Yaxın Şərqdə güllə səslərinin azalması enerji bazarından yan ötməyib. Neftin qiyməti aşağı düşməyə başlayıb. İyulun 6-da günorta saatlarında “Brent”in bareli 72,78 dollara təklif olunurdu. Halbuki İran müharibəsinin qızğın çağında bu növ indikindən 1,8 dəfə baha satılırdı. “Brent” 126,41 dollara qədər bahalaşmışdı.
Bizimyol.info xəbər verir ki, neftin bir az da ucuzlaşacağı gözlənilir. Son günlərin xəbərləri buna eyham vurur. Ən diqqətçəkən məlumat odur ki, OPEK+ ölkələri hasilatı artırmağa hazırlaşır. Yeddi ölkə - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Oman, Qazaxıstan, Əlcəzair bu fikirdədir. Hələlik ortada rəsmi anlaşma yoxdur. Amma haqqında danışılan ölkələr məramını ortaya qoyub. Avqustun 2-də OPEK+ ölkələrinin növbəti yığıncağında məsələnin həllinin tapacağı ehtimal olunur.
Rusiyanınn neft hasilatını artırmağa çox ehtiyacı var. Neft emalı zavodları bir-bir sıradan çıxır, iqtisadiyyatda vəziyyət sürətlə pisləşir. Rusiya enerji məhsullarının ixracına çox ümid edir. Körfəz ölkələri isə İran müharibəsindən böyük əziyyət çəkib. Hörmüz boğazının uzun müddət bağlı qalması ixraca ağır zərbə endirib. ABŞ-İran sülh memorandumu vəziyyəti dəyişib. İndi daha çox neft ixrac etmək olar. Həm də müharibə dövründəki boşluqları doldurmaq zamanıdır.
Daha bir əhəmiyyətli xəbər odur ki, Səudiyyə Ərəbəsitanı nefti xeyli ucuz satmağa hazırlaşır. Hasilatın artırılması onsuz da başqa yol qoymur. Neftin qiyməti istər-istəməz aşağı düşəcək.
Bəs hasilatın artırılması, ucuzlaşma ehtimalı bizə nə vəd edir? Azərbaycanın bu məhsuldan böyük asılılığı sirr deyil. Qeyri-neft sektoru haqqında deyilən pafoslu sözlərə aldanmaq lazım deyil. Neft olmasa, Azərbaycan iqtisadiyyatı çökər. Qiymətin çox ucuz olduğu dövrü də unutmamışıq. Vəziyyət kəskin pisləşir. Bu mənada neftun ucuzlaşma ehtimalı bizə yaxşı bir şey vəd etmir. Büdcədə neftin bareli 65 dollardan qeyd olunub. Daha aşağı qiymət bizim üçün ağır günlər deməkdir.
Aytən, Bizimyol.info






