Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrdə baş verən hərbi münaqişələrdə Azərbaycan vətəndaşlarının iştirakının ölkə qanunvericiliyinə zidd olduğunu bildirib.
Nazir vurğulayıb ki, bu cür fəaliyyət cinayət məsuliyyəti yaradır və ağır hüquqi nəticələrə, o cümlədən vətəndaşlıqla bağlı məsuliyyətə səbəb ola bilər. O, Azərbaycan vətəndaşlarını müxtəlif vədlərə aldanaraq xarici münaqişələrə qoşulmamağa çağırıb.
- Bəs xarici münaqişələrə cəlb olunan şəxslərin sayını azaltmaq üçün təkcə hüquqi cəzalar kifayətdirmi? Yoxsa bu halların qarşısını almaq üçün sosial, maarifləndirici və beynəlxalq əməkdaşlıq mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir dövlət üçün onun vətəndaşları ən böyük dəyərdir.
Onun sözlərinə görə, hər hansı vətəndaşın həyatı üçün təhlükə yarandıqda, onun qorunması və təhlükəsizliyinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir.
Deputat hesab edir ki, xarici işlər naziri Ceyhun Bayramovun qaldırdığı məsələ son dərəcə aktualdır. Çünki bu gün dünyanın müxtəlif ölkələrində, xüsusilə də münaqişə ocaqlarına çevrilmiş regionlarda çoxsaylı Azərbaycan vətəndaşları yaşayır və müxtəlif yollarla həmin qarşıdurmalara cəlb olunmaq riski ilə üz-üzə qalırlar.
“Xarici işlər naziri Ceyhun Bayramov çox aktual bir məsələyə toxunub. O, Azərbaycan qanunvericiliyini xatırladaraq, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların münaqişələrə cəlb olunmasının yolverilməz olduğunu qeyd edib. Bu məsələni aktual edən nədir? Bu gün Azərbaycan vətəndaşlarının kütləvi şəkildə yaşadığı bir çox xarici ölkələr var və onlar Azərbaycan vətəndaşı olmaqlarına baxmayaraq, bu və ya digər formada müharibələrə, münaqişələrə cəlb olunurlar.
Məsələn, Rusiyada çoxsaylı azərbaycanlı diasporu yaşayır, Azərbaycan vətəndaşlarının məskunlaşdığı şəhərlər var. Ukraynada da eyni vəziyyət müşahidə olunur. Təkcə bu müharibə kontekstində müqayisə etsək, nə qədər dramatik mənzərə yaranır. Təsəvvür edin ki, iki qardaşdan biri Ukraynadadır, digəri isə Rusiyada yaşayır və hər ikisi yaşadıqları ölkələr tərəfindən müharibəyə cəlb olunur. Bu halda onlar cəbhədə bir-birinə qarşı döyüşməli olurlar. Bu isə nə mənəvi, nə etik, nə də hüquqi baxımdan qəbul edilə biləcək haldır”, – deyə deputat bildirib.
Hikmət Babaoğlunun fikrincə, belə halların qarşısının alınması üçün ilk növbədə Azərbaycan vətəndaşlarının maarifləndirilməsi vacibdir. İnsanlar həm öz hüquqlarını, həm də bu cür halların hüquqi nəticələrini bilməlidirlər.
Deputat hesab edir ki, vətəndaşlar yaşadıqları ölkələrdə hər hansı təzyiq və ya məcburetmə ilə qarşılaşdıqları halda, bunu dərhal Azərbaycanın həmin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinə çatdırmalıdırlar.
“Vətəndaş öz dövlətinə arxalanaraq mümkün təhlükə ilə bağlı həmin ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizi xəbərdar etməlidir ki, dövlət onların qayğısına qala bilsin, təhlükəsizliyini təmin edə bilsin. Bundan başqa, xarici siyasət idarələri vasitəsilə müvafiq dövlətlərlə nota mübadiləsi aparılmalı, belə halların qarşısının alınması istiqamətində diplomatik addımlar atılmalıdır”, – deyə o qeyd edib.
Deputatın sözlərinə görə, hüquqi mexanizmlər, maarifləndirmə tədbirləri və diplomatik fəaliyyət paralel şəkildə həyata keçirilərsə, Azərbaycan vətəndaşlarının xarici münaqişələrə cəlb olunmasının qarşısını almaq mümkün olar.
Hikmət Babaoğlu sonda vurğulayıb ki, bu məsələdə əsas məsuliyyət yenə də vətəndaşların öz üzərinə düşür. Çünki onlar həm yaşadıqları ölkənin qanunvericiliyini, həm də Azərbaycan qanunlarını bilməli, hər hansı qanunsuz təzyiq və ya məcburetmə ilə qarşılaşdıqları halda hüquqi müstəvidə öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar.
İradə Cəlil, Bizimyol.info






