Mütəxəssislərin fikrincə, qarşıdakı 50 il ərzində süni intellekt, kosmik tədqiqatlar və yeni enerji texnologiyaları bəşəriyyətin həyat tərzini köklü şəkildə dəyişə bilər. Proqnozlara əsasən, Ay və Marsda daimi elmi bazaların yaradılması, kvant kompüterlərinin geniş tətbiqi və insanlarla təbii ünsiyyət qura bilən sosial robotların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi mümkün ssenarilər sırasındadır. Bununla belə, texnologiyanın inkişaf tempi çox vaxt gözlənilməz olduğundan gələcəyin necə formalaşacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Məhz buna görə də alimlər gələcəyi qəti nəticə kimi deyil, müxtəlif inkişaf ssenariləri əsasında qiymətləndirirlər.
- Bəs süni intellektin sürətli inkişafı insan həyatını daha çox asanlaşdıracaq, yoxsa yeni risklər yaradacaq?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafı artıq gələcəyin deyil, bu günün reallığıdır və qarşıdakı 50 ildə onun təsir dairəsinin daha da genişlənəcəyi gözlənilir. Onun sözlərinə görə, bu proses ümumilikdə insan həyatını asanlaşdıracaq, lakin yaranacaq yeni imkanlarla yanaşı risklərin də düzgün idarə olunması vacib olacaq.
"Tarix göstərir ki, hər böyük texnoloji inqilab ilk mərhələdə müəyyən narahatlıqlar doğursa da, uzunmüddətli perspektivdə iqtisadi inkişafı sürətləndirib, məhsuldarlığı artırıb və yeni peşələrin formalaşmasına şərait yaradıb. Süni intellekt də bu baxımdan istisna olmayacaq.
Yaxın onilliklərdə süni intellektin səhiyyə, təhsil, sənaye, logistika, kənd təsərrüfatı və dövlət idarəçiliyində qərarqəbuletmə proseslərini daha səmərəli hala gətirəcəyini gözləmək olar. Rutin işlərin avtomatlaşdırılması insanların daha yaradıcı və yüksək ixtisas tələb edən fəaliyyətlərə yönəlməsinə imkan verəcək. Xüsusilə fərdiləşdirilmiş təhsil, erkən tibbi diaqnostika, ağıllı şəhər həlləri və enerji səmərəliliyinin artırılması kimi sahələrdə süni intellekt cəmiyyət üçün ciddi faydalar yaradacaq", – deyə iqtisadçı bildirib.
Əli Səlimov vurğulayıb ki, müsbət tərəflərlə yanaşı, risklər də kifayət qədər ciddidir.
"Əmək bazarında peşələrin transformasiyası, kibertəhlükəsizlik təhdidlərinin artması, dezinformasiyanın daha mürəkkəb formada yayılması, şəxsi məlumatların qorunması və süni intellektin etik istifadəsi qarşıdakı illərin əsas çağırışları olacaq. Əsas məsələ texnologiyanın özündə deyil, onun hansı hüquqi, etik və institusional çərçivədə tətbiq olunacağındadır. Dövlətlər çevik qanunvericilik, beynəlxalq əməkdaşlıq və insan kapitalına investisiyalar vasitəsilə bu riskləri minimuma endirə bilərlər", – deyə o qeyd edib.
İqtisadçının fikrincə, 2076-cı ilə qədər süni intellektlə inteqrasiya olunmuş tam avtonom sistemlərin və insanlarla təbii ünsiyyət qura bilən sosial robotların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi real görünür.
"Eyni zamanda kvant kompüterlərinin müəyyən sahələrdə geniş tətbiqi, fərdiləşdirilmiş tibbin inkişafı, yeni nəsil enerji saxlama texnologiyalarının yayılması və Ayda uzunmüddətli elmi bazaların yaradılması da kifayət qədər real perspektivlərdir. Marsda daimi yaşayış məntəqələrinin qurulması isə daha mürəkkəb texniki və maliyyə problemlərinin həllindən asılı olduğuna görə daha uzun vaxt tələb edə bilər", – deyə Əli Səlimov bildirib.
İqtisadçı hesab edir ki, növbəti yarım əsrdə texnologiyalar təkcə iqtisadiyyatı deyil, bütövlükdə cəmiyyətin fəaliyyət modelini dəyişdirəcək. Bu dəyişikliklərin müsbət nəticə verməsi isə insanların yeni bacarıqlara yiyələnməsindən, dövlətlərin düzgün tənzimləmə siyasəti həyata keçirməsindən və texnoloji inkişafın insan maraqlarına xidmət etməsini təmin edən yanaşmanın formalaşdırılmasından asılı olacaq.
Onun fikrincə, gələcəyin qalibləri süni intellekti insanı əvəz edən deyil, insan potensialını gücləndirən bir alət kimi qəbul edən cəmiyyətlər olacaq.
İradə Cəlil, Bizimyol.info






