Almaniya ABŞ–İran danışıqlarında yalnız nüvə proqramının deyil, həm də Tehranın ballistik raket proqramı və regional silahlı qruplaşmalara dəstəyinin müzakirə olunmasını vacib sayır.
Berlin İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı mümkün addımların yalnız bu məsələlər nəzərə alındıqdan sonra qiymətləndiriləcəyini bildirir. Rəsmi Almaniya hesab edir ki, İranın regional siyasəti və təhlükəsizlik fəaliyyəti gələcək razılaşmaların əsas şərtlərindən biri olmalıdır.
- Almaniyanın irəli sürdüyü bu yeni şərtlər ABŞ–İran danışıqlarının gedişinə və mümkün razılaşmanın əldə olunmasına necə təsir göstərə bilər?
Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, danışıqlar prosesində kənardan şərtlər irəli sürmək ən asan yanaşmadır.
Onun fikrincə, əgər hansısa tərəf prosesə təsir göstərmək istəyirsə, ilk növbədə danışıqlarda birbaşa iştirak etməli və məsuliyyəti bölüşməlidir.
Politoloq bildirib ki, İran məsələsi və ümumilikdə Yaxın Şərqdə baş verən hadisələr fonunda NATO ölkələri arasında vahid mövqe yoxdur.
“Görünən odur ki, NATO üzvlərinin İranla bağlı yanaşmaları fərqlidir. ABŞ bundan narazıdır. Çünki alyansın ayrı-ayrı üzvləri İranla bağlı müharibə məsələsində Vaşinqtonu dəstəkləmədilər. Onlar açıq şəkildə bildirdilər ki, bu, NATO-nun deyil, ABŞ və İsrailin müharibəsidir. Nəticədə həm NATO təşkilatı, həm də bir çox üzv dövlətlər bu siyasətdən kənarda qaldılar. Bu vəziyyəti hamı görür və hər kəs bundan öz nəticəsini çıxarır” – deyə politoloq bildirib.
İlqar Vəlizadənin sözlərinə görə, hazırda ABŞ İranla danışıqları əsasən təkbaşına aparır və bu prosesin məsuliyyəti də böyük ölçüdə Vaşinqtonun üzərinə düşür.
“Bu mərhələdə kənardan çıxıb ABŞ-a nəyi düzgün, nəyi yanlış etdiyini demək nə dərəcədə məntiqlidir? Mən burada nə ABŞ-ın və İsrailin mövqeyini müdafiə edirəm, nə də müharibəni dəstəkləyirəm. Sadəcə fakt budur ki, müharibə zamanı Amerikanın çağırışlarını dəstəkləməyən tərəflər indi öz şərtlərini irəli sürürlər. Bu isə müəyyən suallar doğurur” – deyə o vurğulayıb.
Politoloq hesab edir ki, ballistik raket məsələsinin danışıqların əsas şərtlərindən birinə çevrilməsi prosesi daha da mürəkkəbləşdirir.
“ABŞ İran qarşısında ballistik raket proqramı ilə bağlı qəti şərtlər irəli sürür. İran isə bildirir ki, bu, onun milli təhlükəsizlik məsələsidir. Tehran hesab edir ki, dünyada bir çox dövlət ballistik raket istehsal etdiyi halda, yalnız İrandan bundan imtina etməsinin tələb olunması təhlükəsizlik baxımından əsaslı zəmanət yaratmır. İranın yanaşması məhz bundan ibarətdir və bu arqumentdə müəyyən məntiq də var” – deyə İlqar Vəlizadə bildirib.
Onun fikrincə, nüvə proqramı ilə bağlı danışıqlara əlavə şərtlərin daxil edilməsi kompromis imkanlarını zəiflədir.
“Əsas müzakirə mövzusu nüvə proqramıdır. Ballistik raket məsələsinin də eyni paketə əlavə olunması danışıqları daha mürəkkəb və çətin vəziyyətə salır, tərəfləri əsas məsələdən yayındırır. Şərtlərin bu qədər ağırlaşdırılması danışıqlara xidmət etmir” – deyə İlqar Vəlizadə bildirib.
Politoloq əlavə edib ki, əgər ABŞ-ın ballistik raketlərlə bağlı tələbləri yerinə yetirilməzsə, regionda gərginlik yenidən hərbi mərhələyə keçə bilər.
“Belə bir halda müharibənin yenidən qızğın fazaya keçməsi ehtimalı artır və bu, region üçün daha təhlükəli ssenari olar. Çox güman ki, ABŞ İranla hərbi qarşıdurmaya girər, İsrail də bu prosesdə iştirak edər. Lakin eyni zamanda bəzi Avropa ölkələri, o cümlədən Almaniya müharibədə iştirak etmək istəmədiyini bildirir.
Belə vəziyyətdə hərbi əməliyyatlara qoşulmayan, amma danışıqlar prosesinə kənardan istiqamət verməyə çalışan tərəflərin mövqeyi suallar doğurur. Əgər məsuliyyəti bölüşmürsənsə, yalnız şərt irəli sürməklə prosesə təsir etməyə çalışmaq nə dərəcədə məntiqlidir? Bu sualın cavabı əslində göz önündədir” – deyə İlqar Vəlizadə fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






