Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Frilanserlər vergi qeydiyyatına alınacaq
Frilanserlər vergi qeydiyyatına alınacaq

Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata alınacaqlar.

Bizimyol.info xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə biləcəklər.

Frilanser dedikdə muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

  • Bu dəyişiklik Azərbaycanda frilanser bazarının inkişafına necə təsir edəcək?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu dəyişiklik avtomatik olaraq frilanser bazarının inkişaf edəcəyi anlamına gəlmir: “Vergi Məcəlləsinə təklif edilən dəyişiklik frilanserlərin hüququ statusunu müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addımdır. Nə qədər insan əməklə məşğuldur, əmək bazarında hansı xidmətləri təqdim edir, bəli, bunun müəyyən edilməsi baxımından yaxşıdır. Ancaq bu dəyişiklik avtomatik olaraq frilanser bazarının inkişaf edəcəyi anlamına gəlmir. Əsas sual budur ki, məsələn, frilanserlər də vergi ödəməyə başlayacaqlarsa, bunun müqabilində hansı real üstünlüklər əldə edəcəklər? Düşünürəm ki, hər birimiz də sual verəcəyik və görəcəyik ki, hər hansı bir üstünlük əldə edə bilməyəcəklər. Əgər dövlət qurumları, hökumət yalnız vergi öhdəliyi yaratmaq istəyirsə, qanunla bunu yaradacaqlar.

Amma beynəlxalq ödəniş sistemlərinə çıxışı asanlaşdırmaq, qeydiyyat və hesabatlılığı sadələşdirmək , hüquqi müdafiəni və sosial təminatı gücləndirmək əvəzinə bazarda vergi inzibatçılığının genişləndirməsini həyata keçirəcəksə, artıq sualın cavabı məlumdur”.

Asif İbrahimov deyib: “Frilanserlər həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində əsasən xarici bazarda fəaliyyət göstərən və ölkəyə xarici valyuta gətirən mütəxəssislərdir. Onlar qlobal rəqabət şəraitində işlədikləri üçün əlavə vergi yükünü hər zaman xidmət haqqına əlavə edə bilmirlər.

Belə olduğu halda da onların fəaliyyətinin qeyri-rəsmi davam etdirilməsinə və ya daha əlverişli vergi və hüquqi rejim təklif edən mexanizmlərdən istifadə edilməsinə səbəb ola bilər. Yəni bir sıra addımlar baş verə bilər ki, məsələn, frilanserlərin gəliri azalacaq və ya qiyməti artıracaqlar. Paralel olaraq əgər vergi ödəyicisidirsə, bunun əvəzini ya özü çəkəcək, ya da müştəridən çıxartmağa çalışacaq. Yerli bazarda qiymət artımı da mümkündür. Xarici bazarda isə bu həmişə mümkün deyil, çünki rəqabət orda çox yüksəkdir”.

Asif İbrahimov vurğulayıb: “Kölgə iqtisadiyyatı arta bilər. Bir çox frilanserlər gəlirlərini rəsmiləşdirməməyə, xaricdəki hesablar və ya başqa mexanizmlərdən istifadə etməyə çalışa bilərlər. Vergi yükü artdıqca, motivasiya da arta bilər. İnsan kapitalı itkisi də burda ən böyük reallıqdır. Yüksək gəlirli proqramçılar, dizaynerlər süni intellekt mütəxəssisləri başqa ölkələrdə şirkət açmağa və ya həmin ölkələrin vergi rezidenti olmağa üstünlük verə bilərlər. Belə olduqda da Azərbaycanda deyil, başqa ölkənin yurisdiksiyasında rəsmiləşdirilə bilər”.

İqtisadçı ekspertin fikrincə, dövlətin gözlədiyi vergi gəlirləri gözləniləndən az ola bilər.

Çünki rəqəmsal iqtisadiyyatda kapital və xidmət çox mobil bir anlayışdır. Vergi yükü rəqabətə davamlı deyilsə, fəaliyyət asanlıqla başqa ölkəyə yönələ bilir. Bu dediyimiz məsələlər doğrudur. Hər şeyi danışdıq, gözəldir, dəyişikliklər edilməlidir, bunu rəsmiləşdirməliyik. Amma bizdəki faktiki yanaşma vergi inzibatçılığıdır”.

Asif İbrahimov əlavə edib: “Bu vergi inzibatçılığı nəticəsində 2026-cı ilin ilk 6 ayında ümumdaxili məhsul 0 faiz olubdur. Azərbaycan iqtisadiyyatında ən yaxşı halda 2 % artım olacaqsa, bu fantastik bir göstərici olacaq. Vergi inzibatçılığı və əlavə xərclərlə sahibkarın, hazırkı halda isə frilanserin maya dəyərini artırmaqla iqtisadi daralmaya gətirib çıxarmağa nail olduq. Hər birimizi təbrik edirəm”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »