İsrail və Livan nümayəndələri arasında növbəti danışıqlar raundu gələn həftə İtaliyanın paytaxtı Romada keçiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə Qüdsdə keçirdiyi görüşdən sonra bildirib.
“İki həftədən də az əvvəl İsrail, Livan və ABŞ tarixi çərçivə sazişi imzalayıblar. Həmin danışıqlar gələn həftə İtaliyanın paytaxtı Romada davam etdiriləcək”, – deyə Saar İsrail Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirib.
Livanla təmaslardan danışan nazir İsrailin bütün qonşuları ilə sülhə can atdığını vurğulayıb. Onun sözlərinə görə, bu yolda əsas maneə İranın dəstəklədiyi şiə hərəkatı “Hizbullah”dır. Saar bildirib ki, təşkilatın Cənubi Livanda fəaliyyət göstərən silahlı dəstələri bölgədə sabitliyə təhlükə yaradır.
“Biz qonşularımızla, o cümlədən Livanla sülh istəyirik. Lakin sülh təhlükəsizlik prinsipi üzərində qurulmalıdır”, – deyə o qeyd edib.
İsrail XİN rəhbəri ölkəsinin Livana qarşı ərazi iddiası olmadığını da bildirib. Onun sözlərinə görə, İsrail ordusunun Cənubi Livanın bəzi bölgələrində mövcudluğu yalnız ölkənin şimal yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Saarın fikrincə, Livanın suverenliyini pozan tərəf İsrail deyil, “Hizbullah”dır. O iddia edib ki, təşkilat “dövlət daxilində dövlət” yaradıb və Livan ordusundan daha böyük hərbi potensiala malikdir.
Nazir hesab edir ki, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu “Hizbullah”ın silahlı potensialının aradan qaldırılmasıdır. Onun sözlərinə görə, bu, həm İsrailin təhlükəsizliyi, həm Livanın suverenliyi, həm də regional sabitlik üçün vacibdir.
Bizimyol.info






