Avropa İttifaqı (Aİ) qanunsuz miqrantların İttifaq ərazisinə daşınmasını təşkil edən şəxslərə qarşı sanksiyalar vasitəsilə mübarizə aparmaq qərarına gəlib və bu məqsədlə yeni sanksiya rejimi yaradıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində paylaşım edib.
“Bu gün Avropa Komissiyası insan alverçiləri və miqrant daşıyıcılarına qarşı yeni sanksiya rejimini təqdim edir. Biz onları bu fəaliyyətdən kənarlaşdıracağıq”, – deyə o bildirib.
Fon der Lyayen əlavə edib ki, Avropa qitəsinə kimin daxil olacağına yalnız Avropa özü qərar verəcək.
Avropa Komissiyasının sədri hesab edir ki, sanksiyaların tətbiqi paralel olaraq Avropaya qanunsuz yollarla üz tutan minlərlə insanın həyatını xilas etməyə də kömək edəcək.
Qanunsuz miqrantların Aİ-yə göndərilməsi ilə peşəkar şəkildə məşğul olan şəxslərə qarşı tətbiq ediləcək sanksiyalar onların Aİ ərazisinə girişinin qadağan olunmasını və Avropadakı aktivlərinin dondurulmasını nəzərdə tutur.
Avropa Komissiyasının dərc etdiyi sənədlərə əsasən, Aİ-nin digər sanksiyalarında olduğu kimi, bu məhdudiyyətlər də Avropa İttifaqı Şurası tərəfindən məhkəmə qərarı olmadan, "əsaslandırılmış şübhə" prinsipi əsasında tətbiq ediləcək.
Bizimyol.info






