırıq. Narahatlığın konkret nədən ibarət olduğu dəqiq ifadə olunmalıdır. Əminik ki, bütün narahatlıqlar aradan qalxacaq”, – deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan layihə üzərində bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək. “Biz İran, Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri və Çinlə işi davam etdirəcəyik. Bu, qlobal layihədir və onun icrasına mümkün qədər tez başlamaq istəyirik. Ümid edirəm ki, ilk tikinti işləri artıq bu ilin payızında başlayacaq”, – deyə baş nazir əlavə edib.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iyulun 8-də keçirdiyi mətbuat konfransında ABŞ-nin İran sərhədləri yaxınlığında mümkün iştirakının Tehran üçün əsaslı narahatlıq doğurduğunu və bu məsələyə aydın izahat verilməsinin vacibliyini bildirmişdi. Onun sözlərinə görə, Ermənistan hökuməti layihənin ABŞ-nin iştirakı səbəbindən İran üçün heç bir təhlükə yaratmayacağına dair təminat verib.

Səfir vurğulayıb ki, Ermənistanın nəqliyyat-kommunikasiya potensialının reallaşdırılması ilə yanaşı, ABŞ-nin mümkün iştirakı ilə bağlı risklərin idarə olunması və yaranacaq çağırışların aradan qaldırılması üçün Ermənistan–İran gündəliyində xüsusi mexanizmlər nəzərdə tutulmalıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »