Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kibertəhlükəsizlikdən süni intellektə qədər..." – Türkiyənin yeni təhlükəsizlik konsepsiyası
"Kibertəhlükəsizlikdən süni intellektə qədər..." – Türkiyənin yeni təhlükəsizlik konsepsiyası

“Demokratik sistemlərdə ictimai gözləntilər, akademik dairələrin qiymətləndirmələri və siyasi debatlar müəyyən hallarda qərarqəbuletmə proseslərinə təsir göstərə bilir. Lakin təhlükəsizlik strategiyaları gündəlik hadisələrdən daha çox uzunmüddətli risk təhlilləri və dövlətin fundamental təhlükəsizlik ehtiyacları əsasında formalaşdırılır. Buna baxmayaraq, ictimai müzakirələrin bu prosesə heç bir təsir göstərmədiyini söyləmək də doğru olmaz.

Son illərdə Türkiyənin təhlükəsizlik anlayışı əhəmiyyətli dərəcədə dəyişib. Artıq təhlükəsizlik yalnız ənənəvi hərbi təhdidlərlə məhdudlaşmır. Kibertəhlükəsizlik, enerji təchizatının etibarlılığı, qeyri-qanuni miqrasiya, terrorla mübarizə, kritik infrastrukturun qorunması, süni intellekt və hibrid təhdidlər milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. NATO da son illər məhz bu yeni təhlükəsizlik çağırışlarına uyğun siyasətini inkişaf etdirir”.

Bu fikirləri DASAM (Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə üçün NATO üzvlüyü ilə milli müdafiə potensialının gücləndirilməsi bir-birinə alternativ deyil, bir-birini tamamlayan iki strateji istiqamətdir.

“Son illərdə müdafiə sənayesində əldə olunan uğurlar, yerli texnologiyalara qoyulan investisiyalar və strateji muxtariyyət hədəfi Türkiyənin öz müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda NATO üzvlüyü ölkəyə beynəlxalq əməkdaşlıq və kollektiv təhlükəsizlik baxımından mühüm üstünlüklər qazandırır. Buna görə də yaxın perspektivdə Türkiyənin təhlükəsizlik strategiyasının tamamilə fərqli istiqamətə yönəlməsindən daha çox, həm milli imkanlarını gücləndirən, həm də beynəlxalq ittifaqlardakı rolunu artıran çoxşaxəli yanaşmanı davam etdirməsi daha real görünür.

İctimai müzakirələr isə daha çox Türkiyənin NATO-dan gözləntilərinin formalaşmasına təsir göstərə bilər. Xüsusilə terrorla mübarizə, regional təhlükəsizlik və müdafiə sənayesi sahələrində Ankaranın müttəfiqləri ilə daha sıx əməkdaşlıq tələb etməsi mümkündür. Bu isə təhlükəsizlik strategiyasının dəyişməsi deyil, mövcud strategiyanın yeni geosiyasi və texnoloji şərtlərə uyğun şəkildə yenilənməsi deməkdir.

Bu səbəbdən ictimai müzakirələrin Türkiyənin təhlükəsizlik siyasətini köklü şəkildə dəyişdirəcəyi gözlənilmir. Əsas prioritet dəyişən təhlükəsizlik mühitinə çevik uyğunlaşmaq, həm NATO daxilindəki rolunu, həm də milli müdafiə potensialını ardıcıl şəkildə gücləndirməkdir”, – deyə Mehmet Gökhan Özçubukçu vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »