Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ankaradakı görüş zamanı Kiyevin Avropa İttifaqına (Aİ) üzv olmaq yolunda gələcək irəliləyişini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində bildirib.
"Kaya Kallası Ankarada görməyimə şad oldum. Son Rusiya hücumları və onların nəticələri barədə məlumat verdim. Moskvaya təzyiqlərin artırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin və ballistik təhdidlərdən qorunmasının kritik əhəmiyyətini vurğuladım. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə sülh səyləri və Avropanın bu prosesdəki rolu barədə məlumat verdim", - o yazıb.
Sibiqa həmçinin Ukraynaya verdikləri dəstəyə görə Kallasa və Aİ-yə təşəkkür edib.
Qeyd edək ki, Ankarada NATO ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçirilir.






