Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçıdan açıqlama: Qarışqalar həqiqətən Süleyman peyğəmbərə şikayət edirmi?
İlahiyyatçıdan açıqlama: Qarışqalar həqiqətən Süleyman peyğəmbərə şikayət edirmi?

Quranda bildirilir ki, Süleyman peyğəmbərə Allah tərəfindən heyvanların dilini anlamaq neməti verilmişdi. Rəvayətə görə, bir gün onun ordusu hərəkət edərkən bir qarışqa digər qarışqalara yuvalarına girməyi, Süleymanın ordusunun onları bilmədən tapdalamaması üçün ehtiyatlı olmağı tapşırdı. Süleyman peyğəmbər qarışqanın bu sözlərini eşidərək təbəssüm etdi və Allahın ona bəxş etdiyi nemətlərə görə şükür etdi.

  • Xalq arasında bu hadisə ilə bağlı müxtəlif rəvayətlər də dolaşır. Onlardan biri də həşəratlara "Sizi Süleyman peyğəmbərə şikayət edəcəyəm" deyildikdə onların uzaqlaşması ilə bağlıdır. Bəs bu inancın dini əsasları varmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qurani-Kərimdə və ya səhih hədislərdə "Səni Süleyman peyğəmbərə şikayət edəcəyəm" ifadəsinə rast gəlməyib.

"Bu ifadə bəlkə də qarışqalar, arılar və digər həşəratlarla bağlı zarafat və ya məcazi formada işlədilir. Lakin dini baxımdan onun hansı mənbəyə söykəndiyini araşdırdıqda görürük ki, xalq arasında formalaşmış təsəvvürlə dini mənbələr arasında ciddi fərq var", – deyə ilahiyyatçı bildirib.

Əkrəm Həsənov deyib ki, Qurani-Kərimdə Süleyman peyğəmbərə verilən xüsusi nemətlər açıq şəkildə bəyan olunur.

"Allah buyurur: 'Biz Davuda və Süleymana elm verdik...' (ən-Nəml, 27:15). Ardınca isə belə buyurulur: 'Ey insanlar! Bizə quşların dili öyrədildi və bizə hər şeydən verildi...' (ən-Nəml, 27:16). Bu ayələr göstərir ki, Süleyman peyğəmbərə Allahın möcüzəsi olaraq quşların və digər canlıların davranışını, ünsiyyətini anlama qabiliyyəti verilmişdi. Bu, adi insanların malik olduğu xüsusiyyət deyil, yalnız ilahi möcüzə idi", – deyə o vurğulayıb.

İlahiyyatçı xatırladıb ki, Quranda bu mövzu ilə bağlı ən məşhur hadisələrdən biri qarışqa əhvalatıdır.

"Allah buyurur: “Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun ordusu bilmədən sizi tapdalamasın." Süleyman onun sözünə gülümsədi...” (ən-Nəml, 27:18–19). Ayədən göründüyü kimi, qarışqa öz tayfalarını təhlükədən xəbərdar edir. Süleyman peyğəmbər isə Allahın ona bəxş etdiyi nemət sayəsində bunu anlayır və Rəbbinə şükür edir", – deyə Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, böyük təfsir alimləri də bu ayələri Allahın peyğəmbərinə bəxş etdiyi möcüzə kimi izah edirlər.

"Heç bir mötəbər təfsirdə qarışqaların və ya digər həşəratların insanları Süleyman peyğəmbərə şikayət etməsi barədə rəvayət nəql olunmur. Eyni zamanda səhih hədis mənbələrində də “Səni Süleyman peyğəmbərə şikayət edəcəyəm” məzmununda hər hansı hədis mövcud deyil. Buna görə də bu ifadəni dini hökm və ya peyğəmbərdən nəql olunan söz kimi təqdim etmək düzgün olmaz", – deyə ilahiyyatçı qeyd edib.

Əkrəm Həsənov hesab edir ki, bu ifadə zamanla xalq təfəkküründə formalaşmış folklor elementidir.

"Böyük ehtimalla, Quranda qeyd olunan qarışqa hadisəsi zaman keçdikcə xalq yaradıcılığı ilə zənginləşdirilib. Azərbaycan, Anadolu və Yaxın Şərq mədəniyyətində dini hadisələr əsasında yaranmış çoxlu atalar sözləri, deyimlər və məcazi ifadələr var. “Səni Süleyman peyğəmbərə şikayət edəcəyəm” ifadəsi də bu qəbildən olan xalq deyimlərindən biri hesab oluna bilər. Yəni bu, dini mənbədən deyil, xalq təfəkküründən doğmuş bir ifadədir", – deyə o bildirib.

İlahiyyatçı əlavə edib ki, biologiya elmi də qarışqaların mürəkkəb ünsiyyət sisteminə malik olduğunu təsdiqləyir.

"Qarışqalar feromon adlanan kimyəvi siqnallar vasitəsilə təhlükə, qida və istiqamət haqqında bir-birinə məlumat ötürürlər. Qarışqaların sosial həyatı ilə bağlı aparılan elmi araşdırmalar onların yüksək təşkilatlanmış informasiya sisteminə malik olduğunu göstərir. Bu elmi fakt Quranda bəhs olunan qarışqaların bir-birini xəbərdar etməsi hadisəsinin mahiyyətini anlamağa kömək etsə də, qarışqaların insanları Süleyman peyğəmbərə şikayət etməsi kimi bir nəticə çıxarmağa əsas vermir", – deyə o bildirib.

Əkrəm Həsənov vurğulayıb ki, İslam dini heyvanlara mərhəmətlə yanaşmağı tövsiyə edir.

"Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) heyvanlara əziyyət verməyi qadağan edib. Hədislərdə susuz bir itə su verən şəxsin bağışlandığı, pişiyi ac saxlayan qadının isə cəzaya düçar olduğu bildirilir. Bu hədislər göstərir ki, insan bütün canlılar qarşısında məsuliyyət daşıyır. Lakin bu məsuliyyət “Süleyman peyğəmbərə şikayət olunmaq” kimi ifadələrlə deyil, Allah qarşısında cavabdehlik prinsipi ilə izah olunur", – deyə ilahiyyatçı qeyd edib.

İlahiyyatçının fikrincə, nəticə etibarilə Qurani-Kərimdə Süleyman peyğəmbərin quşların və digər canlıların dilini anlaması açıq şəkildə təsdiqlənir. Qarışqaların bir-birini xəbərdar etməsi də ilahi vəhy vasitəsilə bizə çatdırılmış həqiqətdir. Lakin "Səni Süleyman peyğəmbərə şikayət edəcəyəm" ifadəsinin Quranda, səhih hədislərdə və digər mötəbər dini mənbələrdə heç bir əsası yoxdur. Bu, dini hökm deyil, zamanla xalq arasında formalaşmış məcazi bir deyimdir.

"Dini mövzular haqqında danışarkən xalq arasında dolaşan ifadələrlə ilahi mənbələrdən gələn məlumatları bir-birindən ayırmaq həm elmi, həm də dini baxımdan daha doğru yanaşmadır. Yenə də ən doğrusunu Allah bilir", – deyə Əkrəm Həsənov fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »